Məzlumların ahı üzərində qurulan Ramiz Zeynalov imperiyası – “Polis haqqında Əsasnamə” necə pozulur?


  

Ölkə başçısı İlham Əliyevin son zamanlar hakimiyyət orqanlarında apardığı struktur və kadr dəyişikliyi istiqamətində islahatları əhalidə gələcəyə inam yaratdı. Hər kəs bu islahatların daha da dərinləşməsini gözləsə də, işdən azadolunma fərmanlarının arxasının kəsilməsi və bir çox vəzifədən qovulmuşların yenidən başqa postlara təyin olunması isə artıq cəmiyyətimizdə birmənalı qarşılanmır. Açıq etiraf edək ki, bəzən bu hallar xəyal qırıqlığına belə yol açır.

Ovqat.com xəbər verir ki, Prezidentin güc strukturlarında kadr dəyişikliyi ilə başlayan islahatlarında ilk addımı DTX və DİN-nin rəhbər postlarına yeni simaların gətirilməsi oldu.

 

İstər DTX sədri Əli Nağıyevin, istərsə də Daxili İşlər naziri Vilayət Eyvazovun peşəkarlığı və təcrübəsi həm istefada olan təhlükəsizlik və polis əməkdaşları, həm də siyasi partiya rəhbərləri tərəfindən yüksək qiymətləndirildi. Hər kəs bu şəxslərin yeni postlara gətirilməsindən sonra müvafiq orqanlarda ciddi kadr islahatlarının aparılacağına böyük ümid bağladılar. DTX prinsip etibarilə ictimaiyyətə bağlı qurum olduğundan orada aparılan kadr islahatları barədə çox da məlumatlı olmayan ictimaiyyətimiz yeni Daxili İşlər naziri Vilayət Eyvazovun bəzi əmrlərinə xeyli sevindi də. Əhalidə xüsusilə, DYP İdarəsində ciddi kadr dəyişikliyi gözləntisi var idi ki, cənab nazirin təyinatından dərhal sonra çıxardığı bəzi əmrlər bu gözləntiyə tam cavab verirdi. Belə ki, bu ilin avqust ayının 12-də DYP İdarəsinin müavini polis polkovniki Mübariz Şahbazov yaş həddilə əlaqədar işdən azad edildi. Mübariz Şahbazov həm də idarənin Qeydiyyat-İmtahan İdarəsinin rəisi idi və nazirin ikinci mühüm addımı onun müavini polkovnik Müşfiq Rəhimov barədə oldu və o da işdən uzaqlaşdırıldı. Hər kəs növbənin artıq DYP rəisi Ramiz Zeynalova gəldiyini düşünsə də, hələ ki, bu gözlənti özünü doğrultmayıb.

 

Ramiz Zeynalovun işdən uzaqlaşdırılmasının ictimai gözləntiyə çevrilməsi əsassız deyil. Bu gözlənti iki əsas arqumentə söykənir. Əvvəla, 24 ildir bu vəzifədə əyləşən R.Zeynalov xidməti yaş həddini çoxdan doldurub. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 8-ci fəslinə görə, hər bir polis əməkdaşının xidməti yaş həddi var. Əsasnamədə polkovnik rütbəsində xidməti yaş həddi 55+5 yaş, general-mayor rütbəsində isə 60+5 yaş müəyyən olunub. Polis general-mayoru rütbəsini daşıyan Ramiz Zeynalov isə 1951-ci ilin 19 fevralında anadan olub. Deməli, 68 yaşını 9 ay əvvəl tamamlamış DYP sədri  ən geci 3 il, 9 ay əvvəl bu postu tərk etməli idi. O isə indiki postunu tutmaqla faktiki “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”ni pozur, halbuki hüquq mühafizə orqanları qanuna hörmət sahəsində cəmiyyətə örnək olmalıdırlar. Axı necə ola bilər ki, müavini yaş həddinə görə, işdən uzaqlaşdırılır, özü isə hələ də ağır daş olub yerindən tərpənmir?

 

 Üstəlik, Ramiz müəllimin səhhətində də müəyyən problemlərin yaşandığına dair söyləntilər var və ağır iş tempi generalın özü üçün də həyatı risk daşıyır.

R.Zeynalovun yaxın günlərdə vəzifəsi ilə vidalaşması gözləntisinə yol açan digər arqument isə barəsində irəli sürülən iddialardır. Sirr deyil ki, ölkədə boğaza qədər korrupsiyaya bulaşmış qurumlar arasında ən çox adı hallanan DYP-dir və bu vəziyyətin yaranmasında birbaşa R.Zeynalov günahlandırılır. Bir çox hallarda hətta hakimiyyətdəki havadarlarına güvənərək Daxili İşlər nazirinə belə hesabat verməməkdə ittiham olunan Ramiz Zeynalovun 24 illik rəisliyi dövründə böyük iqtisadi qüdrətə sahib olduğu bildirilir və bu amil də onun DYP ilə vidalaşmasının ən vacib şərti kimi göstərilir.

 

Onun barəsində redaksiyamıza göndərilən məktublarda da bu məqam xüsusilə qabardılır. İddia olunur ki, Azərbaycanda 166 nişan nömrəsi bu adamın adına “rəsmiləşdirilib”. Yəni paytaxtda, müxtəlif şəhər və rayonlarda gördüyünüz bütün 166 nömrəli maşınların hamısı Ramiz Zeynalova aiddir.

“Bura daxildir: Evakuatorlar, yükdaşıyan Şaqmanlar ( iri tonnajlı maşınlar), Daymanlar (maşın, texnika daşıyan avtomobil), yük taksiləri və s. Bu maşınların gecə-gündüz istənilən yük altında şəhərə girişinə heç bir qadağa yoxdur”, - redaksiyamıza göndərilən məktubda belə deyilir.

 

İddialara görə, DYP-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi və müavinin işdən uzaqlaşdırılması da Ramiz Zeynalova yarıyıb. Belə ki, bundan sonra sürücülük vəziqələrinin pulla satılacağına son qoyulacağı güman olunsa da, sözügedən gözlənti elə gözlənti olaraq da qalır. Sürücü vəsiqələri yenə əvvəlki qaydada imtahasız-filansız satılır və əldə olunan gəlir qəpiyinə də toxunulmadan idarənin ən yüksək şəxsinin  kassasına yığılır. Əvvəllər bölgüdə Ramiz Zeynalovun müavininə və müvafiq idarənin digər əməkdaşlarına nəsə çatırdısa, indi DYP sədri bu qənimətin şəriksiz sahibi durumundadır.  

 

Bildirilir ki, sürücü vəsiqəsi vermək üçün təşkil olunan “imtahanlar”da ciddi təhlükəsizlik tədbirləri görülür. DYP-nin yazılmamış təhlükəsizlik qanunları:

***

Vəsiqələr verilərkən içəriyə telefonu təhvil vermədən keçmək olmaz. Çünki rüşvət istəyənin səsini yazıb, cənab Zeynalova problem yarada bilərsən.

Avtomobilinizin sənədləşdirilməsi, nömrə nişanı alan zaman da içəridə tək olmalısan və qapı bağlanmalıdır ki, alış-veriş zamanı heç bir şahid olmasın.

Rəsmi qiyməti 500-1500 manat arasında dəyişilən bahalı  nömrə nişanları bəzən 50 000 manata satılır və bu heç kimə sirr deyil. Belə çıxır ki, nömrə nişanlarından Ramiz Zeynalov dövlətdən 50 dəfə, bəzi hallarda hətta 100 dəfə çox qazanır.

Radar aparatlarından yığılan milyonlarla manat vəsaitin dövlət büdcəsinə köçürülüb-köçürülməməsi sirr olaraq qalır. Çünki bu iş Ramiz Zeynalovun riski sevən oğlanlarına həvalə edilib”.

***

 

Məktub müəllifi iddia edir ki, Azərbaycanda dünya standartlarının çox-çox üzərində olan avtomobil qəzalarının və sürücülərdə yol mədəniyyətinin formalaşmamasının bütün günahı DYP-də və onun rəisi Ramiz Zeynalovdadır. Çünki həyati əhəmiyyət daşıyan sürücülük vəsiqələri bu ölkədə rüşvətlə satılır. İstənilən adam 1500-2000 manat verməklə bu vəsiqəni əldə edə bilər. Halbuki, dünyanın bütün ölkələrində sürücülük xüsusi bir peşə kimi qəbul edilir və məktəblərdə bu peşənin sirləri tələbələrə öyrədilir. Bizdə isə sürücülük eşqinə düşənlərin heç psixoloji durumuna belə baxmadan onlara vəsiqə satırlar: “Necə deyərlər, təki bazar olsun. Sonra da Ramiz Zeynalov və onun işçiləri sürücülərin peşəkarlığının çox aşağı səviyyədə olduğundan, avtomobil qəzalarının, ölüm hadisələrinin məhz bu səbəbdən baş verdiyindən gileylənirlər. Daha demirlər ki, bu hadisələrin əsas günahkarı peşəkar olmayanlara sürücü vəsiqəsi verən bizik”.

 

Avtomobillərin texniki baxışdan keçirilməsinin rəsmi qiymətinin 20 manat olduğunu bildirən şikayətçi DYP-də bu sahədə də yazılmamış qaydalarının daha çox keçdiyini bildirir: “Ancaq Ramiz müəllimin qoyduğu qayda da var və DYP-də dövlətin yox, Ramiz müəllimin şələsi fılrlanır. Ramiz Zeynalovun texniki baxış prinsipləri belədir: “100 manat xərcləsən, bu işi rahat başa vura bilərsən. Yox əgər dirəşsən, səs-küy qaldırsan, "həyasızlıq" etsən, diribaş olsan, bəlkə də, 50 manata da işi aşırmaq olar. Amma bu işi rəsmi rüsumla həll edəcəyini gözləyirsənsə, get-gələ salına-salına daha çox xərcin və zamanın çıxar””.

 

Məktub müəllifi DYP-dəki “xırda-para” məsələlərdən də bəhs edərək yazır: “Ay Ramiz müəllim, xalqın gücündən qorxmursan, heç olmasa, ahından qorx. Sənin öz şəxsi mənfəətin sayəsində sürücü etdiyin qeyri-peşəkarların səhvləri nəticəsində hər gün neçə-neçə insanın həyatına son qoyulur. Nə qədər uşaq valideynsiz, nə qədər valideyn övladız qalır. Bəs onların ərşə dayanan qarğışları kimin üzərinə yazılacaq? Axı məşhur bir söz var: “Çəkmə məzlumun ahını, çıxar ahəstə-ahəstə”.

Mən hələ yollarda sürücülərdən yığılan pullardan danışmıram. Çünki bu, uzun bir söhbətin mövzusudur. Gərək bir gün o söhbəti də qələmə alam”.


http://ovqat.com/manset/34246-mzlumlarn-ah-uzrind-qurulan-ramiz-zeynalov-imperiyas-polis-haqqnda-sasnam-nec-pozulur.html


шаблоны для dle 11.2
Tarix: 25-11-2019, 17:19




Xəbər lenti