Tamaşa cəmiyyətinin janqlyorları: iqtidar seçki ilində gündəmi necə körükləyir?

Tamaşa cəmiyyətinin janqlyorları: iqtidar seçki ilində gündəmi necə körükləyir?

Hakimiyyət seçki ilinin ilk ayının gündəminə süni nəfəs aparatı qoşub.
Siam.Az-ın Təhlil Qrupu yazır ki, yanvarda medianın manşetlərini iki hadisə bəzədi.
Müsavatın keçmiş başqanı İsa Qəmbərin səhhəti üzərində qurulan manipulyasiyalar və iki qeyri-ciddi Feysbuk adamı - Şəhriyar Gerani ilə Kəramət Böyükçölün fikirləri şou-biznes xidməti göstərdi.
Cəmiyyət üçün kifayət qədər ciddi görünən bu hadisələrin müzakirəsi o dərəcədə dayaz və sonuncu dərəcəli məsələ idi ki, iqtidar vəziyyətdən gözəl yararlandı.

İ.Qəmbərin xəstəxanaya yerləşdirilməsi faktı üzərində iqtidar elə bir obıvatel tamaşa düzənlədi ki, guya ona illərdir müxalifətdə olan bir partiya sədrinin də səhhətindən narahatdır, qayğısına qalır, heç bir ayrı-seçkilik qoymur və vətəndaş kimi yanaşır. YAP-çı deputat Siyavuş Novruzov İ.Qəmbərə dövlətin hər bir dəstək verməyə hazır olduğunu bəyan etdi.
Gündəmdə bu olayla qoşa addımlayan isə Kəramət Böyükçöl adlı bir sayt jurnalistinin Xəlil Rza Ulutürk haqda söylədiyi fikirlərin sərt təpki yaratması oldu.
Hökumətdəki nazirlərdən birinin yemlədiyi saytda işləyəsən, verdiyi maaşla evinə çörək pulu aparasan, amma Xəlil Rzanın əqidəsinə, keçdiyi məşəqqətli yola, oğlunu şəhid verməsinə dırnaqarası baxasan. Yəqin ki, tarix belə miskin varlıq görməyib...
Eyni ərəfədə Şəhriyar Gerani adlı Feysbuk şairinin bazar, market qalmaqalı, sonra bunu uydurmasının üzə çıxması, özünün də etiraf etməsi müzakirələrə səbəb oldu.
Yəni, baş qatmağa yetərincə mənasız mövzular var və özünü intellektual hesab edən bu şəxslərin əslində, Rəksanə və s. şou əhlindən fərqli olmadıqları isbatını tapır.
Bu hadisələrdən dividendlə çıxan və qeyri-ciddi qalmaqalları körükləyən iqtidar mənsublarının amalı seçki ilində cəmiyyətin başının mümkün qədər mənasız işlərə qarışmasına nail olmaqdır.
Təbii ki, fevralda da sosial şəbəkə “qəhrəman”ları meydana çıxacaq, müxtəlif məişət mövzuları tirajlanacaq, insanları qıcıqlandıran, etiraz enerjisini yersiz istiqamətlərə xərcləyən qüvvələr ortaya atılacaq, ayrı-ayrı səviyyəsiz şou adamlarının timsalında ölkənin diqqəti əsas hadisələrdən yayındırılacaq. \
Belə demək olarsa, bu və ya digər şəkildə iştirakı olmadan, sifariş yerinə yetirmədən belə bəzi personajlar hakimiyyətin əlinə elə gözəl oynayırlar ki, mühüm mövzular unudulsun.
Siam.Az-ın Təhlil Qrupu yazır ki, seçki ilinin gərgin keçəcəyi yay və payız aylarında hiss olunacaq.
Amma hakimiyyət hər an fors-major vəziyyət yaranacağından narahatdır. Çünki Qərb və Rusiya rəsmi Bakının üzünə gülsə də, arxasınca hər seçki ərəfəsində iş çevirir.

Bu il Azərbaycanda seçki ilidir. Ölkədə prezident seçkilərinin keçirilməsinə faktiki olaraq bir neçə ay qalsa da, bu mövzu demək olar ki, gündəmdə yoxdur. Əvəzində isə qeyri-siyasi mövzular gündəmdə körülənir.
Mürəkkəb proseslər gedəcək. Bu prosesləri ayırmağa çalışmaq lazımdır. Bəzən bu süni gündəm məsələsi müxalifət tərəfindən yaradılır.
Bu da ola bilsin ki, müxalifətin hakimiyyətin qüvvələri ilə əməkdaşlığı nəticəsində yaranır. Müxalifət süni gündəmin yaradılmasına imkan verməməlidir.
Növbəti prezident seçkisinin 2018-ci ilin oktyabrında, yoxsa növbədənkənar seçki təyin edilərək mart ayında keçirilib keçirilməyəcəyi məsələsi hələ də siyasi dairələrdə müzakirə mövzusu olaraq qalmaqdadır.
Qeyd edək ki, növbədənkənar seçkinin keçirilməsi ehtimalının olduğu haqda hələ 2016-cı ilin sentyabrında referendum keçirilib prezidentlik müddətinin 5 ildən 7 ilə artırıldığı zaman danışılırdı.
Bu barədə söz-söhbətin miqyası sürətlə genişləndiyi vaxtda prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində demişdi ki, növbədənkənar seçkilərdən söhbət gedə bilməz.
Prezidentin bu bəyanatı növbədənkənar prezident seçkiləri məsələsini gündəmdən çıxardı. Bir ildən artıq müddətdə bu mövzu demək olar ki, dilə gətirilmirdi. Lakin seçki ilinin yaxınlaşması məsələni yenidən gündəmə gətirdi.
Xüsusilə də hakimiyyətə yaxınlığı ilə tanınan deputat Zahid Orucun “mart ayında prezident seçkisi keçirilsin” təklifi ilə çıxış etməsi növbədənkənar seçki mövzusunu günün aktual mövzusuna çevirdi.
Hər kəsdə belə bir fikir yarandı ki, harada, nə zaman, necə danışmağı kifayət qədər dəqiq bilən Zahid Oruc belə bir ciddi təklifi təsadüfən irəli sürməzdi.
Hətta belə fikirlər də irəli sürüldü ki, deputat hakimiyyətin mətbəxində müzakirə olunan və hazırlığına başlanan məsələni yuxarıların razılığı ilə gündəmə gətirib…Gözləyək, görək…

Siam.az
Şamxal
шаблоны для dle 11.2
Tarix: 17-01-2018, 09:07




Xəbər lenti