İki Sergeyin bir Qarabağ həqiqəti - Bakının çıxış yolu

İki Sergeyin bir Qarabağ həqiqəti - Bakının çıxış yolu
Sergey Markov və Sergey Lavrovun münaqişənin həllinə dair son açıqlamalarında incə çatdırış; Azərbaycanın nəticəsiz görüşlərə qatılıb-qatılmaması bu il ən aktual suallardan biri olacaq; politoloq: “Sərkisyana hakimiyyəti saxlamaq çətin olacaq...”

Rusiya xarici işlər Sergey Lavrov Moskvada ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. Rusiya XİN başçısı həmişəki kimi, regionda hələ də həllini gözləyən münaqişələrdən, o sırada Dağlıq Qarabağ ixtilafından da danışıb. Konfliktin mərhələli həll olunmasının vacibliyini qeyd edib - hansı həll formulunu ki, məhz Bakı illərdir təklif edir. Hərgah, bir müddət öncə Sergey Lavrov erməni tərəfinin müdafiə elədiyi paket həldən danışırdı.


Yeri gəlmişkən, rəsmi Bakı Lavrovun son yanaşmasını alqışlayıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin yaydığı açıqlama deyilir.

*****

Lakin Lavrov onu da deyib ki, Dağlıq Qarabağ ixtilafını münaqişə tərəfləri yalnız özləri həll edə bilərlər. Yəni problem Azərbaycan və Ermənistanındır, başqasının yox. Bununla da o, Moskva faktiki şəkildə yaxasını kənara çəkməyə çalışdığını gizlətməyib.

Lavrov ardınca deyib: “Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz. Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir. Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”.



Təbii ki, Lavrov bu yerdə yenə blef edib. Birinci ona görə ki, münaqişənin həlli heç də yüzdə yüz münaqişə tərəflərindən asılı deyil. Ona görə ki, iki tərəfdən biri - işğalçı Ermənistan bütünlüklə Rusiyadan asılıdır və Qarabağ məsələsində müstəqil söz sahibi deyil. Səbəblər barədə dəfələrlə yaxmışıq.

İkincisi, Rusiya baş diplomatının söylədiyi kimi, “Həmsədrlər ümumi mövqeyə malikdir, tərəflər həmsədrlərin nə düşündüyünü bilir” sözləri də həll üçün əsas ola bilməz. Çünki rəsmi Bakı vasitəçilərin vaxtaşırı təkrarladığı “üç həll prinsipi”nə (onların arasında öz müqəddəratını təyinetmə hüququ da var) onların düşündükləri şəkildə razılıq verməyib, yəni bu, hər hansı məcburi sənəd gücündə deyil. Üstəlik, həmsədrlər də Azərbaycanın beynəlxalq hüquqa söykənən prinsipial mövqeyini yaxşı bilir. Prezident İlham Əliyevin dilindən səslənən bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağa Azərbaycan tərkibində yalnız geniş muxtariyyət verilə bilər, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bunu gözləyənlər boşuna gözləyir.

Maraqlıdır ki, bundan az öncə başqa bir Sergey, Kremlə yaxın rusiyalı politoloq Sergey Markov bildirmişdi ki, 2018-ci ildə Rusiya Qarabağ hayında olmayacaq, çünki başı Qərbdən gələn hücumları dəf eləməyə qarışacaq. Bu mənada iki Sergeyin fikirləri xeyli dərəcədə bir-birini tamamlayır. Yəni bu il də Moskva problemin həllinə real töhfə verməyə hazırlaşmır - əlində güclü rıçaqlar ola-ola.



Belədirsə, o zaman təzə ildə münaqişə zonasında müharibə riski də böyük olacaq. Nədən ki, Rusiyanın sülh prosesinə verəcəyi töhfəni heç bir vasitəçi dövlət vermək iqtidarında deyil. Gecikən sülhün alternativi isə, əlbəttə ki, hərbi əməliyyatladır, müharibədir. Real sülh prosesi olmayacaqsa, onda Moskva yeni aprel toqquşmalarını necə önləmək barədə düşünməli olacaq...

*****

Bununla belə, yəqin ki, daxil olduğumuz il də hərbi qarşıdurma risklərini səngitmək, danışıqlar görüntüsü yaratmaq üçün hansısa növbətçi addımlar atılacaq, görüşlər təşkil ediləcək. Söz düşmüşkən, sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri olan Fransaya iki günlük işgüzar səfərə gedəcək. Rəsmi məlumata görə, o, fransalı həmkarı ilə görüşəcək.


Yəqin ki, Qarabağ məsələsi də diqqət mərkəzinə gələcək - hansı məsələdə ki, rəsmi Paris gizli erməni təəssübkeşliyini vaxtaşırı büruzə verir. Xatırladaq ki, ilin əvvəlində Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan yanvarın ikinci yarısında azərbaycanlı həmkarı ilə görüşəcəyi, hətta görüşün yerinin bəlli olduğunu demişdi.

Yazı hazırlanarkən məlum oldu ki, Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Nalbəndyanla yanvarın 18-də Polşanın Krakov şəhərində görüşəcək. XİN-dən verilən məlumata görə, həmin gün o, həmsədrlər - Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Nalbəndyanla bir araya gələcək. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Azərbaycanın Qarabağ mövzusunda diplomatik səylərini bu il də davam etdirəcəyi şübhə doğurmur. Çünki Bakı hələ ki sülh imkanlarının tükənmədiyinə inanır. Əfsus ki, bu inam Rusiya və işğalçı Ermənistanın sayəsində ildən-ilə azalmaqdadır. O üzdən Azərbaycan üçün nəticəsiz görüşlərə qatılıb-qatılmamaq bu il yəqin ki, ən aktual suallardan biri olacaq.

*****

Bu arada işğalçı Ermənistanda qarşıdan gələn seçkilər və bahalaşma dalğası ilə bağlı vəziyyət gərginləşməkdədir. Bəs bu proseslərin hansı sonucu ola bilər və Qarabağ məsələsinə təsiri mümkündürmü? Sərkisyan öz hakimiyyətini uzada biləcəkmi?

Politoloq Qabil Hüseynliyə görə, Ermənistanda siyasi hakimiyyətin yenilənməsi, Sərkisyan və onun “Qarabağ klanı”nın yerinə başqa bir qrupun gəlməsi kifayət qədər real görünür (axar.az). Politoloq bildirib ki, Ermənistanda qiymətlərin sürətlə artması əhalinin maddi rifahına ciddi şəkildə təsir göstərir.

“Artıq müxtəlif bölgələrdə xalqın həyəcanı artıb. Buna əsaslanaraq bəzi politoloqlar xalqın birdən-birə ayağa qalxacağı və qiyam edə biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirirlər. Əlbəttə, bu, müəyyən qədər həqiqətə uyğundur. Çünki bu ölkədə siyasi qütbləşmə davam edir. Bunu yaradan isə Sərkisyan və onun komandasıdır. Sərkisyan iki dəfə hakimiyyətə gəlməsinə baxmayaraq, ölkə konstitusiyasını dəyişdikdən sonra yenidən baş nazir olaraq hakimiyyətdə qalmaq istəyir. Amma əksər müşahidəçilər Sərkisyanın Ermənistanda keçiriləcək seçkilərdən sonra bir gün də olsa, hakimiyyətdə qala bilməyəcəyini deyir”, - deyə o qeyd edib.

Politoloqa görə, indiki baş nazir Karapetyan və Sərkisyan arasında mübarizə gün keçdikcə güclənir: “Bütün bunlar onların təmsil etdiyi siyasi qruplara və siyasətçilərə də ciddi surətdə təsir göstərir. Ölkədə qütbləşmə, müxtəlif siyasi əlamətlər üzrə bölünmə müşahidə olunur. Belə bir vəziyyətdə ölkənin ciddi ictimai-siyasi böhran yaşadığını qeyd etmək mümkündür. Bu ictimai-siyasi böhran qiyama, qarşıdurmalara, bütövlükdə Sərkisyan hakimiyyətinə qarşı ciddi çıxışlara gətirib çıxara bilər. Ermənistanda bu gün iqtisadi vəziyyət ağırdır, siyasi vəziyyət də ağırlaşmaqda davam edir. Bu ağırlaşma mart ayına qədər sosial etirazlarla, partlayışlarla müşayiət olunacaq”.

Şübhə yox ki, Azərbaycan bu prosesləri diqqətdə izləyəcək. Hərçənd, işğalçı ölkədəki vəziyyətin əsas dirijoru yenə böyük ölçüdə Rusiya olaraq qalacaq. Demək, biz Kremlin İrəvanla bağlı siyasətini də diqqətdə saxlamalıyıq. Ən əvvəl də Qarabağa görə...шаблоны для dle 11.2
Tarix: 17-01-2018, 10:24




Xəbər lenti