İqtidarı vecinə almayan xaricdəki harın məmur uşaqları - onlar nəyə hazırlaşır? - siyahı

 

 


Tarix bizi inandıra bilməz ki, Kubadakı təminatlı ailələrdən çıxmış gənclərin inqilabçıya çevrilməsi bu coğrafiyada təkrarlana bilər.
Tarix bizi ona da inandıra bilməz ki, ilk burjua inqilabı baş vermiş Hollandiyanın XVI əsrinə qədərki dövrə oxşayırıq.
Yaxud Portuqaliyanın 1974-cü il 25 aprelidir Azərbaycan - intellektual solçu zabitlər “qərənfil inqilab”ın hazırlaşırlar. Xeyr, xeyr!
Bütün bunların tərsinə cərəyan edən proseslərin gedişindən çıxan qənaət odur ki, ölkə talançı məmurların “zadəgan” uşaqlarının əsirinə çevrilməkdədir. Onların ağılasığmaz lüks həyatlarını ataları belə yaşamayıblar.
Anaxeber.info yazır ki, bəsirət gözlərini bağlamış atalar oğullarının ucbatından xalqda hansı qəzəb, hirs yarandığını, təbəqələşmənin uçurumlu olduğunu hesablamırlar.
Uşağına çörək pulu tapa bilməyən yoxsul azərbaycanlı maliyyə naziri Samir Şərifovun oğlunun Türkiyədə “Kanqal” cins it bəsləməsi xəbərinə nə deməlidir?
Vaqonda çürüyən köçkün “Qaçqınkom” şefi olmuş Əli Həsənovun nəvəsinin “Galenvagen”lə harınlıqdan iki nəfəri öldürməsinə neyləməlidir?
 


Tək bunlar deyil, nümunələr çoxdur. Sadəcə, Avropada yaxtalar, otellər, şirkətlər açan məmur uşaqları xalqa deyil, həm də hakimiyyətə təhlükədir.
Avropa İttifaqının qarşısında prezident İlham Əliyevə səslənən bir qrup mühacirlərin önünü kəsib iqtidarı müdafiə etməli olan nazirlərin uşaqlarının nə vecinədir?!
Həmin vaxt onlar bəlkə də eyş-işrətdə, kef çəkməkdə olublar. Axı onların nəyinə lazımdır ki, atalarının iqtidarına kim qarşı çıxır. Əsas pul gəlsin.
Yadınızdadırsa, İ.Əliyev qudurğan məmur övladlarına sərt xəbərdarlıqlar edirdi. Kimisi avtoxuliqanlıq edir, kimisi adam öldürür, kimisi adam şillələyirdi. Bu qorxunc vəziyyət partlayışa səbəb ola bilərdi.
Amma görünür ki, onların Azərbaycandan ayağı kəsilsə də, indi Avropada qərarlaşıblar. Baxın, son aylarda neçə nazir-məmur balasının biznesi üzə çıxıb. Onların buradan gedişi kommersiya maraqlarından əlavə, həmin Qərb dövlətlərinin vətəndaşlarına çevrilməsi ilə nəticələnir.
Ölkə vətəndaşlığından imtina edirlər, ölkənin pullarını talayıb xaricdə sərvət toplayırlar, ölkənin nə milli, nə də iqtidarının maraqları naminə fəallıq nümayiş etdirmirlər. Bu halda erməni lobbisi bizi üstələməsin, neyləsin?!
Siyahıya baxın - səhiyyə naziri Oktay Şirəliyevin Rusiya vətəndaşları olan ailə üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Türkiyə vətəndaşı olan oğlu Məhəmməd Paşazadə, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun İngiltərə vətəndaşı olan oğlu Orxan Eyyubov bu ölkədən imtina ediblər.
 

İnvestisiya əsasında vətəndaşlığını verən İngiltərədə Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşının,  sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının hansı əsaslarla ikinci vətəndaşlıqlarını aldığı məlum deyil. Amma qanunla mümkündür. Bunun üçün 300-400 min avro xərc çıxır.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun təxminən 25 milyon dollar investisiya qoymaqla Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur. Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin də bir o qədər investisiya əsasında Britaniya vətəndaşlığını əldə etdiyi bildirilir.
 

 
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Böyük Britaniya vətəndaşıdır. Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərovun da Britaniya vətəndaşı olduğu bildirilir.
Gənclər və idman naziri Azad Rəhimovun yeganə oğlu Arif Rəhimovun da maliyyə vəsaiti hesabına Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar mövcuddur. Bu azmış kimi, məmur balaları adalar alır, kotteclərdə dincəlirlər.
Amma gözü çıxmış qardaşdan nümunə götürmürlər ki, hansı məmur balaları atalarının axırına çıxıb.
Artıq məmurların qudurğanlığı o həddə çatıb ki, nəinki məmur balaları və nəvələri, üstəlik icra başçılarının müavinləri və onların övladları da qudurub. Bəli, özləri və övladları. Bu atalardan soruşmaq lazımdır ki, bu övladları bu cür maşınlara necə sahiblənir.
Əldə etdiyimiz xəbərə görə, ölkənin məmur korpusunun nəzərinə çatdırılıb ki, sentyabrdan iqtidarın daxili siyasətində yeni strategiya yürüdüləcək.
 

Bu siyasi kursa zidd fəaliyyət göstərən qüvvələr komandadan qovulacaq və onlara amansız münasibət nümayiş etdiriləcək.
Necə ki, bu günə qədər neçəsi ağır şəkildə cəzalandırılıb və prezident gözünü qırpmadan onlara lazımi yerini göstərib.
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib.
Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi.
Belə görünür ki, qudurğan balalar ataları işdən çıxarılandan sonra da puldan korluq çəkmirlər və əvvəlki kimi arxayındırlar. Yeni tendensiya isə onların vətəndaşlıqdan çıxaraq xarici ölkə vətəndaşı olmalarıdır. Burjua uşaqları nəyə hazırlaşırlar? – Maraqlıdır...
 




шаблоны для dle 11.2
Tarix: 28-06-2019, 09:00




Xəbər lenti