Bələdiyyə seçkiləri ilə bağlı yeni təklif


Bələdiyyə seçkiləri ilə bağlı yeni təklif

Tamilla Qulami: “Boykotçu  müxalifət anlamır ki, bununla seçki vərdişlərinin formalaşmasının qarşısını alır”

Vüsal Qarayev: “Seçkiyə maraq yaratmağın bir yolu var, o da prosesin demokratik, şəffaf keçirilməsidir”

Əli Orucov: “Mərkəzləşdirilmiş icra strukturları o qədər gücləndirilib ki, seçkili qurumlar arxa plandadır”

Əhəd Məmmədli: “Partiya olaraq bələdiyyə seçkilərinə qoşulmağın prosedurlarını da çətinləşdiriblər”

2019-cu il Azərbaycanda seçki ilidir. Belə ki, Seçki Məcəlləsinə əsasən, bu il bələdiyyə seçkiləri keçirilməlidir. Qeyd edək ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komisiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Göründüyü kimi, seçkilərə 5 aydan bir qədər artıq vaxt qalıb. Amma demək olar ki, heç bir siyasi kəsim bələdiyyə seçkilərindən danışmır. Bələdiyyə seçkilərinin keçirilməsinə qısa zaman qalmış növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gəldi. Demək olar ki, bütün siyasi kəsim, həm iqtidar, həm müxalifət, həm də sadə vətəndaşlar növbədənkənar parlament seçkilərinə bu və ya digər formada münasibət bildirdi. Parlament seçkiləri ilə məsələ bu gün də müzakirə olunur və hələ də gündəmdədir. Qeyd edək ki, parlament seçkiləri qanunvericiliyə uyğun olaraq 2020-ci ilin noyabrında keçiriləcək. Amma artıq bu məsələ ciddi şəkildə müzakirə predmetidir.

Maraqlıdır, niyə hamı parlament seçkilərindən danışır? Bələdiyyə seçkilərinə maraq niyə azdır?

“Seçicinin ayağına getmək lazımdır”

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bələdiyyə seçkilərinə marağın az olması siyasi qüvvələrin günahıdır: 

“Bu gün Azərbaycan insanının, vətəndaşının seçkilərə qatılmamasının, seçki vərdişinin formalaşmamasının əsas səbəbkarı hakimiyyətdir. Amma müxalifətin də məsuliyyəti var.  Təəssüflər olsun ki, Azərbaycanda boykotçu  müxalifət anlamır ki, bununla seçki vərdişlərinin formalaşmasının qarşısını alır. Nəticədə Azərbaycan vətəndaşı seçkiyə inanmır, namizədlər ortada olmur. Azərbaycan seçicisinin ayağına getmək lazımdır. Seçicinin yanına getməyin yeganə yolu isə seçkilərdir. Bu gün Azərbaycan insanı seçkiyə getmədiyi üçün iqtisadi məngənə altında əzilir. Azərbaycan insanın başı sosial problemlərə o qədər qarışıb ki, bu gün siyasətə qoşulmu, seçkiyə getmir, inanmır. Ona görə də Azərbaycan müxalifətinin üzərinə düşən ən böyük vəzifə qanuni olaraq təyin olunan seçkilərdə iştirak etməkdir. Seçkilərarası dövrdə müxalifət rayonlara səfər edəndə təəssüflər olsun ki, onlara müxtəlif maneələr yaradılır. Ona görə də daha rahat şəkildə seçkilərdə iştirak etmək lazımdır ki, insanları bu prosesə cəlb edə bilək. Əhlainin seçki aktivliyinin nə qədər aşağı olduğunu bilsək də, seçkilərdə iştirak edib səlahiyyətli yerlərdə olmalıyıq ki, Azərbaycan xalqının yaxşı yaşaması üçün çalışmaq imkanımız olsun. Təəssüflər olsun ki, bu gün bələdiyyələrdən uzaq duranlar anlamır ki, yerli idarəetmə orqanlarında müxalifət daha çox olarsa, o zaman qanunvericilikdə daha çox dəyişikliklər etmək mümkün olar. İnsanları aktivləşdirmək lazımdır ki, yerlərdə pozulan hüquqlarını müdafiə edə bilsinlər. Öz məhəllələrində haqlarını, hüquqlarını qoruyan bələdiyyə üzvü gələcəkdə parlament seçkilərində çox rahat şəkildə iştirak edə bilər. Ona görə də Azərbaycan müxalifətinin üzərində düşən ən böyük vəzifə seçkilərdə iştirak etməkdir. Bəli, bu gün seçkilərdə iştirak etmək, səsləri qorumaq çox çətindir. Ona görə ki, Azərbaycanda insanın seçki vərdişinin formalaşmasının qarşısını alıblar. İllərlə bu vərdiş formalaşsaydı, bu gün də vəziyyətimiz çox yüngül olardı. Keçmişdə etdiyimiz səhvlərin heç birini təkrar etməli deyilik. Mütləq şəkildə seçkiyə qatılmaq lazımdır”.

“Bələdiyyə cəmiyyətdə nüfuza sahib deyil”

Azərbaycan Xalq Cəbhəsi Partiyası  (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, xalqın, ümumiyyətlə, nə bələdiyyə, nə də parlament seçkilərinə marağı o qədər yoxdur:  

“Səbəbi isə odur ki, vətəndaş seçkilərin şəffaflığına, demokratikliynə inanmır. Yəni xalq onun seçdiyi namizədin seçkidən qalib çıxacağına inanmır. Bələdiyyələrə gəldikdə isə, ümumiyyətlə, Azərbaycanda bələdiyyələr demək olar, formal bir strukturdur. Məsələn, Türkiyə ilə müqayisədə Azərbaycanda bələdiyyələr, sanki torpaq alğı-satqı ofisidir. Bələdiyyə sədrləri yerli idarəetmədə demək olar, heç bir nüfuza sahib deyillər. Konkret olaraq, bələdiyyələr icra hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərir. Bunun üçün də bələdiyyə seçkilərinə maraq olmaması təbii haldır. Bəli, bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri qismən nüfuzludur. İstənilən halda, Milli Məclis dövlətin qanunverici orqanıdır. Baxmayaraq ki, vətəndaş bu orqana da inanmır. Ölkədə seçkiyə maraq yaratmağın bir yolu var, o da prosesin demokratik, şəffaf keçirilməsidir”.

“Bələdiyyə seçkiləri arxa plandadır”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, bələdiyyə seçkiləri əslində, siyasi partiyalar üçün parlamentə düşmək üçün tramplin, hazırlıq mərhələsi olmalıdır: 

“Amma təəssüflər olsun ki, Azərbaycanda bələdiyyə seçkilərinə heç bir siyasi düşərgə həvəslə yanaşmır. Bunun səbəbi ondan ibarətdir ki, ilk növbədə Azərbaycanda seçki institutları sıradan çıxıb. Digər tərəfdən seçkili qurumların cəmiyyətdə nüfuzu, geniş səlahiyyətləri yoxdur. Seçkilərin nəticələrinin əvvəlcədən bəlli olduğu üçün insanlar mübarizə aparmağa maraq göstərmirlər. Bu baxımdan bələdiyyə seçkiləri arxa plandadır. Baxmayaraq ki, yaxın müddətdə artıq yerli idarəetmə orqanları ilə bağlı seçkilərə start veriləcək. Bir müddət öncə hər birimiz Türkiyədə bələdiyyə seçkilərində hansı mübarizənin getdiyinin şahidi olduq. Seçki kmpaniyası çox qızğın keçdi. Tərəflər mübarizəni gərgin şəraitdə apardılar. Hər bir yer uğrunda “ölüm-dirim” savaşı verildi. Çünki orada bələdiyyələrin səlahiyyətləri, funksiyaları var. Türkiyədə bələdiyyələr yerli hökumət rolunu oynayır. Bu baxımdan, seçkilərə maraq da güclüdür. Azərbaycanda isə bələdiyyələrə ola bilsin ki, qanunla müəyyən səlahiyyətlər verilib, amma faktiki heç bir icra səlahiyyətinə sahib deyil. Mərkəzləşdirilmiş icra strukturları o qədər gücləndirilib ki, seçkili qurumlar arxa plandadır. Dəfələrlə demişik ki, Bakı şəhərində bələdiyyə institutu yaradılsın və idarəetmə, təsərrüfat işləri onların səlahiyyətinə verilsin. Bunlar olmayandan sonra bələdiyyələrə maraq artmayacaq. Görürük ki, hər biri dotasiya ilə işləyir və açıq şəkildə icra hakimiyyətlərinin bir əlavəsidir. Təklif etmişdik ki, bələdiyyə üzvlərindən başqa, bələdiyyə sədri də ümumxalq səsverməsi ilə seçilsin. Belə olanda icra sturkturlarından asılılıq bir qədər azalır. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, hökumət bütün bunları yerinə yetirmir”.

“Bu vəziyyət davam edənə qədər...”

Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli də hesab edir ki, bələdiyyə seçkilərinə marağın az olması bu qurumun səlahiyyətinin az olması ilə əlaqəlidir: 

“Azərbaycanda bələdiyyələr formal xarakter daşıyır. Hakimiyyət bələdiyyələri bilərəkdən bu vəziyyətə salıb. “Bələdiyyə” deyəndə adamın ağlına torpaq satan qurum gəlir. Artıq torpaq da deyəsən, sata bilmirlər. Maaşı da ancaq daimi sədrlə katiblər alır. Partiya olaraq bələdiyyə seçkilərinə qoşulmağın prosedurlarını da çətinləşdiriblər. Heç bir səlahiyyəti olmayan formal bir qurumdu. Bu cür vəziyyət davam edənə qədər siyasi partiyaların Azərbaycanda bələdiyyələrə maraqı həmişə az olacaq”.//Cebhe.info//



шаблоны для dle 11.2
Tarix: 14-07-2019, 14:29




Xəbər lenti