Eldar Namazov: “Sabah hər dəfə Paşinyan bu mövzunu qaldıranda biz...”


 

“Mən deyəndə ki, Azərbaycan ordusunun növbəti addımı olmadan məsələ həllini tapmayacaq, bu, o demək deyil ki, biz diplomatik işləri, təbliğati məsələləri kənara atmalıyıq”

Son zamanlar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının fəaliyyətində aktivlik müşahidə olunmaqdadır. Təşkilatın rəhbərliyinə gənc kadrın təyin olunmasının ardınca icmanın İdarə Heyətində də dəyişikliklər həyata keçirildi.

Xəbər verildiyi kimi, bir müddət öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədrlə yanaşı, müavinlər də seçilib.  İcmanın II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla, Elçin Əhmədovu isə sədr müavinləri oldular. Qurultaydan bir ay keçəndən sonra İcmanın İdarə Heyətinin yeni üzvlərinin siyahısı açıqlandı. İcmanın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur. Vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib.

Sədr Tural Gəncəliyev isə bu müddət ərzində ölkəmizdəki diplomatik korpusun nümayəndələri ilə görüşüb. Belə ki, icma rəhbəri Turkiyənin Azərbaycandakı səfiri  Erkan Özoralla görüşü haqda məlumat verilmişdi. Ötən gün isə o, Böyük Britaniyanın Bakıdakı səfiri Karol Krofts ilə bir araya gəlib. “Görüş zamanı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdırdım. Eyni zamanda Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim", -deyə T.Gəncəliyev “Report”a bildirib.  T.Gəncəliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe və göstərdiyi dəstəyə görə Türkiyə səfirinin şəxsində Türkiyə Respublikasına dərin təşəkkürünü bildirmişdi.

Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirdiyi üçün icmalararası danışıqlara da önəm verir. Bu mənada azərbaycanlı icmasının rəhbərliyinin yenilənməsi, qurumun fəaliyyətindəki dinamika təbiidir. Lakin işğalçı Ermənistan yenə də qeyri-konstruktivlik göstərməkdədir. Belə ki, İrəvan Azərbaycanın icmalararası danışıqlar təşəbbüsünün qarşılığında Azərbaycan XİN-in rəhbərliyini Qarabağdakı qondarma rejimin rəhbərliyinə müraciət etməyi təklif etdi, bu da sülh prosesinə zərbə vurmaqdır. Əslində Azərbaycan icmasında dörd dil bilən, xarici siyasət idarəsində çalışmış təcrübəli kadrın gətirilməsi ümummilli maraqlar baxımından təqdirolunan addım kimi dəyərləndirilir. Hesab olunur ki, Qarabağ separatçılarının xarici ölkələrinə səfərlərinin qarşısının alınması istiqamətində Azərbaycan icması da öz sözünü deyə bilər. Bu günlərdə icmanın bir sıra vacib məsələlərə operativ reaksiyası da diqqət çəkdi.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a dedi ki, vaxtilə bu icma yaradılanda onunla bağlı vətəndaş cəmiyyətinin nümayəndələri bir neçə dəfə hakimiyyət orqanlarına müraciət etmişdilər: “Danışıqlarda daha böyük effektə malik olmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icmasını təşkil etmək və onun rəhbərliyinə diplomatik təcrübəyə malik olan, bir neçə dildə sərbəst danışan, beynəlxalq hüquq prinsiplərini və beynəlxalq danışıqlar prinsiplərini yaxşı bilən bir insanın təyin olunması təklif edilirdi. O vaxt qərarlar qəbul olundu, amma yarımçıq. Biz bunu belə qiymətləndirdik. Yəni yaxşı hal idi ki, bu icma artıq formalaşdı, rəsmiləşdi. Deməli, Dağlıq Qarabağın azərbaycanlı icmasının adından danışa biləcək, legitim statusa malik olan bir qurum yarandı. Ancaq ona rəhbərliyin təyinatı ilə bağlı biz istədiyimiz yanaşma ortalıqda olmadı. İndi isə ikinci addım da atıldı. Hesab edirəm ki, çox düzgün addımdır. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri yaxşı diplomatik təcrübəyə malik olan, bir neçə xarici dildə sərbəst danışan, beynəlxalq hüquq normalarını yaxşı bilən bir şəxs təyin olundu. Bu, onunla bağlıdır ki, Paşinyan ilk gündən danışıqları Ermənistanın  yox, qondarma Dağlıq Qarabağ rejiminin aparmalı olduğunu bəyan edir. Təbii ki, bu təbliğatı dünyada ciddi qəbul etmirlər. Ona görə ki, dünyada hamı Ermənistan ordusunun işğal olunmuş ərazilərdə olduğunu başa düşür və Ermənistan dövləti birbaşa bu təcavüzü həyata keçirir, işğal davam edir. Ona görə də Ermənistan bu prosesdə kənara çəkilə bilməz”. E.Namazov qeyd etdi ki, deməli, danışıqları birbaşa Ermənistan Respublikası aparmalıdır, bütün dünya bunu qəbul edir.

Ekspertimiz bir mühüm bir məqama da diqqət çəkdi: “Fikir verin, aprel döyüşləri zamanı nələr baş verdi və aprel döyüşlərindən sonra Ermənistanda buna reaksiya necə oldu? Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə nazirliyində” heç bir şey dəyişmədi. Bütün mübahisələr Ermənistanın müdafiə nazirliyi ətrafında getdi. Generallar vəzifədən azad olundu, bəzilərinə qarşı cinayət işi qaldırıldı. Həlak olan erməni əsgərlərinin siyahısı çap olundu, onlar hamısı Ermənistan Respublikasının əsgərləri idi. Elə bil ki, Dağlıq Qarabağın erməni icmasının həmin müharibədə ümumiyyətlə, iştirakı olmayıb. Nə itkilər baxımından, nə də döyüşlərdə baş vermiş məğlubiyyətə cavabdehlik baxımından. Cəzalandırılanlar da Ermənistanın Müdafiə Nazirliyinin generalları oldu. Belə olan halda təbii ki, rəsmi İrəvan bu danışıqlardan boyun qaçıra bilməz. Ancaq hər halda Azərbaycan icmasının da belə formalaşması, legitim bir quruma çevrilməsi, onun başına diplomatik təcrübəyə malik olan şəxsin gətirilməsi Azərbaycana imkan verir ki, sabah hər dəfə Paşinyan bu mövzunu qaldıranda biz iki icmanın oturub danışıqlar aparmasını təklif edə bilərik. Qarşı tərəf bundan boyun qaçırdığı halda Paşinyanın bu bəyanatları da tam mənasız olacaq. Demək olar ki, o bəyanatların üstündən xətt çəkiləcək. Necə ola bilər, bu iki icma arasında danışıqlar təşkil olunsun və erməni tərəfi danışıqlardan imtina etsin, ancaq Azərbaycan tərəfindən tələb olunsun ki, gəlin Dağlıq Qarabağın erməni icması ilə birbaşa danışıqlara gedin?!” O mənada E.Namazov hesab edir ki, icma rəhbərliyi ilə bağlı atılan addımlar təbliğat və diplomatik danışıqlar baxımından çox düzgün addımdır: “Mən deyəndə ki, Azərbaycan ordusunun növbəti addımı olmadan məsələ həllini tapmayacaq, bu, o demək deyil ki, biz diplomatik işləri, təbliğati məsələləri kənara atmalıyıq. Hətta əsas məsələ Azərbaycan ordusunun çiyninə düşürsə və ordumuz burada öz sözünü deməlidirsə, paralel olaraq buna yaxşı şərait yaratmaq üçün həm bizim diplomatiyamız yaxşı çalışmalıdır, həm də təbliğatımız. Bu mənada icmaya yeni rəhbərin təyin olunması Qarabağın erməni icması ilə danışıqlara hazırıq bəyanatı məncə, təbliğat, diplomatiya baxımından çox düzgün addımdır. Ermənilərin də sərt reaksiyası onu sübut edir ki, biz düzgün addım atmışıq”.  

E.PAŞASOY,
“Yeni Müsavat”

шаблоны для dle 11.2
Tarix: 11-01-2019, 10:04




Xəbər lenti