Müxalifətin boykot qərarından vaz keçməsinin sirri - təfərrüat


Bəzi ekspertlər iddia edir ki, Qərb dairələrindən boykot tərəfdarı olanlara seçkilərdə iştirakın vacib olduğu yönündə təlimat gəlib

Ötən həftə sonu Müsavat Partiyasının qərargahında Müsavat, AXCP və REAL və bir qrup ictimai təşkilatın təmsilçilərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi çoxsaylı müzakirələr yaradıb. Tədbirin bu ilin dekabrında keçiriləcək bələdiyyə və gələn ilin payızında gözlənilən parlament seçkilərinə həsr olunması bəzi ehtimallara yol açıb.

Belə fikirlər var ki, indiyə qədər boykot tərəfdarı olanlar (REAL istisna olmaqla) artıq seçkilərdə iştiraka meyllidir. Bu da çoxsaylı suallar doğurub. Çünki Müsavat və AXCP seçki komissiyalarının tərkibi dəyişdirilməyincə, seçkilərdə iştirakı mənasız hesab edirdilər. Hətta ötən ilin aprelində keçirilən prezident seçkilərini bu partiyalar boykot etmişdilər.

Bəzi ekspertlər belə ehtimal səsləndirirlər ki, Qərb dairələri tərəfindən boykot tərəfdarı olanlara seçkilərdə iştirakın vacib olduğu yönündə təlimat gəlib. Arqument kimi də boykot taktikasının uğursuz olduğu önə çəkilir. Bu yerdə bir xatırlatma yerinə düşər ki, ölkə müxalifəti indiyə qədər təkcə zəif olduğu zamanlarda deyil, ən güclü vaxtlarında, hətta seçkilərdə ciddi uğur qazanmaq imkanları olan dönəmlərdə belə boykot etdikləri seçkilər olub. Misal olaraq, 1998-ci ilin prezident seçkilərini göstərmək olar. Bunun üzərindən 10 il keçəndən sonra da müxalifətin əsas aparıcı qüvvələri prezident seçkilərini boykot etdilər. 2015-ci ilin parlament seçkilərində də buna bənzər qərarların şahidi olduq. Bütün bunlara baxmayaraq, boykot taktikasının indiyə qədər heç zaman uğur qazanmadığına zaman-zaman şahidlik etmişik.

AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, müasir dünyada hakimiyyətə gəlməyin yeganə sivil və hüquqi yolu seçkilərdir: “Həqiqi demokratik, hüquqi, dünyəvi ölkələrdə seçkilərdən başqa iqtidar olmağın alternativi yoxdur. Odur ki, qarşısına iqtidar olmağı məqsəd qoymuş istənilən siyasi qurum və partiya hər an seçkilərə hazır olmalıdır. Düşünürəm ki, istənilən seçkilər partiyaların hazırlıqlarından asılı olaraq hər bir təşkilat üçün yeni bir fürsətdir. Ən azından biz AĞ Partiya olaraq hər zaman bu mövqedə olmuşuq və bundan sonra da bu mövqeni müdafiə edəcəyik. Biz hər zaman seçkilərə qatılmağın və seçki mühitinin yaratdığı əlavə imkanlardan yararlanaraq nələrəsə nail olmağın real olduğunu düşünmüşük. Təbii ki, bu məsələnin digər tərəfi də seçkilərin kim tərəfindən və necə keçirilməsidir. Belə ki, təəssüflə qeyd etməliyik ki, 1992-ci ildən bu tərəfə Azərbaycanda bir dəfə də olsun tam azad, şəffaf, ədalətli və real seçki keçirilməyib. Azərbaycanda baş tutan hər seçkiyə hakimiyyət müdaxilə edib, öz maraqları naminə seçkinin nəticələrini dəyişib, seçki komissiyalarını tam öz nəzarətinə götürüb və sair. Hətta bu hal hər dəfə beynəlxalq və yerli müşahidə qrupları və təşkilatları tərəfindən təsbit olunub, qeydə alınıb. Ancaq seçkilərdə iştirak etməyin tərəfdarı olmaq hələ o demək deyil ki, biz seçki prosesindəki hüquqsuzluqların və saxtakarlıqların aradan qaldırılmasının tərəfdarı deyilik.

Tural Abbaslı ile ilgili görsel sonucu

Şəxsən mən və AĞ Partiyanın bugünkü rəhbərliyindəki şəxslər məhz seçki islahatları tələblərimizə və aksiyalarımıza görə dəfələrlə həbslərə və repressiyalara məruz qalmışıq. Yəni bu gün demokratik mübarizədə yaxından-uzaqdan əlaqəsi olmayıb, tək fikirləri Avropadan siyasi mühacir hüququ almaq olan bəzilərinin durub bizlərə boykot və ya iştirakla bağlı yol göstərmək cəhdləri çox gülünc görünür. Məncə, bu məsələdə hər kəs yerini və çəkisini bilməlidir, başqalarından yüksəyə tullanmağa çalışmamalıdırlar. Biz, AĞ Partiya olaraq bu gün də iqtidardan təcili seçki islahatları keçirməyi, seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkil olunmasını, təbliğat-təşviqat işləri üçün nəzərdə tutulan müddətin artırılmasını, namizədlərin qeydiyyat məsələlərinin və partiyaların seçkilərdə iştirak prosesinin hüquqi baxımdan yüngülləşdirilməsini və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinin nəzərə alınmasını tələb edirik. Təbiidir ki, sadaladığım islahatlar və dəyişikliklər aparılmasa bu iqtidarın keçirdiyi istənilən seçkilərin obyektivliyi və xalqın iradəsini təcəssüm etdirməsi şübhə altında qalacaq.

Belə seçkilər nəticəsində formalaşmış iqtidarlar isə ən azından xalq tərəfindən heç zaman tam legitim sayılmayacaq. Həmçinin biz bu dəyişikliklərə kənarda dayanaraq boykot siyasəti ilə də nail olunacağına inanmırıq. Biz bu dəyişiklikləri ancaq aktiv iştirak və mübarizə yolu ilə əldə etməyin mümkün olduğunu düşünürük. Yəni seçkilərdə iştirak edərək bu proses zamanı hakimiyyəti fakt qarşısında qoymaq, onun saxtakarlığını dəlil-sübutlarla ifşa etmək, seçki mühitinin yaratdığı xalq hərəkətliliyi, beynəlxalq diqqət və bəzi konstitusion hüquqların istifadəsi ilə nəticə əldə etməyə çalışmaq daha realdır, nəinki kənardan passiv boykotçu müşahidəsi ilə. O ki qaldı hansısa partiyaların və qurumların seçki müzakirələrinə, orada səsləndirdikləri fikirlərə, bunlar AĞ Partiya olaraq bizim üçün maraqlı deyil. Nə istəsələr və hansı yolu seçsələr, o yolla da getməkdə sərbəstdirlər”./“Yeni Müsavat”/


шаблоны для dle 11.2
Tarix: 11-09-2019, 10:01




Xəbər lenti