“AXC komandasında ən milli ruhlu insanlar Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımov idi, amma..”


“Nəticədə xalqın ürəyindən keçən bir sıra məsələlər  həllini tapmadı...”




 Bu gün Azərbaycanın 1988-1991-ci illərdəki müstəqillik, milli azadlıq uğrundakı mübarizəsində müstəsna yeri olan Azərbaycan Xalq Cəbhəsinin yaradılmasından 30 il keçir. 
Moderator.az əməkdaşı həm bir sıra AXC lider və fəalları, həm Ayaz Mütəllibovun komanda üzvləri arasında sözünü mümkün qədər obyektiv deməyə çalışan bir ictimai-siyasi xadim kimi tanınan, Yeni Azərbaycan Partiyasının qurulmasında da fəal iştirak etmiş sabiq deputat Maksim Musayevin 30 yaşı tamam olan bu hərəkat haqda fikirlərini öyrənməyə çalışıb:

“Xalq Cəbhəsinin fəaliyyəti, o cümlədən hakimiyyət dövrü barədə bir sıra müsahibələrimdə, eləcə də kitablarımda ətraflı danışmış və yazmışam. Qısaca onu deyə bilərəm ki, suverenliyimizin, müstəqil dövlətçiliyimizin bərpasına gedən yolda, xalqın milli ruhunun oyanışında və s. AXC-nin xüsusi xidmətləri olub. Amma təəssüf ki, 1992-ci ilin mayında hakimiyyəti ələ keçirdikdən sonra bu qurumun başında duranların çoxu dəyişildi və ya iç üzləri bəlli oldu. Bunu, mən həm o dövrkü deputat, həm də 1991-ci ildən 1992-ci ilin oktyabrınadək Xızı rayonunun icra başçısı işləmiş bir şəxs kimi deyirəm. AXC hakimiyyət komandasının əsas səhvlərindən biri bu` oldu ki, kommunist dövründən qalan kadrlara qarşı, demək olar ki, o dövrdəki bir məqaləmdə dediyim kimi, “soyqırım” apardı. Halbuki, onlar o vaxt baş nazirin müavini olan hazırkı deputat Vahid Əhmədov kimi bir sıra digər bacarıqlı kadrları da vəzifələrdə saxlamaqla müəyyən nailiyyətlər əldə edə bilərdilər.  Keçmiş 10-15 rayon rəhbərindən ən gec- təxminən 6 ay sonra məni azad etdilər, qalanlarını elə ilk aylardan “dənləməyə” başladılar. Bu da düzgün siyasət deyildi... 

AXC-nin başında duran lider və fəalları iki qrupa bölmək olardı: səmimi olaraq xalqa, vətənə xidmət etmək üçün hərəkata qoşulanlar və bir də öz şəxsi mənafeləri, ayrı-ayrı  xarici və daxili qurum və ya qruplaşmaların maraqlarına xidmət edənlər. Yaxşı ki, AXC komandasında da bir sıra əsl milli ruhlu, vətənsevər kadrlar var idi. Cəbhə hakimiyyəti dövründə əldə olunmuş bəzi uğurlar, məsələn, təhsildə test üsulu ilə qəbul sisteminə keçilməsi, Rusiya ordusunun Azərbaycandan çıxarılması və s. məhz həmin vicdanlı kadrların hesabına baş verirdi. Bilavasitə şahidi olduğum bir çox epizodlar əsasında deyə bilərəm ki, AXC komandasında ən milli ruhlu insanlar kimi Əbülfəz Elçibəy, Pənah Hüseyn və Tofiq Qasımovu tanımışam(O vaxtkı təhsil naziri Firudin Cəlilov və Vurğun Əyyubun da müsbət işlərdə əməyi olmuşdu). Amma təəssüf ki, digərləri kimi onların da dövlət, hökumət idarəçiliyində heç bir təcrübəsi yox idi. Bunun və şəxsi mənafeləri üçün çalışan digərlərinin əks-fəaliyyəti nəticəsində AXC-nin öncədən ideya və  vəzifə kimi qarşısına qoyduğu və xalqın ürəyindən keçən bir sıra məsələlər  həllini tapmadı...”
“Bəs AXC-nin lider və fəallarının 1993-cü ildən bəri siyasi müxalifətçilik fəaliyyətini necə dəyərləndirirsiniz” sualını isə keçmiş YAP fəalı belə cavablandırıb:

“Təəssüf ki, hərəkat və hakimiyyət dövründə şəxsi mənafelərini güdərək müxtəlif nanəcib işlərə yol vermiş bəzi AXC lider və fəalları müxalifətdə olduqları son dövrlərdə də yaratdıqları partiya və ya hərəkatlardan yenə də öz məqsədləri, eyni zamanda hakimiyyət dövründəki “zibil”lərini ört-basdır etmək üçün istifadə etdilər və bu gün də etməkdədirlər. Belə olan halda isə xalqa, dövlətə faydalı müxalifətçilikdən danışmağa dəyməz... 

Onu da deyim ki, bəzi keçmiş AXC fəalları indi də mənə xəbər göndərib xahiş edirlər ki, onları az tənqid edim. Amma bütün bunlar bizim tariximizdir və  hər bir vətəndaş digər qurumlar və hakimiyyətlər kimi, AXC və onun iqtidar dövrü barədə bildiyi, şahidi olduğu müsbət-mənfi gerçəkləri bacardığı qədər deməlidir...”

Sultan Laçın    

шаблоны для dle 11.2
Tarix: 16-07-2019, 16:53




Xəbər lenti