“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”

“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək” İmam Hüseyn məscidinin rəhbəri dövlət rəhbərliyini parlamentdə deputatların İslam, Aşura əleyhinə çıxışlarının qarşısını almağa çağırdı...

Ötən cümə günü İşərişəhər Cümə məscidində Kərbəla şəhidlərinin xatirəsinə ehsan süfrəsi açıldı.


Moderator.az xəbər verir ki, ehsan süfrəsini İmam Hüseyn məscidinin rəhbəri, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül təşkil edib. (Xatırladaq ki, hazırda İmam Hüseyn məscidində Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyevanın göstərişi ilə və fondun ayırdığı vəsait hesabına geniş təmir işləri aparılır-S.L.). Qafqaz Müsəlmanları Ruhani idarəsinin sədr müavini Hacı Tahir, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay və digər din xadimləri və ziyalıların iştirakıyla keçən tədbir İmam Hüseyn əleyhissəlam başda olmaqla Kərbəla şəhidlərinin ruhuna dualar, mərsiyələr oxunmaqla başlandı. OMİ sədrinin müavini Hacı Tahir Kərbəla şəhidlərinə dair mərsiyə və moizələr oxudu.
Tədbirdə çıxış edən İmam Hüseyn məscidinin rəhbəri Hacı Əbdül qonaqları, məscidin daimi namaz əhlini, gəncləri salamladıqdan sonra İmam Hüseynin(s), digər Kərbəla qəhrəmanlarının Allah, İslam, bəşəri dəyərlərin müdafiəsi yolunda göstərdikləri misilsiz şücaətdən bəhs etdi. O, 1400 ilə yaxın unudulmayan Kərbəla qəhrəmanlığının bundan sonra min illər keçsə də, unutdurula bilməyəcəyini ifadə etdi.

Hacı Əbdül hətta sovet dövründəki bütün basqı və təzyiqlərə rəğmən Azərbaycan xalqının qəlbindən silinə bilməyən İmam Hüseyn (s), Kərbəla sevgisini bu gün xaricdən dəstəklənən bəzi güclərin silməyə cəhd etməklərindən də danışdı. Din xadimi son dövrlərdə bir sıra özlərini ziyalı hesab edənlərin, deputatların bəzi KİV-də, eləcə də parlament tribunasından İslama, xüsusən Aşura, Məhərrəmlik mərasimlərinə qarşı sərgilədikləri tam qərəzli mövqelərini kəskin tənqid edərək belə dedi: ”İmam Əli əleyhissəlam buyurur ki, işlər şübhəli göründümü, ağılla düşünərək təcili qərar çıxart.... Son vaxtlar Məhərrəmlik əzadarlıqlarına qarşı təzyiq və basqıların haraya aparıb çıxaracağını dərindən düşünsək, hər şey bizə aydın olar. Çox məntiqsiz qadağalar qoyulur. Məsələn, icra başçıları qərar verirlər ki, məscidlərə qara bağlamayın, qara bayraq asmayın. İmam Hüseyn məscidində təmir getməsinə rəğmən biz binanın xarici görkəmini əvvəlki illərdə olduğu kimi yenə də əzadarlıq ruhuna uyğun görünüşə saldıq. Axı bu, bizim İmam Hüseynə(s), əhli-beytə olan məhəbbətimizin sübutudur...”

“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”

Din xadimi Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk günlərdən Ali Sovetin üzvü olaraq birinci dəfə Azərbaycan parlamentinin binasına Qurani-Kərim gətirərək Müqəddəs Kitabımıza and içmək ənənəsini qoyduğunu, ilk dəfə parlament zalında təkbir(Allah böyükdür) səsləndirdiyini xatırlatdı: “Mən təkbir deyəndə bütün Ali Sovet ayağa qalxıb Allah kəlamını alqışlarla qarşıladı. Bunları görən İslama, Azərbaycana düşmən, milli-mənəvi dəyərlərimizin kökünü qazımaq istəyən xarici güclər anladılar ki, belə davam eləsə, parlamentdə İslam ruhu güclənəcək və nəticədə Azərbaycana qarşı planlarını həyata keçirə bilməyəcəklər. Odur ki, belə bir qanun qəbul etdirdilər ki, din xadimləri parlamentə üzv seçilə bilməz. Hazlrda din dövlətdən ayrıdır. Çox gözəl... Bəs necə ola bilir ki, bu gün parlament üzvləri dövləti məsələləri həll etmək əvəzinə, İmam Hüseyn(s)dən, Aşuradan danışır, xalqımızın bu 14 əsrlik dəyərləri haqqında ağızlarına gələni söyləyirlər. Bəzi deputatlar birbaşa parlament tribunasından Aşuranın qarşısını almaqdan dəm vurur. Orada da bir din xadimi olan deputat yoxdur axı, buna qarşı öz sözünü desin, İslamı müdafiə etsin. Yaxşı, bu, haqqa-ədalətə uyğundurmu?..”
İmam Hüseyn(s) məscidinin rəhbəri çıxışına üzünü dövlət rəhbərliyinə tutaraq davam etdi: ”Ey dövləti idarə edənlər, əgər din dövlətdən ayrıdırsa, o halda deputatlara parlamentdə İslam əleyhinə qarşı danışmağa icazə verməyin. Qafqaz Müsəlmanları İdarəsi var, Dini Komitə var. Din sahəsində olan çatışmazlıqları, yol verilən nöqsanları bu idarələr aradan qaldırmalıdır. Deyirlər ki, uşaqları məscidlərə aparmayın, övladlarını dini mərasimlərə aparan valideynlər cəzalandırılsın. Qardaşlar, hələ Sovetin qılıncının dalı-qabağı kəsən dönəmlərdə Azərbaycan ata-anaları Aşura keçiriblər, övladlarını bu mərasimlərə aparıblar. İndi siz İmam Hüseyni(s) bu xalqın qəlbindən çıxarmaq istəyirsiz? Bilin ki, bu, mümkün olan iş deyil. 1400 ildir ki, bu mümkün olmayıb, olmayacaq da...”

“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”

Hacı Əbdül yaranmış vəziyyətdən çıxmaq, ölkədə dini-siyasi xaos yaratmaq istəyən güclərin qarşısını almaq üçün çıxış yolunu da göstərdi:

“...Bəs belə bir şəraitdə biz din xadimləri nə etməliyik? Din xadiminin iki əsas vəzifəsi var. Birincisi, o, öz dinini, Islamı daim müdafiə etməli, ikincisi də dindarlara, xalqa doğru yolu göstərməlidir. Biz din xadimlərinin deputat seçilib parlamentdən sözümüzü deməyə ixtiyarımız yoxdur. Amma prezident, parlament seçkilərində istədiyimiz şəxsə səs vermək haqqımız var. Bu baxımdam bu gün mən Azərbaycanı, o cümlədən onun milli-mənəvi dəyərlərini, dinini, İslamı gözləyə biləcək fitnə və xaosdan xilas etmək üçün sizlərə doğru bildiyim yolu açıqlamaq istəyriəm. Qardaşlar, agah olmaq lazımdır. Qarşıdan prezident seçkiləri gəlir. Biz səsimizi kimə verməliyik ki, gələcəkdə həm dinimizi qorusun, həm də gələcəyimizi, övladlarımızı, nəvələrimizi xarici və daxili təhlükələrdən mühafizə etsin? Bir din xadimi olaraq belə bir qərara gəldim ki, İlham Əliyev namizədliyini verməyəcəyi halda bizim yeganə ümid bağlayacağımız namizəd Mehriban xanım Əliyeva ola bilər. Odur ki, Mehriban xanıma müraciət edirəm: xahiş edirik, namizədliyinizi vermək fikriniz yoxdursa da, bu xalqın, İslamın xatirinə verin. Və namizədliyini verəcəyi halda biz din xadimləri, bütün dindarlar başda Şeyxülislam olmaqla - hamımız Mehriban xanıma səs verəcəyik, onun prezidentliyini dəstəkləyəcəyik...” Bundan sonra Hacı Əbdül QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxaya söz verdi. Hacı Surxay Kərbəla şəhidlərinin xatirəsinə təşkil etdiyi ehsan süfrəsinə görə İmam Hüseyn məscidinin rəhbərinə təşəkkürünü bildirərək hamını süfrəyə dəvət etdi.

“Şeyxülislam başda olmaqla bütün dindarlar Mehriban Əliyevanın namizədliyini dəstəkləyəcək”

Tədbirin sonunda bizimlə söhbətində Hacı Əbdül vurğuladı ki, onun təşəbbüsü ilə QMİ sədri başda olmaqla din xadimlərinin 1-ci Vitse-prezident Mehriban Əliyevanın seçkilərdə namizədliyini dəstəkləməsi heç də prezident İlham Əliyevin kursuna kölgə salmaq kimi anlaşılmamalıdır.

“Şeyxülislam başda olmaqla din xadimləri dünən də, bu gün də dövlət başçısının xarici və daxili siyasətini dəstəkləyiblər və dəstəkləyirlər. Onu da vurğulamaq istərdim ki, gerçək müsəlmanlıqda, əhli-beyt, İmam Hüseyn məktəbində ölkəni faktiki idarə edən və açıq şəkildə İslama qarşı çıxmayan hökumət əleyhinə təbliğat aparmaq ənənəsi yoxdur. Əsl mömin onun asayişini qoruya bilən, onun ibadət etməsinə şərait yaradan bir dövləti xarici fitnələrdən qorumağa çalışmalıdır. İlham Əliyev daim dini-mənəvi dəyərlərimizin keşiyində dayanmağa çalışıb. Onun bu günlərdə Dini Komitə nəzdində milli-mənəvi dəyərlərimizin qorunmasıyla bağlı fond yaratması da buna əyani sübutdur. Bizim Mehriban Əlieya ilə bağlı addımımız isə Azərbaycanı yaxın gələcəkdə dini-siyasi zəmində qarşıdurma və xaosa sürükləməyə çalışan məkrli xarici və daxili güclərin planlarının qarşısnı almağa hesablanıb...” –deyə “Tövbə” Cəmiyyətinin sədri bildirdi.

Sultan Laçın
Tarix: 21-10-2017, 14:48




Xəbər lenti