Türkiyə “dünyanın gözü”nü açdı: Amma “danışan dillər” hələ də xaosu dəstəkləyir


ABŞ qoşunlarının okeanı aşıb, Suriyaya soxulması “yaxşı fikir” hesab edilirdi, Türkiyənin terrorçulardan qorunmaq istəməsi isə “pis fikr”sayılır

Hazırda bütün dünyanın gözü Suriyadadır. Və bu, böyük önəm daşıyan yenilikdir. Çünki Suriya bütün dünya, xüsusilə də, Yaxın Şərq regionu üçün “qanayan yara” rolunu oynayır və əsl fəlakət bölgəsidir. Ona görə də dünyanın orada görməli olduğu problemləri saymaqla bitməz.

Məsələn, Suriya dövlətinin məhv edilərək, bu ölkənin “terror bölgələrinə” bölünməsi, günahsız insanların sorğu-sualsız, hətta əyləncə üçün öldürülməsi, evlərin dağıdılması, milyonlarla suriyalının öz vətənlərindən didərgin düşərək, qonşu ölkələrə, xüsusilə də, Türkiyəyə üz tutması, azyaşlı uşaqların qətlə yetirilməsi və s. kimi bəşəri cinayətlər dünyanın gözünü çoxdan açaraq, hərəkətə keçirtməliydi.

Amma yox... Bu gözlər Suriyaya o qədər də tez-tez çevrilmir. Hətta əksinə, Suriyada törədilən cinayətlərə münasibətdə dünyanın gözü həmişə kor qalıb. Heç bir şeyi görməyib. Bəzi hallardasa, gözlər açılanda cinayətləri dəstəkləyib, fəlakət atəşini daha da alovlandıran addımlar atılıb.

İndisə o “gözlər” gözlənilmədən açılıb. Həm də hədəqəsindən çıxa biləcək qədər geniş açılaraq, birbaşa Suriyaya zillənib. Və o “gözlər”də bir əndişə, hətta qəzəb belə, sezilir.

Похожее изображение

Səbəbsə, çox sadədir. Türkiyə Suriya ərazisinə qoşun yeridib. Bütün dünya tökülüşüb, Türkiyənin bu hərbi əməliyyatdan (Barış Pınarı) vaz keçirilməsinə çalışır.

İran deyir ki, “Dostumuzsan, amma qoşunları geri çəkmən lazımdır”.

Rusiya deyir ki, “Suriyaya müdaxilə edilməsə, daha yaxşı olardı. Sizə qarşı təhlükənin mövcudluğunu anlayırıq, amma atılan radikal addımdan qətiyyən məmnun deyilik”.

Avropa Birliyi Türkiyədən hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir. Bəzi Avropa dövlətləri isə Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasını müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının təcili toplanmasına nail oldular. Amma qəribə də olsa, gözlənilmədən ABŞ və Rusiya Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını qınayan bəyanatı dəstəkləmədi.

Göründüyü kimi, vaxtilə fəlakət zonasında baş verənləri görməzdən gələnlər indi fəallaşıblar, hərəkətə keçiblər. Gözünü və ağzını açan “Suriyaya toxunma” deyir.

Картинки по запросу barış pınarı harekatı

Halbuki reallıqda heç Suriya adlana biləcək bir dövlət olmadığı kimi, ona toxunan da yoxdur.

Əksinə, rəsmi Ankara bəyan edib ki, bu hərbi əməliyyatlara Türkiyənin artıq ciddi şəkildə təhdid olunan milli təhlükəsizlik maraqlarını təmin etmək üçün başlayıb.

Türkiyə elan edib ki, bu hərbi əməliyyatlar çərçivəsində Suriyanın ərazi bütövlüyü bərpa olunacaq, yalnız terrorçu qruplaşmalar hədəf alınacaq, azad ediləcək ərazilərdə qaçqın düşmüş suriyalılar yerləşdiriləcək, yeni qaçqın dalğasının isə qarşısı alınmış olacaq.

Amma kimə deyirsən... Heç kim deyilənlərə qulaq asmadan, öz bildiyini oxumağa çalışır. Və rəsmi Ankara da heç indi gözü açılanlara qulaq asmaq niyyətində deyil, əksinə, Türkiyənin təhlükəsizlik maraqları üçün qəti addım qərarını vermiş kimi görünür.

Картинки по запросу barış pınarı harekatı

Rəsmi Ankaranın Suriyada antiterror bölgəsi yaratmaq qərarına ən maraqlı və qəribə reaksiya Ağ Evdən verilib. Prezident Donald Tramp deyib ki, “Biz Türkiyənin başlatdığı hərbi əməliyyatları dəstəkləmirik və bunun yaxşı fikir olmadığını da rəsmi Ankaraya açıq şəkildə bildirdik”.

Və buradan maraqlı suallar çıxır. Türkiyədən fərqli olaraq, ABŞ-a qarşı Suriya ərazisindən heç bir təhlükə gözlənilmirdi. Amma Ağ Ev illər öncə ABŞ sərhədlərindən minlərlə kilometr uzaqlıqdakı Suriyaya niyə qoşun yeritdi? Üstəlik, ABŞ və Suriya arasında digər dövlətlərin mövcudluğunu da nəzərə almasaq belə, ən azından Atlantik Okean böyüklüyündə bir təhlükəsizlik zolağı var.

Belə olan təqdirdə, Ağ Ev Suriyaya qoşun yeridib, illərlə orada mənzillənərkən ABŞ-ı hansı təhlükələrdən qorumağı hədəfləyirdi? Nədən heç bir təhlükə olmadığı halda, ABŞ qoşunlarının Suriyaya soxulması “yaxşı fikir” hesab edilirdi, amma Türkiyənin özünü terrorçulardan qorumaq istəməsi “pis fikr” kimi qəbul edilir?

Картинки по запросу barış pınarı harekatı

Təbii ki, Ağ Evdə belə suallara cavab verməyə həvəsli ola biləcək kimsə tapılmaz. Orada ABŞ-ın haqlı ya haqsız maraqlarından başqa heç bir şeyə önəm verilmir.

Əks halda, Ağ Evlə rəsmi Ankara arasında ortaq antiterror əməliyyatı barədə prinsipial razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin başının qatılmasına çalışılmazdı. Və sonda da rəsmi Ankara aldadıldığını anlayaraq, Suriyada hərbi əməliyyatlara təkbaşına başlamaq məcburiyyətində qalmazdı.

Amma görünən odur ki, Türkiyə üçün bu işin geriyədönüşü yoxdur. Əksinə, rəsmi Ankara bu işi sonuna qədər götürmək niyyətində olduğunu biruzə verir.

Artıq ilkin nəticələr də mövcuddur. Terrorçu qruplaşmaların bazaları ard-arda vurulmaqdadır. Onlarla silah-sursat anbarı darmadağın edilib. Artıq 350-yə yaxın terrorçu zərərsizləşdirib.

Картинки по запросу barış pınarı harekatı

Himayədarlarından umduqları dəstəyi ala bilməyən terrorçu qruplaşmalar isə panik durumdadırlar. Çünki yüksək döyüş qabiliyyətli nizami Türkiyə qoşunlarına qarşı uzun müddət müqavimət göstərə bilməyəcəklərini anlayırlar.

Təbii ki, indiki situasiyada Türkiyənin də önəmli üzvlərindən olduğu NATO-nun tutacağı mövqe böyük önəm daşıyır. Hələlik bu qurumun toplantısı olmasa da, NATO-nun baş katibi rəsmi açıqlama ilə çıxış edib: “Türkiyənin Suriya ərazisindən gözlənilən təhlükə ilə bağlı haqlı narahatlıqları mövcuddur. Türkiyə öz təhlükəsizliyini təmin etmək hüququna sahibdir”.

İndiyə qədər ortaya qoyulan ən ədalətli mövqe də elə məhz bu açıqlamadan ibarətdir. Digərlərinin isə nəhayət, gözləri və qulaqları açılsa da, dilləri hələlik terrorizmi və xaosu dəstəkləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


шаблоны для dle 11.2
Tarix: 11-10-2019, 16:30




Xəbər lenti