Ermənilərin həyasızlığı sərhəd tanımır - separatçı rejim Avropa Şurası ilə əməkdaşlığa can atır


Ermənilər növbəti dəfə həyasızlıq nümayiş etdirirlər. Azərbaycanın tarixi torpaqları hesabına qurulan qondarma “Dağlıq Qarabağ Respublikası” bəyan edib ki, insan haqlarının qorunması üçün Avropa Şurası ilə əməkdaşlığa hazırdırlar. Etnik təmizləmə aparan kriminal bir rejimin bu qədər irəliyə getməsi Azərbaycan tərəfdə qəzəb doğurmaya bilməz.

Hüquqşünas Əlövsət Allahverdiyev Avropa Şurasının üzv dövlətlərin hər bir məsələsində həssaslıqla yanaşdığını söylədi: “Əvvəla, qondarma rejimin Avropa Şurası ilə əməkdaşlığa hazır olmasını bəyan etmək o demək deyil ki, bu əməkdaşlıq baş tutacaq və ya mümkündür. Avropa Şurası üzv dövlətlərlə bağlı istənilən məsələyə çox həssas yanaşır, xüsusilə, Azərbaycanla bağlı məsələlər Şuranın diqqət mərkəzindədir. Rusiyanın Azərbaycana olan hədsiz marağını nəzərə alsaq, heç inandırıcı deyil ki, Avropa Şurası belə məqamda qondarma rejimi tanıyacaq və Cənubi Qafqazın Azərbaycan kimi dövlətini itirəcək. Biz birmənalı şəkildə bəyan edirik ki, münaqişə tərəfi Ermənistan dövlətidir. Ermənistan isə prosesdən kənarlaşaraq qondarma rejimi münaqişə tərəfi kimi beynəlxalq aləmə təqdim etmək istəyir. Amma unudurlar ki, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşdığını bəyan edir.

AŞ PA sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını da öz çıxışlarında dəfələrlə təsdiqləyib. Sentyabrda AŞ PA-nın payız sessiyasında Azərbaycan tərəfi iki sənəd təqdim etdi. Birinci sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin AŞ PA-da müzakirəsi ilə bağlı olmuşdu. Hazırlanmış layihədə Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, Ermənistanın regionda sülhə və sabitliyə təhlükə yaradan siyasət yürütməsi və digər mühüm faktlar öz əksini tapmışdı. Azərbaycan nümayəndə heyətinin hazırladığı bu sənəd AŞ PA-da 30-a qədər ölkəni təmsil edən 50 deputat tərəfindən imzalanmışdı. Layihədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğu qeyd edilirdi.

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Əlövsət Allahverdiyev: “Operativ reaksiya verilsə, daha yaxşı olar”

Bu sənəd AŞ PA-da yayıldı və təşkilatın rəsmi sənədləri sırasına salındı. İkinci tərəfdən, Avropa Məhkəməsi öz qərarında dolayı da olsa Ermənistanı işğalçı kimi təqdim edib. Belə ki, Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16 iyun 2015-ci ildə qərar qəbul edib. Bu qərarı verən qurum işğalçı ölkə və ya qondarma rejimlə necə əlaqə qura bilər. Bunlar qondarma rejimin bəyanatına tutarlı cavabı hesab edirəm. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan bu sahədə fəaliyyətini davam etdirir. Qondarma rejimin bu bəyanatına xüsusilə ölkədə çalışan qeyri-hökumət təşkilatlarından, hüquq müdafiə təşkilatlarından operativ reaksiya verilsə, daha yaxşı olar. Avropa Şurasının bu məsələyə hər hansı formada marağı hiss olunarsa təbii ki, dövlət tərəfindən buna birmənalı reaksiya verilməlidir və qarşı tərəf əsaslı şəkildə susdurulmalıdır. Düşünürəm ki, bunlar baş verməyəcək. Bu, sadəcə, Ermənistanın qıcıq yaratmaq istəyidir”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu dedi ki, separatçılar bunu bizi qızışdırmaq üçün edirlər: “Belə bir şey ola bilməz. Çünki bu mümkünsüzdür. Bütün dünya bilir ki, Dağlıq Qarabağ adında dövlət yoxdur. Sadəcə, belə bir münaqişənin olduğunu bütün dünya bilir. Avropa Şurası heç zaman belə bir əməkdaşlığa getməz. Avropa Şurasının və İttifaqının səfirləri ilə görüşlərimiz olur. Azərbaycan bu qurumlarla çox yaxşı münasibətlər qurub. Məhkəmələrlə, vəkillərlə, qadınlarla bağlı iş birlikləri qurulur. Bunlar nə üçün edilir? Bunlar insan hüquqlarının qorunması üçün edilmirmi? Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması üçün Avropa Şurası ilə birlikdə seminarlar təşkil olunur. Bütün bunlar ola-ola Avropa Şurası qondarma rejimin bəyanatına gedərmi? Əlbəttə yox”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Novella Cəfəroğlu: “Bizi qızışdırmaq üçün edirlər”

Hüquq müdafiəçisi Azərbaycan tərəfdən qondarma “DQR”-in bəyanatı ilə bağlı Avropa Şurasına müraciət edilməsinin vacibliyi barədə deyilənlərə bu cür mövqe sərgilədi: “Açığı, bu xəbəri sizdən eşitdim. Həftənin ilk günü toplanıb, bu məsələni müzakirə etmək olar. Əgər Avropa Şurası insan hüquqlarının tərəfindədirsə, yarım milyondan çox azərbaycanlının öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarını bərpa etsin. Bu günləri faktiki yarım milyon insanın hüquqları pozulub, Dağlıq Qarabağda da, onun yanındakı rayonlarımızda da. Gəlin bu insanları o yerlərə qaytarın, sonra oturub danışaq ki, Azərbaycanda hansı hüquqlar pozulub”./“Yeni Müsavat”/


шаблоны для dle 11.2
Tarix: 7-10-2019, 10:18




Xəbər lenti