Ermənistana “Lazurit”li zərbə – Bakının daha bir basqısı

Ermənistana “Lazurit”li zərbə – Bakının daha bir basqısı İşğalçının blokadası güclənir: düşmən “izqoy”a çevrilir; Azərbaycan, Türkiyə və Gürcüstan daxil, 5 dövlət Ermənistandan yan keçəcək yeni nəqliyyat koridoru haqda razılığa gəldi; “İpək Yolu”nun davamı olacaq dəhliz düşməni daha təklənmiş duruma salacaq...

Dünən Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstan nümayəndə heyətləri “Lazurit dəhlizi” yeni nəqliyyat yolunun yaradılması haqda razılığa gəliblər. Musavat.com-un “Novosti-Qruziya” saytına istinadən verdiyi məlumata görə, “Lazurit dəhlizi” (Lazurit qiymətli daşdır, göy rəngə çalır - red.) Əfqanıstandan yüklərin Cənubi Qafqaz vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.


5 ölkə arasında müvafiq saziş Əfqanıstanın iqtisadi inkişafı ilə bağlı Aşqabadda keçirilən 7-ci beynəlxalq konfrans çərçivəsində imzalanıb. Müqavilə layihə iştirakçılarının nəqliyyat sferasında əməkdaşlığını, yük və sərnişinlərin maneəsiz şəkildə sözü gedən dəhlizlə hərəkətini və yükdaşıma ilə bağlı inzibati məsələlər və prosedurların nizamlanmasını nəzərdə tutur. Layihə müəllifləri əmindirlər ki, “Lazurit yolu” Cənubi və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək yeni “İpək Yolu”nun davamı olacaq.

Ermənistana “Lazurit”li zərbə – Bakının daha bir basqısı

“Bu gün biz mühüm çoxtərəfli saziş imzaladıq. Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstan - yeni nəqliyyat dəhlizinin əsasını qoyan ölkələrdir. Bu, bizim dövlətlər üçün, region üçün yeni dəhliz vasitəsilə daha çox yük dövriyyəsi və yeni imkanlar deməkdir. Konkret olaraq, Gürcüstanın regionun nəqliyyat layihələrində daha fəal olması yönündə atılmış mühüm addımdır”. Bu sözləri sənədi imzalayan Gürcüstanın xarici işlər naziri, baş nazirin müavini Mixail Canalidze deyib.

*****

Beləliklə, işğalçı Ermənistandan yan keçəcək növbəti mühüm nəqliyyat dəhlizinin yaradılması ortadadır. Nəzərə alsaq ki, müasir dövrdə nəqliyyat əlaqələri, bütövlükdə iqtisadi əməkdaşlıq ölkələri həm də siyasi və başqa aspektlərdən bir-birinə sıx şəkildə bağlayır, hətta müttəfiqlərə çevirir, o zaman Ermənistan onun blokadasını, təklənməsini gücləndirəcək daha bir layihə ilə bağlı bəd xəbəri özü üçün fiksə edə bilər.

Ermənistana “Lazurit”li zərbə – Bakının daha bir basqısı

Belə bir vəziyyətdə işğalçı ölkənin noyabrın 24-də Brüsseldə Avropa Birliyi (AB) ilə bəh-bəhlə imzalamağa hazırlaşdığı simvolik çərçivə sazişinin də önəmi qalmır. Çünki bir ölkənin normal inkişafı üçün o, ən əvvəl bütün qonşularla normal iqtisadi əlaqələr saxlamalı, tranzit ölkə kimi regional və beynəlxalq kommunikasiyalara açıq və cəlbedici olmalıdır. Ən əsası, müstəqil xarici siyasət kursu yürütmək qabiliyyətinə malik olmalıdır.

Rusiyanın Cənubi Qafqazda vassalı və əsas hərbi forpostu olan, dünya okeanına çıxışdan məhrum Ermənistan isə Dağlıq Qarabağ konfliktinə görə iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə düşmən münasibətdə olduğundan, belə inkişafdan və qarşılıqlı inteqrasiyadan məhrumdur. Eyni səbəbdən on illərdir o, ağır blokada şəraitindədir.

Bunun da məntiqi yekunu olaraq, təcavüzkar ölkə bir-birinin ardınca iri iqtisadi, energetik və nəqliyyat layihələrindən kənarda qalmaqla “izqoy” (“tullantı”) ölkəyə çevrilməkdədir. Ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycan və Gürcüstanın isə, tam əksinə, bu layihələr hesabına iqtisadi önəmi bir az da artır, iki dövlət, xüsusilə Azərbaycan regional xaba çevrilir. Bu da öz növbəsində Bakı və Tiflisin beynəlxalq arenada işğal məsələləri ilə bağlı sözünün kəsərinin artması deməkdir.

Biz hələ Ermənistandan da ağır iqtisadi durumda olan işğaldakı Dağlıq Qarabağ bölgəsini demirik. Harada ki, özünün saxta parlamenti və məhkəməsi ilə heç kimin tanımadığı oyuncaq bir “dövlət” yaradılıb (Ermənistan müstəqil dövlət olmuşu, qalmışdı “dqr”).

Ermənistana “Lazurit”li zərbə – Bakının daha bir basqısı

Son məlumatlara görə, separatçı rejimin nəzarətindəki ərazilərdə əsasən hərbi mundirdə olan işğalçı qüvvələr qalıb, iş qabiliyyətli yerli əhalinin əksəriyyəti isə oranı tərk edib. Sözsüz ki, səbəb həm də bitməyən müharibə, sabaha inamsızlıq, Dağlıq Qarabağın yekun statusunun qeyri-müəyyən qalması və əlbəttə ki, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin ilbəil artmasıdır. Belə bir bölgəyə isə heç kim sərmayə yatırmaz, ümumiyyətlə, burada yaşamaz.

*****

Azərbaycanın mərkəzində durduğu, Ermənistandan yan keçən meqa-layihələr bu mənada ən əvvəl erməni xalqına aydın bir mesajdır. O anlamda ki, rifaha qoşulmağın tək yolu - Rusiyanın imperiya maraqlarının yedəyində gedib hərbiləşdirilmiş ölkəyə çevrilmək yox, qonşuları təhdid eləmək yox, əksinə, öncəliklə həmin qonşu xalqlarla dil tapıb əmin-amanlıqda yaşamaqdır. O zaman silah-sursata xərclənən böyük paralar da yerli xalqların özünə qalar, onların sosial rifahına xərclənər - o cümlədən erməni xalqının...

Siyasət şöbəsi
Tarix: 18-11-2017, 09:45




Xəbər lenti