"İlham Əliyevin D-8-də iştirakı kiçik bir məsələnin qarşısına böyük faktlar qoydu" - ŞƏRH

"İlham Əliyevin D-8-də iştirakı kiçik bir məsələnin qarşısına böyük faktlar qoydu" - ŞƏRH “Azərbaycanın Türkiyədə keçirilən D-8 sammitində xüsusi qonaq kimi iştirakı qardaş ölkə ilə münasibətlərimizin mühüm bir göstəricisi kimi qeyd olunmalıdır”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin D-8 sammitində xüsusi qonaq kimi iştirakını şərh edərkən deyib.
Millət vəkili bildirib ki, bu, son vaxtlar bəzi məsələləri əsas tutaraq iki ölkə arasındakı münasibətlərə yanlış şərh verənlərə də əsaslı cavabdır:

“Son vaxtlar bəzi media quruluşları iki ölkə arasındakı münasibətlərin soyumasına dair müəyyən arqumentlər gətirməyə, beynəlxalq təşkilatlarda Türkiyə parlament üzvlərinin səsverməsinin kökündə başqa məqamlar axtarmağa çalışırlar. Belə bir dəvət əslində gerçəkliyi göstərmiş oldu. Yəni çox kiçik bir məsələnin qarşısına böyük faktlar qoyuldu. Hər kəsə göstərildi ki, Türkiyə tərəfi Azərbaycanın xarici siyasət mənafeləri ilə güclü şəkildə bağlıdır, bunu öz dövlətinin mühüm məqsədlərinə çevirib. G-20 Sammitindən sonra, növbəti bir tədbirdə Türkiyənin məhz Azərbaycanı xüsusi qonaq kimi dəvət etməsi bu münasibətlərin yüksək nümunəsidir. Unutmamalıyıq ki, Ermənistan tərəfi İslam ölkələri konfransı arealında özlərinə müttəfiq qazanmaq üçün çox böyük çabalar göstərir. Düzdür, Qətər D-8-in üzvü deyil. Lakin bir müddət əvvəl Sarkisyanın Qətərə səfəri və bu ölkənin Əmiri ilə görüşü İslam ölkələrinin Ermənistanın maraqlarıdını müdafiə etməsi kimi təqdim edildi. Ermənistanın həmçinin İordaniya və bir sıra İslam ölkələri ilə münasibət qurmaq istəyi bəllidir. Erməni mediasında kiçik tədqiqat aparmaqla onların bunu mühüm bir xarici siyasət hədəfi kimi saxladıqlarını anlamaq olur. Onlar Azərbaycanın bu məkanda əlaqələrini zədələməyə çalışırlar. Məqsədləri Qarabağ münaqişəsinin bu müstəvidə aparılmasını əngəlləməkdir. Ona görə də Cənab Prezident D-8 sammitində çıxış edərkən “məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin müttəfiqi ola bilməz” bəyanatını verdi. Bizim bu sammitə enerji qaynağı baxımdan xüsusi ehtiyacımız yoxdur. Lakin bu 8 ölkənin hər biri beynəlxalq aləmdə əlaqələrə, gücə malikdir. Ona görə də hesab edirəm ki, bu siyasi tədbir Azərbaycana müxtəlif siyasi maraqlar baxımından çox yararlıdır. Prezident də bu görüşdə anti-Ermənistan cəbhəsi açdı və sammitində bunu fəal şəkildə gündəliyə qoydu”.
Bu sammitin iştirakçı ölkələr üçün əhəmiyyətindən danışan millət vəkili Azərbaycanın üzvlük məsələsinin müzakirə edildiyini deyib:
“Azərbaycanın bu sammitə üzvlüyü də qaldırılıb. Əminik ki, gələcəkdə Azərbaycan da bu quruma daxil ola, öz əlaqələrini artıra bilər. Bu, bizim müstəqilliyimiz, təhlükəsizliyimiz üçün də önəmlidir. Bu baxımdan ölkə Prezidentinin bu sammitdə iştirakını dövlətimizin üçün çox əhəmiyyətli hesab edirəm.
D-8 sammiti 20-ci ilinə qədəm qoyur. Rəcəb Tayyib Ərdoğanın çıxışında qeyd etdiyi kimi bu, Türkiyənin keçmiş baş nazir Nəcməddin Ərbakanın ideyası və təşkilatçılığı ilə təsis edilib. Bu Sammitin kökündə 8 islam ölkəsi (İran İslam dövləti, qalanlar müsəlman ölkələridir) arasında müharibə olmaması, iqtisadi və ticarət əlaqələrinin qurulması, sənaye sahəsində əlaqələr, enerji rerusrlarının paylaşımı durur. Bu dövr ərzində həmin tədbirlərdən irəli gələrək bir sıra mühüm müqavilələr imzalanıb. Ötən dövr ərzində bu ölkələr beynəlxalq siyasi həyatda bir sıra uğurlar əldə ediblər, aralarındakı münasibət müxtəlif fazalardan keçib, ümumilikdə götürəndə baza prinsiplərinə də sadiq qala biliblər. O vaxt sammit arealında ölkələrin ümumi daxili məhsulu 600 milyard dollardan yuxarı idisə, indi bu rəqəm 1.5 trilyon dollardan çoxdur. Bu da özlüyündə bu islam ölkələri arasında əlaqələr hesabına baş verib”.
Gülxar
Tarix: 21-10-2017, 22:34




Xəbər lenti