Azərbaycan siyasətində Güney Azərbaycan mövzusu – nə etməli?


Azərbaycanın bir sıra siyasətçiləri, yaxud ictimai-siyasi təşkilatları var ki, Güney Azərbaycandakı-İrandakı soydaşlarımızın hüquqları ilə məşğul olduqlarını, onları müdafiə etdiklərini bəyan edirlər. Hətta bəziləri Azərbaycan daxilindəki siyasi proseslərə qatılmadığını bəyan edib, Güneylə məşğul olduqlarını deyirlər.

Bu proses illərdir ki, davam edir. Xatırladaq ki, Güney məsələsi mərhum prezident Əbülfəz Elçibəyin zamanında daha çox aktual idi. O zaman Əbülfəz bəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyi (BAB) hər həftəsonu iclas keçirir, Azərbaycan türklərinin problemlərini, xüsusilə də Güneydəki soydaşlarımızın durumunu geniş müzakirə edirdi. Lakin Elçibəy vəfat edəndən sonra bu məsələ daha çox xalq şairi Sabir Rüstəmxanlının başçılıq etdiyi Dünya Azərbaycanlıları Konqresinin (DAK) səviyyəsində daim gündəmdə saxlanılıb. Bundan əlavə, ayrı-ayrı ictimai-siyasi təşkilatlar və fiqurlar da Güney mövzusuna vaxtaşırı müzakirə edirlər. Elə bu yazı çapa hazırlanarkən Güneydəki soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı İranın Azərbaycandakı səfirliyi qarşısında müsavatçı gənclərin aksiya keçirmək istədiyi xəbəri yayıldı. Bir sıra müşahidəçilər hesab edir ki, Güney Azərbaycan məsələsinə səmimi yanaşıb, ordakı milyonlarla türkün haqlarına qovuşmasını zəruri sayanlar, İran Konstitusiyasında əksini tapmış ana dilində təhsil hüququnun verilməsini zəruri sayanlarla yanaşı, bu mövzudan özünün gündəmdə qalmasından ötrü yararlananlar da var. İstədik bu mövzuda bir araşdırma aparaq: bu, nə dərəcədə doğrudur ki, bir sıra siyasətçilər ölkə daxilindəki insanların məsələlərini bir kənara qoyub, xaricdə yaşayan azərbaycanlıların taleyi ilə məşğul olmağa qərar verirlər? Bu sahədə çalışan qurum və ya şəxslərin fəaliyyəti barədə nə demək olar? Ümumiyyətlə, bəziləri hesab edir ki, bu kimi yanaşmalar və münasibət İran dövlətində Azərbaycan türklərinə qarşı qıcıq yaradır və onların vəziyyətini ağırlaşdırır, belə yanaşmalar doğrudurmu? Respondentlərimiz Güney mövzusunun arxasında daldalanan siyasət adamları barədə nə düşünürlər?

Sabir RüstÉmxanlı: ile ilgili görsel sonucu

Sabir Rüstəmxanlı: “Güney elə bir həssas məsələdir ki, ora ilə hər adam məşğul ola bilməz, hər adam da ora barmaq uzatmalı deyil”

DAK sədri, Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, çox geniş mövzusudur və buna müxtəlif istiqamətlərdə yanaşmaq lazımdır: “Bir var ümumiyyətlə, bir xalq, yarısı bu tayda, yarısı o tayda qalıb, şükür ki, imkan var, camaat gedir, qohumlarını axtarıb tapırlar, gəzirlər, bazarlıq edirlər, əlaqə saxlayırlar, xəstələri olanda ora aparırlar. Yaxud ordan təhsil almaq istəyən bura gəlir. Yəni bu, xalqın münasibətidir, çox sakit və təbii şəkildə, sivil dünyada olduğu kimi, bu, davam etməlidir. İkinci xətt var ki, o, İran əhalisinin az qala yarısını təşkil edən İran türklərinin insan haqları verilməlidir. Bu, normal, insan haqları ilə bağlı olan xətdir ki, onların insan haqları verilməlidir, dillərində məktəbləri olmalıdır, öz dillərində uşaqlarına ad verə bilməlidirlər, mədəniyyətlərini inkişaf etdirməli, tarixlərini öyrənməlidirlər və s. Kimsə hesab edirsə ki, bu, İran dövlətinə qarşıdır, yox! Bu, dünyanın hər yerində hər bir xalqın haqqı olan bir məsələdir və əgər biz və Güneydə yaşayan azərbaycanlılar qaldırırlarsa, bu, çox normal haldır. Yəni bunu faciəyə, yaxud İran rejiminə qarşı çevirmək lazım deyil”. S.Rüstəmxanlı digər vacib məqamlara da toxundu: “Bir var Azərbaycanın bütövləşməsi, xalqın vahid bir dövlətdə yaşaması məsələsi, bu, bir az fərqli məsələdir. Bunu da gündəlikdən çıxartmaq olmaz, gündəlikdə qalır, xalqın arzusudur, heç kim bu arzunu onun ürəyindən çıxara bilməz. Bu gün konkret olaraq mən Azərbaycanın ən çox bütövlük tərəfdarı olan,  ordakı xalqın istiqlalını istəyən adamlardan biriyəm, amma İran ətrafında cərəyan edən hadisələri izləyirəm, Suriyada, İraqda baş verənləri görürəm və düşünürəm ki, bu gün İranın parçalanması, yaxud orda savaşın getməsi bizim xeyrimizə deyil. Heç bu barədə bəlkə danışmaq da lazım deyil. Azərbaycan türkləri təkcə Cənubi Azərbaycana yox, əslində İranın hər tərəfinə haqqı olan bir millətdir və İrana min il başçılıq etmiş bir xalqdır. Ona görə də bu məsələni sürətləndirməyə ehtiyac yoxdur. İndiki halda bizə İranla mədəni, iqtisadi, qonşuluq əlaqələrini qoruyub-saxlamaq və bu arada açılmış yolları bir az da genişləndirmək xeyir edir. Odur ki, biz bunun haqqında daha çox danışmalıyıq və yeri oldu-olmadı bu iki dövlətin və xalqın arasındakı münasibətləri pozan şüarlarla çıxış etməyə ehtiyac yoxdur”.

DAK sədri Güney Azərbaycan mövzusu ilə məşğul olanlarla bağlı münasibətini də ifadə etdi və bəzi məsləhətlərini verdi: “Güney elə bir həssas məsələdir ki, ora ilə hər adam məşğul ola bilməz, hər adam da ora barmaq uzatmalı deyil. Burada dövlətin siyasəti var, dövlət o siyasəti davam etdirməlidir. Bu, dinc qonşuluq siyasətidir və bu münasibətlər daha da inkişaf etməlidir. Burda özünə yer tapa bilməyən, siyasətdən xəbərsiz adamların Güney məsələlərini özünə proqram və ya bayraq etməsi düzgün deyil, bu, işin xeyrindən daha çox, ziyanına olar”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa: “Mən bir çoxlarının bu prosesdə Güney Azərbaycanı özünün mövcudluğu üçün istifadə etməsini doğru saymıram və bu məsələyə daha səmimi yanaşmağın tərəfdarıyam”

Deputat, BQB başqanı Fazil Mustafa qeyd etdi ki, ümumiyyətlə, Güney Azərbaycan adlı bir məsələnin Azərbaycan siyasətində gövdə funksiyasına gətirmək olmaz: “Bu, budaq funksiyasında olmalıdır. Xüsusilə də Azərbaycan siyasətçiləri üçün. Çünki gövdə elə Quzey Azərbaycanın özünün problemləridir. Güney Azərbaycanda bizim fəaliyyətimiz daha çox ordakı milli hərəkata dəstək xarakteri daşımalıdır, ona direktiv verən, onu yönləndirən xarakter daşımamalıdır. Çünki toplumun spesifikasını nəzərə alaraq, siyasət qurmalıyıq. Çünki bizim burda istehsal etdiyimiz, hazırladığımız nəzəri passulatlar orda işə yaramaya bilər və ora böyük problemlər də yarada bilər. Biz Güney Azərbaycan mövzusunu Azərbaycan siyasətində bir qisim insanların daldalanacaq yeri kimi görməməliyik. Yəni ona mövcud siyasətdə durğunluqdan qurtulmaq, yaxud durğunluğu pərdələmək üçün gizlənmə yeri kimi baxılmamalıdır. Əgər kiminsə doğrudan da cənubdakı hərəkatın, ordakı toplumun sosioloji olaraq mahiyyətinə anlayacaq və proseslərin inkişafını proqnozlaşdıra biləcək qabiliyyəti varsa, bu problemə girməlidir”. F.Mustafa əlavə etdi ki, artıq bu, ədəbiyyat bu, ədəbiyyat mövzusu deyil: “Bu, Şəhriyarın şeirini bəlağətlə söyləmək mənasına gələn bir yanaşma deyil. Burda bir xalqın taleyindən söhbət gedir və bu xalqın taleyinə də nəsə yabançı bir şeylər, yanlış detalları qatmaq olmaz. Ona görə də Bütöv Azərbaycan siyasətini xüsusilə də Quzey Azərbaycanda naşılıqdan qurtarmaq, buna ancaq psevdopatriatik anlayışla yanaşanların inhisarından çıxartmaq lazımdır. Bu siyasəti daha çox iqtisadi təfəkkürə sahib, müəyyən dərəcədə sosioloji təhlil qabiliyyətinı sahib insanlar tərəfindən şəkillənməsinə yönləndirməliyik. Çünki biz ora kömək etmək istəyiriksə, ilk növbədə güc, ağırlıq ordakı insanların üzərinə düşür. Onlarda bir dinamizm, yaxud hərəkətlənmə olarsa, yaxud ölçülü-biçili bir təşkilatlanma modeli ortaya çıxarsa, biz buna hər cür dəstək verə və diqqət verə bilərik. Diqqət edirsinizsə, bundan əvvəl hansı addımlar atılmışdı? Çöhrəqanlı və başqalarının liderliyi ilə bağlı bizdə cəmiyyətə elə mesajlar verilirdi ki, sanki onların liderliyi ilə Güney Azərbaycan qısa müddətdə qurtulacaq. Amma zaman göstərdi ki, bunun bazasında bir fəlsəfi əsaslandırma və doğru hərəkətverici bir metodologiya yoxdur. Ona görə də bu cür süni şişirtmələrlə biz bu hərəkat barədə illüziyalar yaratmış oluruq, bu da ümumi işimizə ziyan vurur. O baxımdan mən bir çoxlarının bu prosesdə Güney Azərbaycanı özünün mövcudluğu üçün istifadə etməsini doğru saymıram və bu məsələyə daha səmimi yanaşmağın tərəfdarıyam. Yəni dediyim kimi, biz Güney Azərbaycan anlayışı və siyasətinə gövdə kimi baxmamalıyıq, bunu sadəcə qol-budaq kimi yanaşmalı, bu budağın müəyyən dərəcədə inkişaf etməsinə və doğru istiqamətə yönəlməsinə yardım etməliyik”.

 RüfÉt Muradlı ile ilgili görsel sonucu

Rüfət Muradlı: “Ölkədaxili siyasi proseslərə qatılmadan yalnız soydaşlarımızın məsələləri ilə məşğul olmaq sadəcə Azərbaycandakı problemlərdən yayınmaq kimi xarakterizə edilə bilər”

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı isə qəzetimizə dedi ki, ölkədaxili siyasi proseslərə qatılmadan yalnız soydaşlarımızın məsələləri ilə məşğul olmaq sadəcə Azərbaycandakı problemlərdən yayınmaq kimi xarakterizə edilə bilər: “Əslində daim demişik və bir daha təkrar edirəm. Öz ölkəsindəki problemlər, haqsızlıqlar müqabilində susaraq, bəzən də ədalətsizliklərə haqq qazandıraraq Turan, Türkçülük, Bütöv Azərbaycan iddiası etmək mənim düşüncəmdə siyasi dələduzluq, elələrinə dəstək verib milliyətçi kimi tanımaq isə əbləhlikdir. Bizim üçün Turan da, Bütöv Azərbaycan da vətəndaşı olduğumuz ölkə demokratikləşdikdən, insanına haqq etdiyi həqiqi dəyəri qaytarıldıqdan sonra gerçəkləşəcək. Qaldı ki, Güneydə yaşayan soydaşlarımızın durumu ilə bağlı fəaliyyətlərə. Biz öz siyasi fəaliyyətimizin kənarında istər Güneydə, istər Borçalıda, istərsə dünyanın istənilən nöqtəsində yaşayan soydaşımızın yanında olmağı məhz soydaşlıq borcumuz bilirik. Özəlliklə mədəni haqlardan məhrum edilən Güneyli soydaşlarımızın milli mübarizəsi dəstək vermək, onlara qarşı hələ Pəhləvilər dönəmindən başlamış və təəssüf ki, İslam Respublikası dönəmində də səngiməyən diskriminasiyaya qarşı səsimizi ucaltmağı vacib hesab edirik. Burada qonşu ölkənin siyasətinə hər hansı müdaxilədən söhbət gedə bilməz. Biz hər zaman bəyan etmişik ki, İranın siyasi sistemi ilə bağlı son qərarı ölkə vətəndaşları verəcək , Güney Azərbaycanın gələcək siyasi palitrasını da məhz güneylilər müəyyən edəcək. Milli haqlar, ya insan haqları məsələsi isə bir ölkənin sərhəd hüdudları ilə məhdudlaşan problem sayılmamalıdır”.


шаблоны для dle 11.2
Tarix: 10-07-2019, 23:58




Xəbər lenti