QARABAĞLA BAĞLI GƏLİŞMƏ: Ter-Petrosyanın güzəştləri yenidən gündəmdə


QARABAĞLA BAĞLI GƏLİŞMƏ: Ter-Petrosyanın güzəştləri yenidən gündəmdə

ATƏT-in Minsk Qrupu həmsədrlərinin martın 11-də yaydığı bəyanatda Dağlıq Qarabağ probleminin həllinə dair irəli sürdüyü təkliflər Ermənistanda ciddi etirazla qarşılanıb. 

“Ermənistanın səsi” qəzeti həmsədrlərin bəyanatını eks-prezident Levon Ter-Petrosyanın formulunun təkrarı adlandırıb. Mənbə qeyd edir ki, vasitəçilərin bəyanatı L.Ter-Petrosyan tərəfindən imzalanmış və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtar respublika statusu verilməsini nəzərdə tutan formula qayıdışdır. 

Xatırladaq ki, vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinin Helsinki Yekun Aktının prinsiplərinə, xüsusilə də güc tətbiq etməmək, ərazi bütövlüyünün təmin olunması, hüquq bərabərliyinin, xalqların öz müqəddəratını təyinetmə hüququna əsaslanmalı olduğunu bəyan edib. 

“Bura 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentlərinin təklif etdiyi əlavə elementlər də daxil olmalıdır: Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalı, Dağlıq Qarabağa müvəqqəti özünüidarəetmə və təhlükəsizlik statusu verilməli, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz təmin olunmalı, Dağlıq Qarabağın yekun statusu müəyyən edilməli, qaçqınlar və məcburi köçkünlər hüquqları təmin olunmaqla öz yaşayış yerlərinə qaytarılmalı, sülhməramlı əməliyyatlar da daxil olmaqla, beynəlxalq təhlükəsizlik tədbirləri görülməlidir”, - bəyanatda belə deyilir. Həmsədrlər qeyd edib ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və uzunmüddətli nizamlanmasının əsasları kimi qəbul olunmalıdır. 

Bu təklifləri “Ermənistanın Səsi”nə şərh edən Hüquqi Pozuntulara Qarşı İctimai Birliyinin icraçı direktoru Larisa Alaverdiyan bildirib ki, həmsədrlər Ermənistanı “Madrid prinsipləri”nin yer aldığı və 2007-2008-ci illərdən başlayaraq danışıqlar masasına çıxarılmış sənəd ətrafında müzakirələrə qaytarır. 

“Bu, Madrid prinsiplərinin ən incə ifadəsi olmaqla problemin mahiyyətini tamamilə pozur və ilk dəfə səslənmir. Ekspertlər uzun illərdir bu formulun qüsurları haqqında danışır. Dağlıq Qarabağın rəsmi mövqeyindən söz açılmır. Danışıqları 1990-cı illərin əvvəllərində formalaşmış və 2000-ci illərin ortalarına qədər təsbit edilmiş və daha sonra 2007-ci ildə danışıqlar masasına çıxarılmış əsaslarla aparmaq olmaz. Bu, Qarabağ xalqının əldə etdiyi və 1991-ci və 2006-cı illərdə keçirdiyi iki referendumla möhkəmləndirilmiş nailiyyətlərin tamamilə sıradan çıxması deməkdir. 

Bundan başqa, hazırkı tezis prosesi Ermənistanın birinci prezidentinin 1991-1992-ci illərdə imzaladığı formula qaytarır. Bu, Dağlıq Qarabağın, dəqiqi desək, DQMV-in muxtar respublika statusu ilə müstəqil Azərbaycanın tərkibində qalmasına Ermənistanın razılaşdığını bəyan edir. Faktiki olaraq, Ermənistanın birinci prezidentinin davranışından götürülmüş bu formul “Madrid prinsipləri”nə köçürülüb və həmsədrlər də hazırda məhz onun üzərində israr edir”. 

Siyasi ekspertlər isə hesab edir ki, Levon Ter-Petrosyanın 1997-ci ildə Azərbaycanla razılaşdığı, lakin dövlət çevrilişi səbəbindən həyata keçirə bilmədiyi mərhələli həll planı ilə Madrid prinsipləri arasında tam eynilik yoxdur. Hər iki təkliflər paketi münaqişənin mərhələli şəkildə nizamlanmasını nəzərdə tutsa da, mexanizmlərin tətbiqində oxşar və fərqli elementlər var. Lakin danışıqlar 2009-cu ildən etibarən “Madrid prinsipləri” əsasında aparılır. Larisa Alaverdyanın “Madrid prinsipləri”ni Levon Ter-Petrosyanın mərhələli “yol xəritəsi” kimi təqdim etməsi isə danışıqlar prosesində həmin variantın yenidən gündəmə gələcəyini istisna etmir. 

Politoloq Elşən Manafovun sözlərinə görə, 1997-ci ildə razılaşdırılmış mərhələli həll variantı yeni geosiyasi reallıqlara uyğunlaşdırılaraq danışıqlar masasına çıxarılıb. Lakin həmin modelin tətbiqi üçün Ermənistanda Levon Ter-Petrosyanın prezident kürsüsünə gətirilməsi planlaşdırılır:

“Larisa Alaverdiyanın açıqlaması deməyə əsas verir ki, baş nazir Nikol Paşinyanın xarici siyasət məsələləri üzrə əsl məsləhətçisi elə eks-prezident Ter-Petrosyanın özüdür. Əslində, siyasi kuluarlada Paşinyanın ter-Petrosyana “baba” deyə müraciət etməsi, bir zamanlar Paşinyanın Ter-Petrosyanın seçki qərargahında təmsil olunması və bu gün də Ermənistanda Ter-Petrosyanın prezident kürsüsünə gətirilməsi istiqamətində atılan addımlar göstərir ki, İrəvan və Qarabağ klanı arasında mübarizənin növbəti mərhələsi hələ qarşıdadır. Məlum olduğu kimi, Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan sabiq dövlət başçısı Serj Sarkisyanın təqdimatı ilə bu posta seçilib. Ona görə də prezidentlə Paşinyanın təmsil olunduğu hakim komanda arasında adi gözlə görünməyən gərginlik var. Bu gərginlik də Qarabağ klanı tərəfindən yaradılır. Bütün hallarda Paşinyan çalışacaq ki, Ermənistanda növbəti seçkilərə qədər prezident kürsüsündə hakimiyyətin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətini onunla bölüşən, bu məsuliyyəti üzərinə götürməyə hazır olan bir şəxs olsun. Həmin şəxs də hazırda Ermənistanda ana müxalifət roluna iddialı olan Ter-Petrosyanın özüdür. Paşinyanın özünün Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi ziddiyyətli bəyanatlar onun hələlik manevr etməklə danışıqları uzatdığını göstərir. Danışıqların uzadılmasında məqsəd Ermənistanda prezident hakimiyyəti ilə bağlı məsələni Paşinyanın xeyrinə həll etməkdən irəli gəlir. Bir çoxları elə bilir ki, Paşinyanın məqsədi Azərbaycanla razılaşa bilməməsi, yaxud Qərbin, Rusiyanın diqqətini yanlış istiqamətə yönəltməsi ilə bağlıdır. Bu, belə deyil. Paşinyan Rusiyanın komandasının xələfi sayılan şəxsin prezident kürsüsündən uzaqlaşdırılması və onun Ter-Petrosyanla əvəz edilməsi barədə düşünür. Bu amil Paşinyan hökumətinin xarici siyasətinə, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar prosesinə təsirsiz ötüşmür. 

Heç şübhəsiz mərhələli həll variantı zamanında Rusiyanı qane etməmişdi. Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, Ermənistan parlamentinin gülləbaran edilməsi də Kremli qane etmədiyindən Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuşdu. Ona görə də bu gün Paşinyan daha ehtiyatlı addımlar atmalıdır. Paşinyan açıq-aşkar ATƏT-in “Madrid prinsipləri”nin əleyhinə gedə bilməz. Bu prinsiplər çərçivəsində vaxtilə Heydər Əliyev və Levon Ter-Petrosyan arasında razılaşdırılmış elə məqamlar var ki, münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə imkan verir. Ona görə də o zaman prezident Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasına bərabər statusun verilməsinə hazır olduğunu bəyan etmişdi. Düşünürəm danışıqların indiki mərhələsində bu formulun ortaya qoyulması Azərbaycan tərəfində ciddi maraq oyatmalıdır. “Madrid prinsipləri”ndə biz Azərbaycanı tam qane edən amilləri görmürük. Çünki mərhələli həll planı bəzi hallarda Azərbaycanı, bəzi hallarda isə Ermənistanı qane etməyib. Amma unutmaq lazım deyil ki, Azərbaycan və Ermənistan danışıqların müəyyən mərhələsində razılığa gəlməyin astanasında idi. Rusiya isə müdaxilə edərək bu prosesi pozdu. Bunu Qərb texnoloqları da anlayır və bilir ki, Azərbaycan heç bir vəchlə Dağlıq Qarabağın suverenliyini tanımayacaq. Əgər belədirsə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtar statusun verilməsi Paşinyan iqtidarının da maraqlarına cavab verə bilər. ABŞ prezidentinin müşaviri Con Boltonda İrəvana səfəri zamanı bildirdi ki, Ermənistan hökuməti Azərbaycanla razılığa gəlməyə borcludur. Çünki bu bəyanatdan sonra Paşinyan konkret addımlar atmasa, Qərbin maliyyə institutları tərəfindən vəd edilən və gözlənilən dəstəyi almayacaq. Maliyyə dəstəyini almayacağı təqdirdə isə Paşinyanın devrilməsi qaçılmaz olacaq. Seçicilərə verdiyi vədləri yerinə yetirmək üçün Paşinyana külli miqdarda pul lazımdır. Həmin vəsait isə nə Paşinyanda, nə də Ter-Petrosyanda, erməni lobbisində də yoxdur. Qərb isə həmin formulu tətbiq etməklə Dağlıq Qarabağ probleminin həllinə və Rusiyanın bölgədən uzaqlaşdırılmasına çalışacaq. Bunu Paşinyan da bilir. Əgər vaxtilə Heydər Əliyevlə Levon Ter-Petrosyan arasında əldə edilmiş razılaşma yeni geosiyasi reallıqlar nəzərə alınmaqla tətbiq edilərsə, danışıqların uğurla nəticələnəcəyinə ümid bəsləmək olar”.

Ekspert bildirdi ki, güzəşt tərəfdarı kimi tanınan Ter-Petrosyandan fərqli olaraq, Paşinyanın kəskin bəyanatları siyasi manevr xarakteri daşıyır. Elşən Manafovun sözlərinə görə, N.Paşinyan kompromisə getməyə hazırdır. Lakin onun hazırkı situasiyada belə bir addım atması L.Ter-Petrosyan kimi Rusiya tərəfindən hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər. 

“Bu səbəbdən də Ter-Petrosyanla bağlı məsələ həllini tapmayınca və Qərbin maliyyə institutlarından gözlənilən kreditləri almayınca, Paşinyanın bəyanatlarındakı ziddiyyətlər davam edəcək. Qərb də Ermənistanda “məxməri inqilab” etmək və Paşinyanı hakimiyyətə gətirmək üçün xeyli vəsait sərf edib. Ona görə də Paşinyanın Qərbin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə baxmayaraq, onu hakimiyyətə gətirən dairələr dəstəyini geri çəkmək və mövqelərini Rusiyaya güzəştə getmək fikrində deyil. Qərb özü də manevr edir və Paşinyanın vəziyyətini yaxşı başa düşür. Paşinyana Ermənistanda siyasi vəziyyəti tam nəzarət altına almaq lazımdır. Bu baxımdan, prezident Armen Sarkisyanın baş nazir Paşinyanın “baba” dediyi və kompromisə meylli Ter-Petrosyanla əvəz edilməsi Ermənistanla bağlı layihənin növbəti mərhələsi olacaq. Bu məsələ müsbət həllini tapacağı tədirdə Qərb institutlarının üzü Ermənistana açılacaq”. 

Politoloq hesab edir ki, Azərbaycanla danışıqlar aparmaq və sülh müqaviləsi imzalamağa Ermənistan qanunvericiliyi baxımından həm baş nazirin, həm də prezidentin səlahiyyəti çatır. Ona görə də kompromis həll variantını gələcəkdə Paşinyan, ya da Ter-Petrosyan imzalaya bilər: “Güman edirəm ki, Paşinyan bu məsuliyyəti Ter-Petrosyanla bölüşdürməyə hazır olacaq”. //Cebhe.info//


шаблоны для dle 11.2
Tarix: 14-03-2019, 15:57




Xəbər lenti