Avropa İttifaqı ilə saziş Azərbaycana nə verəcək? - Müxalifət dəyərləndirir -SORĞU


Avropa İttifaqı ilə saziş Azərbaycana nə verəcək? - Müxalifət dəyərləndirir -SORĞU

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişin imzalanması xeyli müddətdir ki, gündəmdədir. 

Bir müddət əvvəl sazişin bu ilin 13 mayında imzalanacağı deyilsə də, sonradan bu informasiya təkzib olundu. Qeyd edək ki, sözügedən sazişlə bağlı ictimai-siyasi cameədə fikir ayrılıqları yaranmışdı. Bugünlərdə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş imzalanması məsələsi yenidən gündəmə gəlib. 

Belə ki, Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqların davam etdiyini deyib. 

İndi ən çox verilən sual “Bu saziş Azərbaycana lazımdırmı?” sualıdır.  

Cebhe.info bu suala siyasilərlə söhbətdə cavab axtarıb. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev Cebhe.info-ya açıqlamasında imzalanacaq sazişə hər iki tərəfin riayət etməsinin vacib olduğunu deyib:

“Göstərilir ki, saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib. Əslində gözəl təşəbbüsdür. Bizim də istəyimiz odur ki, Azərbaycan qanunvericiliyi beynəlxalq qanunvericiliyə uyğunlaşsın. Burada əsas məsələ odur ki, Azərbaycan hakimiyyəti sazişin şərtlərinə uyacaqmı? Eyni zamanda Avropa İttifaqı Azərbaycanın hüquqlarını beynəlxalq arenada qoruyacaqmı? Çünki əgər Avropa İttifaqı Azərbaycandan beynəlxalq hüquqa riayət etməsini istəyirsə, özü də Azərbaycanın hüququnu, haqlı mübarizəsini müdafiə etməlidir. Edirmi? Söhbət təbii ki, özəlliklə Qarabağ münaqişəsindən gedir. İlk saziş səhv etmirəmsə, 1999-cu ildə qüvvəyə minib. Deməzdim ki, Azərbaycanın hüquqları, haqlı mübarizəsi Avropa İttifaqı tərəfindən qorunub, müdafiə edilib. Eləcə də Azərbaycanda bu gün bütün sahələrdə, həmçinin insan hüquqları sahəsində kifayət qədər problemlər var. Yəni saziş kağız üzərində qalıb deyə bilərik. Ümid edək ki, yeni saziş hər iki tərəf üçün, özəlliklə ölkəmiz, dövlətçiliyimiz, xalqımız üçün uğurlu olar, mövcud sahələrdəki problemlər aradan qalxar”. 

Ağ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, Azərbaycan və Avropa İttifaqı arasında sazişlə bağlı danışıqların davam etdirilməsi müsbət haldır:

“Bir halda ki, Azərbaycan iqtidarı avrointeqrasiyanı öz xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi bəyan edib, o halda bundan təbii nəsə ola bilməz. Əsas məsələ bu danışıqlarda iqtidarın tutduğu mövqedir. Yəni iqtidar bu danışıqlarda ilk sıraya özünün, ya xalqın maraqlarını qoyur? Biz hələ Avropa İttifaqı ilə saziş imzalaya bilməmişik. Baxmayaraq ki, bizimlə eyni zamanda bu danışıqlara başlamış Ukrayna, Moldova, Gürcüstan artıq belə bir saziş imzalayıb və bu sazişin gətirdiyi faydalardan xalqları faydalanır. Digər dövlətlərlə olduğu şərtlərlə saziş imzalansa,  demokratik islahatlar etmək məcburi olacaq. Sazişin imzalanmasının yubanması da ümumilikdə Azərbaycan xalqına və əsasən də iqtisadiyyatımızın inkişafına ziyan vurur. Odur ki, iqtidar belə danışıqlarda xalqın, dövlətin maraqlarını özünün hakimiyyət maraqlarından öndə tutmalıdır”. 

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev də hesab edir ki, saziş ilk növbədə elə Azərbaycana lazımdır:

“Əslində, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində imzalanması nəzərdə tutulan və həmin proqrama qoşulmuş Ukrayna, Gürcüstan və Moldova ilə imzalanan Asossiativ Saziş əvəzinə bu sənədin imzalanmasını Avropa İttifaqının mövcud geosiyasi reallıqları nəzərə alınaraq Azərbaycan tərəfinə edilən güzəşt kimi də qəbul edə bilərik. Bilirsiniz ki, Şərq Tərəfdaşlığı Proqramı altı post-sovet resbubilkası ilə Avropa İttifaqı arasında dərin inteqrasiyanı nəzərdə tutan bir proqram idi. Lakin bu ölkələrdən Ukrayna, Gürcüstan və Moldova ilə dərin inteqrasiyanı nəzərdə tutan Asossiativ Saziş imzalandı. Ermənistan ilə isə əməkdaşlığa dair ikitərəfli saziş var. Azərbaycan isə hələ də danışıqları davam etdirir. Digər iştirakçı olan Belarus ilə də hər hansı formada əməkdaşlığa dair sənəd imzalanmayıb. Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bu sənəddə iqtisadi və mədəni əlaqələrlə yanaşı, siyasi və hüquqi istiqamətlərdə də əlaqələrin dərinləşdirilməsini nəzərə alsaq görərik ki, bu sənəd ölkəmiz üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb edir”. 

Vilayət Muxtar

шаблоны для dle 11.2
Tarix: 12-09-2019, 17:06




Xəbər lenti