“Paşinyan Rusiya üçün müvəqqəti fiqurdur”-ermənişünas alim


Qafar Çaxmaqlı: “Kreml Ermənistanda yeni adam axtarışındadır”

 “Rusiyalı politoloq Vitali Arkovun irəli sürdüyü, daha doğrusu, uydurduğu “Paşinyan planı” deyə, bir şey yoxdur. Paşinyan indi öz hayındadır, hakimiyyətdə qalmaq qayğıları içərisindədir, istədiyi, həyata keçirməyi planlaşdırdığı heç bir şey alınmır, üstəlik, Rusiya ilə dil tapa bilmir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, rusiyalı politoloq Vitali Arkov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı planının olduğunu iddia edib. Politoloq dedi ki, müharibə olacağı təqdirdə ssenarini müharibənin özü diktə edəcək: “Bütün müharibələr gözlənilməz nəticələr ortaya qoyub. Bu müharibənin də necə nəticələnəcəyi heç kəsə məlum deyil. Azərbaycan öz ərazilərini işğaldan azad haqqına sahibdir və bütün dünya Ermənistanı işğalçı kimi görür. Nikol Paşinyanın hər hansı planı ilə bunun dəyişəcəyi inandırıcı deyil”.

Q.Çaxmaqlı digər məqama da diqqət çəkdi: “Bəli, rus politoloq onu düz deyir ki, Ermənistan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün fürsət gözləyir. Ermənistanda belə fikir də səsləndirilir ki, işğal olunmuş digər rayonlar verilsə, Dağlıq Qarabağın birləşdirilməsi qərarı alına bilər. Bu rayonların məsələsi həll olunmadan Ermənistanın əl - qolunun bağlı olacağını deyənlər var. Amma bu rayonları geri verilməsinə qarşı kəskin şəkildə çıxan radikallar da mövcuddur. Hakimiyyət də onların fikrini dəstəkləməkdədir. Belə olmasaydı, işğal altındakı rayonlarda müxtəlif uzunmüddətli layihələrə start verilməz, yollar çəkilməz, evlər tikilməz, qəsəbələr salınmaz, obyektlər açılmazdı. Azərbaycanın öz ərazilərini işğalçılardan təmizləmək kimi bir haqqı var, heç bir ssenari bunu arxa plana ata bilməz. Arkovun iddia etdikləri onun xəyalının məhsullarıdır, belə və fərqli ssenariləri istənilən adam irəli sürə bilər”.

Oktyabrın ilk günü Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin iclasına gələcək Rusiya prezidentinin İrəvanda cəmi 4-5 saat qalacağını və Paşinyanla görüşmədən geri qayıdacağını erməni mediası yazıb. Q.Çaxmaqlı gərginləşən Putin-Paşinyan münasibətləri ilə bağlı bunları bildirdi: “Məlumdur ki, Paşinyan Rusiya üçün müvəqqəti fiqurdur. Ötən dövr ərzində onu öz istəklərinə tabe etməkdə çətinlik çəkir. Ermənistan cəmiyyətində bu adamın nüfuzdan salınması üçün bir çox vasitələr işə salınıb. Paşinyan buna görə qəzəblidir. Qarşıya qoyduğu və onu qalıcı edəcək heç bir vəzifəni yerinə yetirə bilmir. Üstəlik, Rusiyanın öhdəlikləri qarşısında aciq qalıb. İstefaya göndərdikləri adamlar əslində öz adamlarıdır və onların Paşinyana qarşı çıxacaqları inandırıcı deyil. Onların içərisində Vanesyanı Rusiya öz tərəfinə çəkə bilər. Rusiya bilir ki, nə Köçəryanı, nə də bir başqasını Paşinyanın postuna gətirmək fayda verməyəcək. Kreml Ermənistanda yeni adam axtarışındadır. Paşinyan erası bitməsə də, onun yaxın gələcəkdə gedəcəyi aşkardır”.


шаблоны для dle 11.2
Tarix: 21-09-2019, 15:37




Xəbər lenti