AŞ PA prezidenti Azərbaycanda kimlərlə görüşdü - deputatdan rəy


Fazil Mustafa: “Bu səfər Azərbaycanın problemlərinin dilə gətirilməsi baxımından bir fürsətdir”

Sentyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Paskyenin Azərbaycana rəsmi səfəri başlayıb.  İki gün davam edəcək səfər çərçivəsində AŞ PA rəhbəri bu qurumun yaranmasının 70 illiyi ilə bağlı ölkəmizdə keçirilən tədbirdə iştirak edib.

O, çıxışında deyib: “Bu, Azərbaycana ilk səfərimdir. Səfər mənə ölkənizi yaxından tanımağa imkan verəcək. Azərbaycanın və digər ölkələrin Avropa Şurası Parlament Assambleyasına qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb. Ona görə də AŞ PA-nın 70 illiyi ilə bağlı tədbir Azərbaycanda keçirilir”.

AŞ PA prezidenti Avropa Şurasına üzv ölkələr arasında dialoqun vacibliyini qeyd edib: “Dialoq çox vacibdir, çünki yalnız bu yolla mövcud problemləri birlikdə həll etmək olar”.

Avropa Şurası ölkələrinin İnsan Hüquqları Konvensiyasını milli səviyyədə həyata keçirmələrinin əhəmiyyətinə toxunan qonaq Bakıda keçirilən tədbiri bu məsələlərin müzakirəsi üçün əlverişli platforma kimi səciyyələndirib.

Eyni zamanda AŞ PA prezidenti Azərbaycan hökumətini Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul konvensiyasına qoşulmağa çağırıb.

Azərbaycan hakimiyyətinə təşəkkür edən L.M.Paskye səfər çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşdüyünü və görüşlərin sentyabrın 12-də də davam edəcəyini diqqətə çatdırıb. O, həmçinin AŞ PA-nın yaranma tarixi və məqsədləri haqqında danışıb.

Qeyd edək ki, 5-7 sentyabr tarixlərində də AŞ PA məruzəçisi Torild Sunna Evarsdottir ölkəmizə səfər etmişdi. Bir həftə ərzində bu səfərlərin reallaşması bir çox müzakirələr yaradıb. Xüsusilə səfərlər öncəsi 117 və 119 nəfərlik siyasi məhbus siyahılarının elan olunması müzakirələrin sayını daha da artırıb. Xanım məruzəçinin səfərində siyasi məhbuslar ən çox müzakirə edilən məsələlər sırasında oldu. AŞ PA prezidentinin də bu səfərində siyasi məhbusların müzakirə predmeti olacağı gözlənilir.

Fazil Mustafa ile ilgili görsel sonucu

Böyük Quruluş Partiyasının sədri, AŞ PA-dakı nümayəndə heyətimizin üzvü Fazil Mustafa bu səfəri önəmli sayır: “Səfərin proqramı, hansı məramının olduğu ilə tanış deyiləm. Amma hər halda, AŞ PA ilə əlaqələrimiz müəyyən müqavilə əsasında olduğuna görə bu qurum qarşısında öhdəliklərimiz var. Orada təmsil olunuruq. Ona görə də bu səfər Azərbaycanın problemlərinin dilə gətirilməsi baxımından bir fürsətdir. Səhv etmirəmsə, AŞ PA prezidentinin Azərbaycana ilk səfəridir. Bütün hallarda öz problemlərimizi dilə gətirmək üçün bu məsələdən istifadə etməliyik”.

Deputat həm AŞ PA məruzəçisinin, həm də AŞ PA prezidentinin ölkəmizə səfərlərinin yaxın zamanlarda Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq tərəfdaşlıqla bağlı sazişə təsirlərinin olmayacağını düşünür: “Avropa İttifaqına bunun təsiri yoxdur. AŞ PA prezidentinin tamamilə başqa bir missiyası var. Onun səlahiyyət dairəsi elə də geniş deyil. Bu sırf parlamentar fəaliyyətlə bağlıdır. Ona görə də bu məsələdə Avropa Birliyi ilə münasibətlərimiz başqa kontekstdə müzakirə olunur və həll edilir. Amma hər halda, bunun Avropa qurumları ilə əməkdaşlığa ümumi faydası var. Bunu da davam etdirməliyik”.

F.Mustafa AŞ PA-nın payız sessiyası öncəsi bu səfərlərin təşkil edilməsinin və siyasi məhbuslar məsələsinin iki böyük siyahı ilə qabardılmasının Avropa tərəfindən Azərbaycana qarşı təzyiqlərin artmasına səbəb olmayacağını da qeyd etdi: “Ortada təzyiq məsələsi yoxdur. Müzakirələr hər zaman var. Düşünürəm ki, Azərbaycana təzyiq etməklə nəyisə əldə etmək imkansızdır. Daha çox bu müzakirələrdən sonra hansısa bir konstruktiv fikirlər, təkliflər varsa, Azərbaycan da onu nəzərə ala bilər. Amma indiki vəziyyətdə təzyiqlərdən söhbət gedə bilməz”.


шаблоны для dle 11.2
Tarix: 12-09-2019, 13:36




Xəbər lenti