Pulun dəyişdirə bilmədiyi örnək adamlar

 

Qərb mediası dünən nadir, həm də ibrətamiz və gündəm olan bir olaydan yazıb. Məğzi belədir: 42 yaşlı britaniyalı bir kişi lotereyada 130 milyon dollar udsa da, sanki heç nə olmayıbmış kimi, yenə öz əvvəlki işi ilə - fəhləliklə məşğuldur. Az öncə “ikinci əl”dən işlənmiş mikroavtobus alan ingilis deyib ki, təzəsini də ala bilərmiş, ancaq hər qəpiyi (senti) qorumaq lazımdır. “Mən, sadəcə, normal adamam və pulun məni dəyişməsini istəmirəm”. Bu da onun sözləridir.

İnanılmaz, amma faktdır. Razılaşaq ki, XXI əsrdə belə şeylərə hələm-hələm rast gəlməzsən. Gərək yüksək iman sahibi olasan ki, öz nəfsinə bu şəkildə meydan oxuyasan...

Bu cür davranış sözsüz ki, həyatın mənasını maddilikdə, pulda görənlərə gözəl ibrət dərsidir. Onların nəfsani instinktinə, nəfsin özünə zərbədir. Şüurlu məxluq kimi yaradılan insanın xoşbəxtliyinin var-dövlətdə olmadığına aid unikal örnəkdir. Dünyada on milyonlarla ac-yalavac uşaq, yetim-yesir ola-ola, tualetinin unitazını belə qızıldan edən israfçı və milyarder ərəb şeyxlərinin süni qüruruna vurulan şillədir. Nəhayət, cahilliyə zərbədir.

İstənilən cəmiyyətdə bənzər örnəklər həmin cəmiyyəti yaxşılıqlar barədə daha çox düşünməyə vadar edir, onu saflaşdırır, içdən təmizləyir. Yəni bu insanlar əslində cəmiyyətin sanitarları rolunu oynayır.

Azərbaycanda illərdir dəbdəbəli toy-yas mərasimlərinin, bahalı qəbirüstülər götürülməsinin yolverilməzliyindən, bunun israfla yanaşı, günah əməl olmasından danışılır, yazılır. Amma nəticə, demək olur, yoxdur. Çünki örnək yoxdur. Örnək də ona görə gözə dəymir ki, nəfsini yenib qabağa düşən yoxdur. Hamı gözləyir ki, öncə başqası bu addımı atsın, sonra o. Çünki əksəriyyət bu düşüncədədir ki, “camaat mənə nə deyər?”

Bəs Allah sənə nə deyər? Şəhidlər sərvəri imam Hüseyn (ə) buyurur ki, bir işi görəndə əsas Allahın razılığını almaqdır: “Bir kəs ki, Allahı narazı salmaq hesabına insanları razı salar, Allah onu o insanlara möhtac edər. Bir kəs ki insanları narazı salmaq hesabına da olsa Allahı razı salar, Allah onu həmin insanlardan ehtiyacsız edər”.

Allah insanı azad yaradıb. Ancaq seçim etmək azadlığı kimi, bu seçimin məsuliyyətini də onun öz üzərinə qoyub. Doğru seçim, haqqa yoxsa batilə tapınmaq məsələsi isə birbaşa, təqvaya, imanın dərəcəsinə bağlıdır...

Əslində bu gün cəmiyyətimizdəki növbənöv bəlaların - aşırı aqressiyanın, qəzəbin, artan cinayətkarlığın, lap elə erməni işğalının uzanmasının kökü elə bundadır - iman zəifliyində. Ailədə, məktəbdə, cəmiyyətdə, dövlətdə, siyasətdə yüksək iman sahiblərinin qıtlığındadır. Hərənin “yorğanı” öz üzərinə çəkmək istəməsindədir. İnsanlığın, bəşəri duyğuların zəifləməsindədir. Yatan pişiyi oyatmamaq üçün əbasının qırağını kəsən İslam peyğəmbərinin (s) necə sadə həyat sürməsindən və yüksək iman sahibi olmasından bixəbər qalmaqdadır. “Ən böyük cihad nəfsə qalib gəlməkdir” buyurub peyğəmbər əfəndimiz.

Di gəl, adam var milyonları var, amma adamlığı yoxdur. Pul başını gicəlləndirib, ayağının altını görmür. Bircə dəfə kasıba, imkansıza, dara düşənə əl uzatmayıb, cəmiyyətə, ağır xəstə uşaqlara qara qəpiklik faydası dəyməyib. Özü üçün yaşayıb. Adam da var, milyonu olmasa da milyona dəyən qəlbi, ürəyi var, insaniyyəti var, əməli-salehdir. Əlindəki kiçik bir tikəni belə minnətsiz-filansız imkansızla bölüşməyə hazırdır. Hansı yaxşıdır? Sual ritorikdir. Çünki bu dünyada yaxşı ad qalacaq. Yaxşı adı isə yaxşı əməllər yaradır.

Bir də hamının etdiyini etməyə nə var ki? Çox vaxt bu, hətta maraqsız olur. Əsas odur, öz yolunu tapa biləsən. Və bu yol da kimsəyə - nə ailənə, nə də cəmiyyətə və bəşəriyyətə ziyan gətirməsin. Əksinə, insanlarda ülvi hissləri gücləndirsin, onları saflaşdırıb sadə, halal və nümunəvi həyata, xeyirxahlığa, zəhmətsevərliyə sövq eləsin. Həmin o ingilis kimi...

Zahid SƏFƏROĞLU
шаблоны для dle 11.2
Tarix: 14-01-2020, 09:09




Xəbər lenti