Kreml Qarabağ klanının“əlini gücləndirir”


Kreml Qarabağ klanının“əlini gücləndirir”

ATƏT-in Minsk Qrupunun sabiq sədri Vladimir Kazimirov Ermənistanın maraqlarından çıxış edən növbəti açıqlamalar verib. Rusiyalı diplomat Ermənistan mediasına  verdiyi müsahibədə bildirib ki, rəsmi Xankəndi (Dağlıq Qarabağdakı separatçı rejim-red.) də münaqişənin həllinə dair Azərbaycanla aparılan danışıqlar prosesində üçüncü tərəf kimi iştirak etməlidir. Hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycan və Ermənistanla danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etməsi  barədə təkilifini şərh edən Kazimirov bu mövqeyə tərəfdar çıxdığını  gizlətməyib: “Tamamilə aydındır ki, Bakı etiraz edir və bu, Dağlıq Qarabağ nümayəndələrinin tamformatlı danışıqlara cəlb edilməsində  başlıca problemdir. Əlbəttə, beynəlxalq vasitəçilər özü bu məsələni  həll edə bilməz. Burada münaqişə tərəflərinin özləri razılığa gəlməlidir”.

Eyni zamanda, haqlı olaraq, Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürmək mümkündür. Mən yaxşı xatırlayıram, müharibə illərində, xüsusilə də 1993-cü ildə cəbhədə vəziyyət Azərbaycan üçün əlverişli  olmayanda, rəsmi Bakı İrəvana deyil, birbaşa Stepanakertə (Xankəndiyə) müraciət edirdi. Telefon zəngləri və məktublar Stepanakertə gedirdi.  Bütün bunlar hamısı sənədləşdirilib. 

Atəşkəs haqqında yeganə saziş üç tərəf arasında imzalanıb. Bu, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağdır. Mən bunu ona görə deyirəm ki, Bakının indiki siyasəti əsassızdır. Əgər münaqişə tərəfləri varsa, onlar danışıqlar prosesində iştirak etməlidir. Üstəlik, bu münaqişənin mahiyyəti Qarabağın taleyi ilə bağlıdır. Dağlıq Qarabağın taleyini onun əhalisinin iştirakı olmadan həll etmək olmaz”. 

Kazimirov danışıqların dalana dirənməsinə görə Azərbaycanı ittiham edib. O, Azərbaycanın qeyri-rasional israrlı tələblərlə danışıqlar prosesinə mane olduğunu bildirib. 

Kazimirov iddia edib ki, danışıqların ikitərəfli formata keçməsinin səbəbləri ilə bağlı Ermənistanda yaranmış mübahisələrin heç biri düzgün deyil. Qeyd edək ki, Nikol Paşinyanın tərəfdarları Robert Köçəryanı prezident seçildikdən sonra Azərbaycanla birbaşa danışıqlara getməklə faktiki olaraq, prosesi üçtərəfli formatdan çıxarmaqda ittiham edir. Lakin Robert Köçəryan və onun ətrafı bu ittihamlarla razılaşmayaraq, müzakirələrin ikitərəfli formatda aparılmasına səbəb kimi rəsmi Bakının Dağlıq Qarabağla müstəqil subyekt kimi danışmaq istəmədiyini əsas gətirir.

Vladimir Kazimirovun sözlərinə görə, danışıqlar Rusiyanın vasitəçiliyi və üç tərəfin iştirakı ilə keçirilsə də sonradan siyasi vəziyyət dəyişib: “Bu sxem bizdən miras olaraq ATƏT-in Minsk Qrupuna keçdi. Ona görə də 1997-ci ilə qədər  bütün danışıqlar üçlü əsasda aparılıb. Bu formal deyildi, mənalı müzakirələr gedirdi. Həmin vaxt  Azərbaycan tərəfi  Nizami Bəhmənovu Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri kimi danışıqlar prosesinə cəlb etmək istədi. Bakı Bəhmənovla daha bir nümayəndə heyəti düzəltmək istədi. Mən Bəhmənovun Azərbaycan nümayəndə heyətinin rəhbəri olması ilə razıyam. Beləliklə, ona münaqişənin və ya danışıqların başqa bir tərəfi kimi davranmasına  imkan vermədim. Bu qeyri-ciddi olardı. 1994-cü ildə Bişkekdə Bəhmənovun imza atmasına mane törətdiyim üçün onlar hələ də məni incidirlər. Mən həmin vaxt Azərbaycan parlamentinin vitse-spikeri olan Afiyəddin Cəlilovdan soruşdum ki, Bəhmənov hansı parlamenti və ya seçkili orqanı təmsil edir? Heç birini. Orada isə yalnız parlamentarilər toplaşmışdı”. 

Vladimir Kazimirovun qeyd edilən fikirləri Ermənistanın siyasi dairələrinə məddahlıq kimi də başa düşülə bilər, Rusiyanın pərdəarxası növbəti diplomatik  gedişi də. Görünən isə Minsk Qrupuna həmsədrlik etdiyi illərdə birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edən V.Kazimirovun  son zamanlar yenidən peyda olmasıdır. 2018-ci ilin may ayında gözlənilmədən İrəvana səfər edən Kazimirov  eks-prezident Levon Ter-Petrosyanla Dağlıq Qarabağ məsələsini müzakirə etmişdi. Çox güman ki, aprel ayında baş vermiş  “məxməri inqilab”dan sonra  Rusiya Ermənistanda yaranmış siyasi hərc-mərcliyi Dağlıq Qarabağda mövcud status-kvonun pozulması üçün təhlükə hesab etdiyindən Kazimirovu vəziyyəti yerində öyrənmək üçün dərhal İrəvana göndərməli olub. 

Rusiyalı həmsədrin fəaliyyət müddəti arxada qalsa da, onun açıqlamaları ermənipərəst mövqeyinin hələ də davam etdiyini göstərir. 

Vladimir Kazimirovun fikirlərinə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirdi ki, İrəvanda “Lazerev” klubunun tədbirinə gələn V.Kazimirovun əsl məqsədi Qarabağ klanına dəstək vermək olub: 

“Bir neçə il bundan qabaq “Qriboyedov” klubu yaranıb. Onun təşəbbüskarlarından biri məhşur  aparıcı Kiselyov, Kurgenyan və digərləri olub. Onlar bir neçə iclas keçirib və bəyan ediblər ki, rus dili Ermənistanda müdafiə olunmalıdır. Hətta Kurgeynyan belə bir ifadə işlədib ki, Ermənistan rusdilli dövlət deyil, Rusiyanın tərkib hissəsi olmalıdır. Bundan sonra bu qurumla münasibətlərdə gərginlik yaranıb. Onların Ermənistana səfəri müsbət qarşılanmır və heç kim onları görmək istəmir. “Lazerev” klubu da onun başqa bir formasıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra isə Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında gərginlik  dərinləşib. Çünki Paşinyan Ermənistan ermənilərinin nümayəndəsidir.  Robert Köçəryanın başçılıq etdiyi Qarabağ klanının Rusiya ilə geniş əlaqələri mövcuddur.  “Konstantin Zatulin, Vladimir Kazimirov bir araya gələrək “Lazerev” klubunu yaradıb. Bu birliyin birinci iclası Moskvada, ikincisi Ermənistanda keçirilib. Məsələ burasındadır ki, həmin iclasda nə Nikol Paşinyan, nə digər hökumət nümayəndəsi iştirak etməyib. Yəni hazırkı iqtidar bu tədbiri boykot edib. Hətta onları müşayiət etmək üçün polis qüvvələri də ayrılmayıb. Ona görə də Kazimirov özü də bu vəziyyətdən narazı idi. Həmin tədbirdə yeganə çıxış edən Qarabağ separatçılarının rəhbəri Bako Saakyan olub. “Lazerev” klubunun bu toplantısı Ermənistanda parlament seçkiləri qabağı Qarabağ klanına dəstək məqsədi daşıyırdı. Rusiyada olan ermənipərəst fəalları  tədbirdə iştirak etmək üçün İrəvana gətirmişdilər. Bununla da göstərmək istəyirdilər ki, Rusiyada olan erməni fəallar Qarabağ klanının tərəfindədir. Eyni zamanda, biz əsasən də Kazimirov tərəfindən köhnə nağılların yenidən səslənməsinin şahidi oluruq. Kazimirov Robert Köçəryanla çox yaxşı münasibətlərə malikdir. Köçəryana qarşı yönələn ittihamlardan biri də budur ki, o, 1998-ci ilin aprel ayından etibarən danışıqları Ermənistan-Azərbaycan prezidentləri müstəvisinə, yəni ikitərəfli formata keçirib. Bu nifaqı aradan götürmək üçün Kazimirov və digərləri onun irəli sürdüyü tezisi yenidən təkrarlayır. Eyni zamanda, bu qarşıdurma yalnız erməni klanlarının öz arasında deyil, Rusiya ilə Qərbyönlü siyasətçilər  arasında gedir.  Hətta onların ABŞ-ın Ermənistandakı səfirlyinin yanından keçərkən təhqiramiz ifadələr işlətməsinə dair görüntülər var. Həmin görüntüləri sosial şəbəkələrdən tapıb baxmaq mümkündür”.

Tofiq Zülfüqarov qeyd etdi ki, Kazimirov Rusiyanın xarici işlər naziri Sergey Lavrova yaxın şəxs sayılır. Hətta  Rusiya XİN-də veteranlar təşkilatına rəhbərlik edən Kazimirovun nazirlikdə iş otağı da olub. Həmçinin, Kazimirovun  hazırda Rusiyanın XİN-də həmsədrlik işinə müşavir kimi kömək etdiyinə dair məlumatlar var: “Bu ilin yanvar ayında Polşanın Krakov şəhərində keçirilən rusiyalı həmsədr tərəfindən xırda paketlərin təklifi irəli sürülüb. Yəni vasitəçilər Ermənistanın təklif etdiyi paketin həll variantını xırda paketlərə bölüblər. Lakin Azərbaycan bunu qəbul etməyib. Çünki Azərbaycan yalnız mərhələli həll variantına üstünlük verir. Məlumatlara görə, müşavir kimi Kazimirovun təkliflərindən də istifadə olunub. Ancaq bu heç də o demək deyil ki, Rusiyanın digər siyasi dairələri bu təşəbbüsü dəstəkləyir. Hətta Rusiyanın yüksək siyasi dairələrində elə şəxslər var ki, onlar Ermənistandan çıxmağı təklif edir”.

Azərbaycanlı diplomat Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra Paşinyanın Dağlıq Qarabağ klanını tam sıradan çıxartmaq üçün Bako Saakyanı devirmək üçün əks-hücuma keçəcəyinə diar məlumatlara da münasibət bildirdi. Tofiq Zülfüqarovun fikrincə, Dağlıq Qarabağdakı separatçı rejimin zəiflədilməsi və bütün hakimiyyətin Paşinyanın əlində cəmləşməsi münaqişənin həlli prosesində ümid yarada bilər:  

“Qarabağ klanı nümayiş etdirməyə çalışır ki, Rusiyasız Ermənistanın gələcəyi yoxdur. Nikol Paşinyan  digər bir siyasi mövqenin tərəfdarıdır. Bu yaxınlarda məlum olub ki, ABŞ administrasiyasına qarşı onların bəzi iradları var. Çünki ABŞ Paşinyandan  Qərbpərəst siyasəti həyata keçirmək istiqamətində konkret addımlar atmağı tələb edir. Con Boltonun Ermənistana ABŞ silahlarını satmaq təklifi Vainqtonun Paşinyandan daha ciddid addımlar gözlədiyini göstərir. Eyni zamanda,  erməni diasporası ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfirinin təsdiqinə mane olmaq üçün kifayət qədər fəallıq göstərdi. Paşinyan həm Rusiyapərəst diaspora ilə münasibətlərdə gərginlik yaşayır, həm də Amerikadakı ermənilər Paşinyana kifayət qədər dəstək vermir. Biz bunları nəzərə almalıyıq. Seçkilərdən sonra bu gərginliyin artması istisna olunmur. Onu da qeyd edim ki, Bako Saakyana qarşı qiyamı “Sasna-Tsrer” Partiyası irəli sürür. Onlar Saakyanı xain hesab edir və tutduğu postdan kənarlaşdırmaq istəyir. Seçkilərdən sonra Paşinyanın tərəfdarlarının parlamentdə üstünlük təşkil etməsi ona daxili siyasi proseslərdə fəal olmaq üçün əsas yaradacaq.  Danışıqlar prosesində ciddi irəliləyiş gözləmirəm. Amma hakimiyyətin Paşinyanın nəzarəti altında mərkəzləşməsindən sonra baxaq görək hadisələr hansı istiqamətdə gedəcək”. 

Müşfiq Abdulla
Cebhe.info

шаблоны для dle 11.2
Tarix: 6-12-2018, 16:37




Xəbər lenti