“Seçkiyə xarici müdaxilə” hansı dövlətin planıdır?


Bu, yeni ifadədir, son 30 ildə keçirilən çoxsaylı seçkilərdə belə istilahlar olmayıb. İndi isə bir çoxları “seçkiyə xarici müdaxilə”dən danışır.

Dünən bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dilə gətirib. O, DSK sədrlərinə ölkəyə “seçki vasitəsilə müdaxilə cəhdi” edilə biləcəyi barədə xəbərdarlıq edib.

Daha sonra baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalistlərə açıqlamasında deyib ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Onu da yada salaq ki, 3-4 həftə öncə deputat Fəzail Ağamalının təşəbbüsü ilə “Park inn” otelində keçirilən, mediada şərti adı “iqtidar-müxalifət dialoqu” kimi gedən toplantının mövzusu “ölkədə keçirilən seçkilərə xarici müdaxilənin yolverilməzliyi” idi.

Bu narahatlıq, əndişə haradan, nədən doğur? Əldə konkret informasiya var, yoxsa bu, hansısa “beyin fırtınası”nın məhsulu olan ehtimallardır?

İndilikdə göz önündə olan yalnız narahatlıqdır. Bir də son illər dünyanın bir çox ölkələrində keçirilən seçkilərdə xarici qüvvələrin müdaxiləsinin acı bir gerçəklik olması məsələsi var.

Bir dövlətin başqa dövləti özünün vassalı etməyə çalışması, onu idarə edənlərin canişinə çevirmək istəməsi çox-çox qədim dövrlərdən məlumdur. Bu niyyətə çatmaq üçün güclü dövlətlər özlərindən zəif dövlətlərdə saysız-hesabsız saray çevrilişləri, qiyamlar, sui-qəsdlər, inqilablar təşkil ediblər.

Bu cür hadisələr ötən əsrin 70-80-ci illərində daha yayğın və daha qanlı olub. ABŞ Çilidə kommunist Alyendeni hərbi qiyamla devirib, güllələyib, yerinə Auqusto Pinoçeti gətiribsə, SSRİ də eyni şeyi Əfqanıstanda edib, sovet hərbçiləri bu ölkənin rəhbəri Hafuzulla Əmini sarayındaca güllələyib.

Ancaq o vaxtdan bəri dünya çox dəyişib. İndi bir ölkədə öz adamını baş nazir, prezident etmək üçün “Ştorm-333" əməliyyatı təşkil etməyə ehtiyac yoxdur, ən etibarlısı bunu seçki yolu ilə etməkdir.

Bu, daha rahatdır. İndi İnternet əsridir, ölkələr arasında elektron yazışmalar, gediş-gəlişlər intensivləşib, artıq bir ölkənin digər ölkənin əhalisinin rəyinə təsir etməsi, əlverişli rəy yaratması üçün texniki və siyasi imkanları böyükdür.

Müasir dünyanın ən qlobal problemlərindən biri də artıq budur: bir dövlətin başqa dövlətdə keçirilən seçkilərə müdaxilə etməsi, hətta o seçkinin nəticəsini müəyyənləşdirməsi.

Budur, 3 ildir ABŞ boyda superdövlətdə ən çox müzakirə olunan məsələlərdən biri  2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə Rusiyanın müdaxilə edib-etməməsidir. ABŞ qanunvericiləri artıq belə bir qənaətə gəliblər ki, seçkiyə xarici müdaxilə həqiqətən də baş verib.

Prezident Tramp impiçment ediləcəksə, əsasən məhz buna görə ediləcək.

Bundan başqa, eyni qızğın polemika ötən illərdə Almaniya, Fransa, Avstriya, İtaliya, İsveç, Makedoniya kimi növbəti parlament seçkiləri keçirilən ölkələrdə də gedirdi. Hər kəs bu seçkilərə rusiyalı piarçıların, hakerlərin müdaxilə edəcəyini, Kremlin sifarişi ilə hansısa üçüncü dərəcəli siyasi qüvvəyə qələbə qazandıracağını iddia edirdilər.

Düzdür, sonradan o iddiaların tam əksəriyyətinin əsassız olduğu məlum oldu, amma adları “Rusiyaya meylli qüvvələr” kimi çəkilən partiyaların seçki uğuru qazanmaları faktı da ortaya çıxdı. Üstəlik, o qüvvələr Rusiyaya rəğbət bəslədiklərini danmırdılar.

Bu baxımdan bütün Avropada “Rusiyanın seçkiyə müdaxiləsi” xofu dolaşmaqdadır.

Ancaq hələ də bilmirik ki, bizimkilər “seçkiyə xarici müdaxilə”dən danışanda hansı dövləti və ya dövlətləri nəzərdə tuturlar: Rusiyanımı, ABŞ başda olmaqla qüdrətli Qərb dövlətlərinimi?

Şübhə yeri Qərb dövlətləridirsə, onların əlində elə də güclü rıçaqlar yoxdur. Demokratik seçkilər üzrə ixtisaslaşan institutların təlim keçdiyi şəxslər məntəqə seçki komissiyalarında nə qədər fəal olsalar da ortaya “məhsul” qoya bilməzlər.

Ancaq Rusiya son 5 ildə bu məsələ üzrə xeyli ixtisaslaşıb, hər cür mütəxəssisə, texniki imkanlara, 5-ci kolon şəbəkəsinə malikdir. Üstəlik, Kremlin yaxın ətrafındakı dövlətləri “özününkü etmək” niyyəti ciddi və bariz şəkildədir.

Xalid KAZIMLI 


шаблоны для dle 11.2
Tarix: 12-10-2019, 11:07




Xəbər lenti