Ağasif Şakiroğlu: “AXH sağlamlaşacaq, bütövləşəcək”

İsgəndər Həmidovun siyasətdən  getməsi qurucusu olduğu Azərbaycan Xalq Hərəkatının (AXH) Təşkilat Komitəsinin sədri postunda onu kimin əvəzləyəcəyi  sualını doğurub.

Eyni zamanda qurultaya hazırlaşan AXH-də rəhbər kimin seçiləcəyi geniş müzakirə edilir.

AXH-nin İdarə Heyətinin üzvü olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu: “Qurultaya hazırlıq sürətlə gedir. Amma onu da deyim ki, qurultaya hazırlıq üzrə gedən işlərin dayandırılması mümkün variantlardan biri ola bilər. Təşkilat Komitəsinin sədri Fuad Əliyev və idarə heyətinin üzvlərinin iştirakı ilə qarşı tərəfdəki AXH-nin ikinci qolu ilə danışıqların aparılması da mümkündür. Nəticədə birləşdirici qurultay baş tuta bilər. Hazırda mümkün variantların hər biri dəyərləndirilir. Variantlar üzərində seçim edib qərar verəcəyik. Artıq qarşı tərəfə müraciət etmişik. Hazırda cavab gözləyirik. Bu müraciət publik olub. Belə bir cavab da gözləyirik. Veriləcək cavabdan asılı olaraq, Təşkilat Komitəsi işini quracaq. Zərurət olarsa, birləşdirici qurultaya gedəcəyik, olmazsa, qaldığımız yerdən fəaliyyətimizə davam edəcəyik”.

GAP sədri İ.Həmidovu kimin əvəzləyəcəyi yönündəki sualımıza belə cavab verdi: “AXH-də bu barədə heç bir müzakirələr aparılmayıb. Hələ ki təşəbbüslərdən biri birləşdirici qurultaydır. Burada isə kiminsə sədr seçilməsi müzakirə mövzusu belə deyil. Əgər KXCP sədri Mirmahmud Mirəlioğlunun, Ümid Partiyasının sədri İqbal Ağazadənin, AXP sədri Pənah Hüseynin, ADP sədri Sərdar Cəlaloğlunun, Qurban Məmmədovun və digər şəxslərin iştirakı ilə birləşdirici  qurultay baş tutsa, bu suala cavab vermək mümkün olacaq. Yəni əsasnamə dəyişdiriləcək, hərəkat kollegial qurum olaraq qalacaqdır. Əks təqdirdə, hazırkı statusunda AXH fəaliyyətini davam etdirərsə, heç bir birləşmə olmazsa, təkbaşına qurultaya gedilərsə, bu məsələyə qurultayda baxılıb qərar veriləcək. Hazırda əsas fəaliyyət birlik qurmağa yönəlib”.

ağasif şakiroğlu ile ilgili görsel sonucu

Partiya sədri rəhbərliyə iddialı olmadığını da açıqladı: “İddialı deyiləm, amma mümkün variantlardan biri olduğunu deyə bilərəm. Buna tək mən qərar vermirəm. Hərəkatın Təşkilat Komitəsi və qurultay məqbul bilərsə, etimad göstərərlərsə, bunu doğrultmağa çalışaram. Amma şəxsən özümün iddiam yoxdur. Hesab edirəm ki, AXH-nin sədri olsaydım, indi çoxdan olmuşdum, konkret olaraq, may-iyun aylarını belə deyə bilərəm. Hətta Təşkilat Komitəsi formalaşanda müavinlik məsələm var idi, özüm bundan imtina etdim. Bir də onu deyim ki, iddiam olsaydı, İsgəndər bəy AXH-də olanda irəli sürər, qısa zamanda həyata keçirərdim. Hərəkatın bütövlüyü, birliyi naminə hər şeyi edərəm”.

Müsahibimiz oktyabr ayı üçün nəzərdə tutulan AXH qurultayının keçirilməməsinin səbəblərinə də toxundu: “Qurultayın yubadılmasına səbəb maliyyə maxinasiyaları ilə bağlı ard-arda xəbərlərin gəlməsi idi. Bu məlumatlar isə kifayət qədər real görünürdü. Belə bir şəxsin qurultay yolu ilə hərəkatın rəhbərliyinə gəlmək niyyəti baş tuta bilərdi ki, biz buna yol verə bilməzdik”.

A.Şakiroğlu İ.Həmidovun hələ də hərəkata təsirlərinin qaldığını qeyd etdi: “Təbii ki, onun hələ təsirləri qalır. Təşkilat Komitəsində 3 nəfər var ki, İsgəndər bəyin rəhbərlik etdiyi partiyanın üzvləridir. Bir nəfər də var ki, mövqeyi bilinmir. Gah bizim, gah da İsgəndər Həmidovu görəndə onun yanında olur. Amma 4 nəfər vasitəsilə hərəkata təsir etmək imkansızdır. 11 Təşkilat Komitəsi üzvündən 4-nə təsir etmək imkanı var. Onlar isə aldıqları tapşırıqları icra etdikləri an hərəkatdan xaric olunacaqlar. AXH sağlamlaşacaq, bütövləşəcək”./“Yeni Müsavat”/