Türkiyədə koronavirus yayılmağa başlayıb: Azərbaycanlı tələbələr isə İstanbul hava limanında sərkərdan vəziyyətdə

 

  

Son 24 saatda Türkiyədə 5 nəfər koronavirusdan ölüb. Bununla da Türkiyədə sözügedən xəstəlikdən ölənlərin sayı 9 nəfərə yüksəlib.

Ovqat.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünü sosial media hesablarından paylaşdığı məlumatda bildirib.

Məlumata görə, bir sutka ərzində 656 şübhəlidən analiz alınıb. Onlardan 311-nin koronavirusa yaxalandığı məlum olub. Nəticədə Türkiyədə koronavirus xəstələrinin sayı 670-a çıxıb.

Nazirin bildirdiyinə görə, ölən 9 nəfərin hamısı yaşlılardır: “Yaşlılarımızı qoruyaq!",-deyə nazir Türkiyə xalqına xəbərdarlıq edib.

Qeyd edək ki, Türkiyədə istər ölüm, istərsə də xəstəliyə yoluxma hallarında dünən qeydə alınan faktlar indiyə qədərki ən yüksək göstərisici olub. Ölkədə koronavirusla mübarizəyə başlayandan bəri cəmi 4 nəfər dünyasını dəyişmişdisə, təkcə dünən 5 nəfər həyatla vidalaşıb. Eynilə təsbit olunan xəstə sayında da ciddi artım var. Dünənə qədər 350, təkcə dünən isə 311 nəfər.

 

Bu isə ölkədə koronavirusun getdikcə yayılma ehtimalını ağla gətirir. İstər Çin, istər İran, istərsə də İtaliya təcrübəsi göstərir ki, koronavirus həndəsi silsilə ilə yayılır. Bu yayılmanın qarşısını almaq üçün xəstələr mütləq karantin altına alınmalı, sağlamlar isə maksimum dərəcədə çölə-bayıra çıxmamalıdır. Başqa sözlə desək, xəstə və ya sağlamlığından asılı olmayaraq, dərmanı hələ kəşf olunmayan koronavirusdan ən yaxşı qorunma metodu izoliyasiyadır. Çünki ən çox yayılma halları insan qələbəliyinin olduğu yerlərdə baş verir.

Nə yazıq ki, İstanbulun hava limanında minlərlə vətəndaşımız koronavirus təhlükəsi ilə üz-üzədirlər. Xəstəliyin getdikcə yayıldığı müşahidə edilən Türkiyədə tələbələrimiz hər gün onminlərlə insanın hərəkət etdiyi hava limanında skameykalarda yatıb qalxır, ac-susuz Bakıdan onların arxasınca gedəcəyinə inandıqları təyyarələri gözləyirlər. Təyyarə isə gəlmək bilmir.

 

Ən pisi isə odur ki, təyyarənin nə zaman gələcəyini nə AZAL-ın yerli bürosunda, nə Azərbaycanın Baş Konsulluğunda bilən var. Tələbələrin bu barədə suallarını cavablandıran Baş Konsulluq onlara yalnız uçuşa 2 saat qalmış məlumat verə biləcəklərini bildirir. 2 saat isə İstanbulun özündən hava limanına getmək üçün sərf olunan zamandır. Üstəlik, tələbə və digər vətəndaşların bilet almaq, qeydiyyatdan keçmək, minik zamanını gözləmək problemi də var. Dolayısıyla Baş Konsulluğun bu cavabı vətəndaşları vaxtından əvvəl hava limanına çağırmaq deməkdir. Nəzərə alsaq ki, hava limanında artıq 4 gündür təyyarə gözləyən yüzlərlə tələbə var, bu həm də vətəndaşlarımızı onlarla rəqabətə girməyə - vaxtından əvvəl hava limanında olmağa və elə oradaca skameykalarda yatıb qalxmağa vadar edir. Onu da əlavə edək ki, tələbələrin böyük əksəriyyəti İstanbuldan kənarda təhsil alırlar və bu da onların qarşısında hava limanında gecələməkdən başqa alternativ qoymur.

 

Aldığımız məlumata görə, tələbələrə martın 21-də təyyarənin gələcəyi bildirilib və 1000-dən artıq tələbə öz adını siyahıya saldırıb. Bu da İstanbul hava limanında bu gün Azərbaycanlı tələbələrin qat-qat artacağına işarədir. Üstəlik, sayları heç də onlardan az olmayan digər vətəndaşlarımız da var. Onlardan bəzilər turistik səfərə, bəziləri isə iş dalınca İstanbula gediblər. Daha sonra sərhəd-keçid qapılar bağlandığından qarşılarında geri qayıtmağın yeganə yolu qalıb – təyyarə ilə uçmaq. Həmin vətəndaşların da bu gün İstanbul hava limanına axın edəcəyi gözlənilir.

Bir sözlə, bu gün İstanbul hava limanı azərbaycanlılarla qaynayacaq. Onların koronavirusa yaxalanmamaq sığortası isə yoxdur. Görünür, AZAL rəhbərliyi vətəndaşlarımızı koronavirusa yoluxdurmadan ölkəmizə qaytarmaq fikrində deyil. Əks halda Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə baxmayaraq, AZAL rəhbərliyinin hələ də İstanbuldakı tələbə üçün təyyarə ayırmamasını başqa cür izah etmək olmur.

шаблоны для dle 11.2
Tarix: 21-03-2020, 10:23




Xəbər lenti