“Əgər vətəndaşın işi milli valyutanın kursunu gözləmək olacaqsa, bu, ağır nəticələrə yol aça bilər”- ZAHİD ORUC

“Əgər vətəndaşın işi milli valyutanın kursunu gözləmək olacaqsa, bu, ağır nəticələrə yol aça bilər”- ZAHİD ORUC Manatın bazarda real dəyərini hələ də almaması insanları gözləmə mövqeyində tutmağa vadar edir ki, bu da öz növbəsində qeyri-sabitliyə yol açır.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti ilham Əliyevin hökumətin iclasında bank sektorundakı böhranlı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün ölkə iqtisadiyyatında, xüsusən də, bank-maliyyə sistemində yaranmış vəziyyət sadə vətəndaşdan tutmuş investora və xarici iş adamınadək hamını gözləmə mövqeyini tutmağa vadar edir ki, bu da, öz növbəsində avtomatik olaraq manatın məzənnəsinə təsir edir:

“Qeyri-sabitlik yaradır. İnsanları aktiv proseslərdən kənarda qoyur. Bu da şübhəsiz büdcə gəlirlərinə mənfi təsir edir”.
Millət vəkili hesab edir ki, hökumət üzvləri ölkə başçısının bank-maliyyə sektoru ilə bağlı verdiyi mesajlardan nəticə çıxaracaq və qısa müddətdə əvvəlki fəallığı bərpa edəcək.
“Ümidvarıq ki, 2017-ci ilin ortalarınadək bu sahədki boşluqları doldurmaq mümkün olacaq. Yəni, adi vətəndaşdan tutmuş iş adamınadək hər bir şəxs hər gün səhəri açıb birja və ya Mərkəzi Bankın keçirdiyi hərraclarda kursu gözləməyəcək. Yox, əgər insanın işi milli valyutanın kursunu gözləmək olacaqsa, bu, çox ağır nəticələrə yol aça bilər.
Baxmayaraq ki, bu gün dolların kursunun mövqeyinin möhkəmlənməsi nəticəsində əksər ölkələrin milli valyutaları təzyiqlərə məruz qalıb. Lakin onlarda hökumətin aldığı çevik qərarlar hesabına sosial itkilər miqyasca çox aşağı olub. Baxın, Türkyə bu gün bir neçə cəbhədə savaş aparır. Bununla bərabər lirə öz kursunu itirsə də, əhalinin vəziyyəti bundan hamının gözlədyi qədər pisləşmir. Niyə görə?! Çünki iqtisadi bazis güclüdür. Bu prosesə çevik uyğunlaşma formalaşıb”- deyə, millət vəkili vurğulayıb.
Z.Orucun fikrincə, bu baxımdan da, manat obrazlı desək, Azərbaycanın sabitliyinin kursudur:
“Bu üzdən də ölkə əhalisinin şərq mentallığını nəzərə alaraq deməliyik ki, bu gün 2017-ci ilin reallığında hökumətin iqtisadu strukturları üçün ən başlıca vəzifə məhz bununla bağlı tədbirlərdir. Ona görə də hökumətin iqtisadi bloku görəcəyi tədbirlər nəticəsində manatı sabitləşdirmək mümkün olacaq”.
Millət vəkili əlavə edib ki, banklar öz funksiyalarını icra etməyə başlarlarsa, o zaman “qara bazar” da öz-özlüyündə aradan çıxmış olacaq:
“Çünki vətəndaş xarici valyuta tapa bilməyəndə alternativ ünvanlar axtarır. Belə xoşagəlməz halların qarşısını almaq üçün əvvəlkitək banklarda dollar satışı bərpa edilməlidir və bu yolla həm mexaniki, həm də hüquqi cəhətdən “qara bazar”-ın ləğvinə nail olmaq olar. Bu yol ən asan yoldur. Hökumət bu prosesə dəstək verməlidir. Əgər banklar, əvvəlki funksiyalarını icra etməyə şərait yaradılarsa, mərhələli şəkildə, qısa zaman müddətində tam formada dollar satışını bərpa edə biləcəklər”.
Millət vəkili bildirib ki, bu istiqamətdə hökumətdə qərar möcvcddur:
“Hesab edirəm ki, bu sahəyə yaradılacaq şərait sayəsində bank-maliyyə sistemindəki mənfi tendensiyalar bir neçə ayda aradan qalxacaq”.
Millət vəkili deyib ki, ölkə başçısının ölkənin bank-maliyyə sektorunda baş verən real prosesləri rəsmi qaydada dilə gətirməsi müsbət haldır:
“Hesab eirəm ki, ölkə başçısının bu çıxışından hökumət üzvləri, xüsusən iqtisadi və maliyyə, bank sektoruna rəhbərlik edən şəxslər ciddi nəticələr çıxaracaqlar. Əminəm ki, bu məsələ ilə bağlı mühüm qərarlar alınıb. Aidiyyatı qurumlar bank-maliyyə sektorundakı fəallığı qısa zamanda bərpa edəcəklər”.
Tarix: 11-01-2017, 16:15




Xəbər lenti