Manatın 2017-ci il “sərgüzəştləri: Bir qərarla başlayacaq

Manatın 2017-ci il “sərgüzəştləri: Bir qərarla başlayacaq FES uçot dərəcəsini aşağı sala bilər

Rəşad Həsənov: “İstənilən halda 2017-ci ildə manat ucuzlaşacaq”


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) dekabrın 14-də iki gün davam edən iclasından sonra uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb. Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə daha da təkan verir.Heç şübhəsiz, dolların möhkəmlənməsi manatın məzənnəsinə təzyiqi artırır.Bunun ardınca FOMC bəyan edib ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər.Hətta “FİTCH” reytinq agentliyinin proqnozlarına görə, 2017-ci ildə dolların faiz dərəcəsi 1.25 faizə qalxa bilər.

Artıq Amerika mətbuatında Federal Ehtiyat Sisteminin (FES) yaxın zamanda faiz dərəcəsini aşağı salması barədə fikirlər səslənir.Amerikalı maliyyəçilər bildirir ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq.Bu isə FES-in siyasətini alt-üst edə bilər.Nəticədə bazarda, o cümlədən, dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq.FES uçot dərəcəsinin azaldılacağı təqdirdə manatın aqibəti necə olacaq?
Manatın 2017-ci il “sərgüzəştləri: Bir qərarla başlayacaq

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, FES-in 2017-ci ildə həyata keçiriləcək görüşlərdə uçot dərəcəsinin azaldılması ilə bağlı hələlik heç bir iqtisadi simptom yoxdur:

“FES-in 2016-cı il üçün son toplantısında çıxan nəticələr eyni zamanda 2017-ci il üçün gözləntilərdə 3 toplantıda faiz dərəcəsinin artırılması ehtimalı kifayət qədər yüksəkdir. Təbii ki, bu, ümumi qiymətləndirmədir.Hesab edirəm ki, bu üç dəfə baş verməyəcək, təxminən 2015-2016-cı illərdə olduğu kimi bir dəfə uçot dərəcəsi artırılacaqdı.Cari hesablamalar nəzərə alına bilər.Bu da ən yaxşı halda uçot dərəcəsinin iki dəfə artırılmasına gətirib çıxaracaq.Amma uçot dərəcəsinin hələlik azaldılması ilə bağlı ciddi ehtimallar görülmür.Nəzərə alaq ki, yeni prezident seçki kampaniyası dövründə uçot dərəcəsinin artırılmasının tərəfdarı olaraq öz mövqeyini ortaya qoyub.Hətta bu fəaliyyət üçün lobbiçilik edəcəyini də vəd verib.Bu isə o deməkdi ki, xüsusilə, 2017-ci ildə faiz dərəcəsinin azaldılması ehtimalı sıfırdır”.

Uçot dərəcəsi azaldılarsa, manat aqibətinin necə olacağına gəlincə, ekspert deyib ki, bu, heç də manatın möhkəmlənməyinə gətirib çıxarmayacaq:“Dünya bazarlarında dolların səviyyəsinin bir qədər yumşalması, Azərbaycanda da manat üzərində təxminən 3 faizlik təzyiq azaldılması müşahidə oluna bilər. Amma bu heç bir halda manatın məzənnəsində yenidən möhkəmlənməyə səbəb olmayacaq. Əgər dollar ucuzlaşarsa, neftin qiymətində müəyyən qədər bahalaşmaya səbəb ola bilər. Bu da orta və uzunmüddətli dövrdə ölkəyə daxil olan valyutanın həcminə müsbət təsir göstərər.

Həm uçot dərəcəsinin dəyişdirilməsi, həm də neftin qiymətində bu səbəbdən qaynaqlanan artımlar hazırkı vəziyyətdə manatın məzənnə dinamikasının möhkəmlənməsinə səbəb olacaq faktorlar sayıla bilməz.İstənilən halda manat 2017-ci ildə ucuzlaşacaq.Bu, dünya bazarlarında dolların mövqeyindən asılı olmayacaq.Bu azalma Azərbaycanda tədiyyə balansında sabitləşmənin müşahidə edildiyi dövrə qədər baş verəcəkdir.Burda ya ölkəyə daxil olan valyutanın həcmi artmalıdır, yaxud da ölkədən çıxan valyutanın həcmi azalmalıdır.Bu iki mühüm parametr üzərində bundan sonrakı iqtisadi və monitar siyasət davam etdirilməlidir”.

Yeganə Oqtayqızı
Tarix: 28-12-2016, 22:52




Xəbər lenti