İqtidar və müxalifətin seçki hazırlıqları - həlledici mərhələ yaxınlaşır

 

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, proseslər qızışır. Yanvarın 17-dən etibarən təbliğat-təşviqat mərhələsinin başlanacağını nəzərə alsaq, seçkilərə qalan müddət ərzində Azərbaycanın ictimai-siyasi mühiti daha da canlanacaq. Prosesdə iştirak edən bəzi siyasi partiyaların hazırlıqları ilə maraqlandıq.

Hakim Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V Çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə bunları dedi: “Yeni Azərbaycan Partiyası daima seçkilərə hazırlaşır. Biz seçkini ancaq seçkiqabağı texniki hazırlıq kimi qəbul etmirik. Üzvlərimizlə iş, yeni seçki texnologiyasının öyrənilməsi, ötən seçkilərin nəticələrinin analiz edilməsi və s. kimi fəaliyyətimiz hər zaman mövcuddur. İndiki seçkilərə biz hazırlıqlı gəldik. Respublikada bütün ərazilər üzrə təşkilatlarımızın olması, cəmiyyətin ən müxtəlif təbəqələrinin partiya sıralarında təmsil olunması, partiya daxilində daima ideoloji, siyasi işin aparılması ona gətirib çıxarır ki, YAP-çılar öz namizədlərinin qələbə çalması üçün maksimum fəaliyyət göstərirlər.

Aydın Mirzəzadə: ile ilgili görsel sonucu

Aydın Mirzəzadə: “Seçkilərə hazırlıqlı gəldik”

Seçki Məcəlləsinin şərait yaratdığı bütün imkanlar öyrənilir və ona hazırlıq aparılır. Hazırda texniki hazırlıq demək olar ki, başa çatmaq üzrədir. Partiya daxilində vahid seçki fondu yaradılıb. Namizədlərlə görüş keçirilib və onlar qanunların imkan verdiyi çərçivədə öz dairələri ilə sıx əlaqədədirlər. İddiaçılarımızla YAP rayon təşkilatları ümumi seçki taktikasını müəyyənləşdirirlər. Təbliğat başlayan gündən artıq görüşlərin keçirilməsi, namizədin tanıdılması, yaxud həmin dairədən əvvəllər seçilmiş namizədin seçicilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Biz həm Yeni Azərbaycan Partiyasının seçkiqabağı platformasını təbliğ etmək, ötən 5 ildə aparılan fəaliyyətin nəticələri barədə məlumat vermək, ən əsası, parlament seçkilərinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı rol barədə cəmiyyətlə çox sıx fikir mübadiləsi aparmaq istəyirik. Biz ümid edirik, buna çalışırıq. Bu seçkilərdə də parlamentdə nümayəndələrimizin sayının daha çox olması üçün qanunlar çərçivəsində əlimizdən gələn işləri görürük”.

Əli Əliyev: ile ilgili görsel sonucu

Əli Əliyev: “Dairədə siyasi qərarın olacağı ehtimalı böyükdür”

Vətəndaş və İnkişaf Partiyası bu seçkilərdə bir namizədlə iştirak edir. O da partiyanın sədri Əli Əliyevdir. Onun namizədliyi 17 saylı Yasamal III seçki dairəsindən irəli sürülüb. VİP sədri bir namizədlə seçkilərdə iştiraklarına bu cür aydınlıq gətirdi: “Biz yanvarın 9-da sənədlərimizi təqdim etdik. Qeydiyyatla bağlı hələ ki bir cavab yoxdur. Qanun imkan verir ki, ayın 15-nə qədər bizə cavab verilsin. Hələ ki cavab gözləyirik. Sənədlərimizdən arxayınıq. Heç bir problem ola bilməz. Açığı, həmin dairədə siyasi qərarın daha çox olacağı ehtimalı çox böyükdür. Partiyamız seçkinin gedişinə tam inanmır. Müstəqil şəkildə seçkidə iştirak edənlər də oldu. Seçkinin gedişinə tam inanmadığımız üçün bir dairə üzrə iştirak etmək və bu dairədə seçkilərə tam şəkildə nəzarət etmək qərarı verdik. İndiyə qədər seçki prosesində heç bir çətinliklə üzləşməmişik. Kobud müdaxilə halları yoxdur”.

2010-cu ildə 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olan Ə.Əliyev dairəsini dəyişdirməsinin səbəblərindən danışdı: “Bizim qərargah bu dairənin ərazisində yerləşir. Digər tərəfdən, seçkilərdə iştirakla bağlı qərarı mən çox gec qəbul etdim. Həmin vaxt artıq 15 saylı dairədə iki müxalif namizəd irəli sürülmüşdü, bunlardan biri Sərdar Cəlaloğlu, digəri Müsavat başqanı Arif Hacılı idi. Ona görə üçüncü müxalifət namizədi kimi o dairədən seçkilərə qatılmağı düzgün hesab etmədik. Onlara uğur arzuladıq. Mənim hansı dairədən irəli sürülməyimlə bağlı məsələdə problemim yox idi. Bu ərazi uşaqlığımın keçdiyi, qohumların çox yaşadığı ərazidir. 17 saylı dairə ilə 15 saylı dairə arasında mənim üçün heç bir fərq yoxdur”.

Sərdar Cəlaloğlu: ile ilgili görsel sonucu

Sərdar Cəlaloğlu: “Qeyri-adi seçki kampaniyası aparmaq mümkünsüzdür"

ADP sədri Sərdar Cəlaloğlu ümidsiz danışdı: “Ölkədə seçki əhval-ruhiyyəsi sıfır dərəcədədir. Seçki ətrafında fəallıq yaradıla bilmədi. Ölkə əhalisinin seçkinin mahiyyəti, bu prosesin onların həyatlarına müsbət mənada hansı təsirlərinin ola biləcəyi barədə münasibətləri ürəkaçan deyil. Belə bir şəraitdə qeyri-adi seçki kampaniyası aparmaq mümkün deyil. Ümumilikdə, hamı necə kampaniya aparırsa, biz də elə kampaniya aparırıq. Partiyamızın irəli sürdüyü namizədlərin bəziləri əvvəlcədən seçkilərdə iştirak etməkdən imtina etdilər. Məsələn, bəzi dairələrdə müxalif iddiaçılar var idi və onlarla rəqib olmağı düzgün saymayanlar da oldu. İmzatoplama kampaniyasında müəyyən maneələr oldu. Amma bütövlükdə namizədlərin sayını qənaətbəxş saymaq olar”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə ile ilgili görsel sonucu

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bir ay öncə partiyanın Siyasi Şurasının irəli sürdüyü namizədləri bir-bir sadaladı: “Qərara əsasən, AMİP Siyasi Şurasının üzvü Orucov Əli Məhəmməd oğlu 9 saylı Binəqədi ikinci, AMİP beynəlxalq əlaqələr katibi Mustafayev Elşən Mansur oğlu 15 saylı Yasamal birinci, AMİP Mərkəzi Şurasının üzvü Bayramov Rəşad Aydın oğlu 22 saylı Nəsimi ikinci, AMİP Nizami Rayon Təşkilatının sədri Səfərov Məmmədəli Talıb oğlu 25 saylı Nizami ikinci, AMİP sədr əvəzi Əlizadə Arzuxan Baxşəli oğlu 26 saylı Sabunçu birinci, AMİP Mərkəzi Şura üzvü Abdullayev Cahangir Tofiq oğlu 52 saylı Quba, AMİP MİK üzvü Əsgərova Gültəkin Malik qızı 59 saylı Salyan, AMİP İmişli rayon təşkilatının sədri Həsənov Tapdıq Həsən oğlu 79 saylı İmişli, AMİP Mərkəzi Şurasının üzvü Bayramov Elman Əkbər oğlu 81 saylı Beyləqan, AMİP Göyçay rayon təşkilatının sədri Hüseynli Teyyub Həşim oğlu 88 saylı Göyçay, AMİP MİK üzvü Əliyev Loğman Allahverən oğlu 90 saylı Ağdaş, AMİP Zaqatala rayon təşkilatının sədri Xanəlizadə Bəhmən Tofiq oğlu 111 saylı Zaqatala-Balakən və AMİP Gənclər Təşkilatının üzvü Həsənbəyli Süleyman Yaşar oğlu 119 saylı Ağdam kənd seçki dairələrindən partiyanın namizədləri olaraq irəli sürülüblər. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq namizədlərin sənədlərinin DSK-lara təqdim olunması prosesində bəzi texniki xarakterli problemlər olsa da, insafən səlahiyyətli nümayəndələrimiz tərəfindən Mərkəzi Seçki Komissiyasına edilən müraciətlərə dərhal baxılıb və məsələlər müsbət həll olunub. Bu günə olan məlumata əsasən AMİP-in hələ ki 5 namizədi qeydə alınıb. Digər namizədlərlə bağlı yaxın 3 gün ərzində qərar verilməsi gözlənilir. Qeydə alınma prosesi başa çatdıqdan sonra müvafiq olaraq seçkilərin bu mərhələsinin qiymətləndirilməsi olacaq. Hazırda növbəti mərhələ olaraq təbliğat kampaniyasına hazırlıqla bağlı məsələlər həll olunmaqdadır”.


шаблоны для dle 11.2
Tarix: 14-01-2020, 09:43




Xəbər lenti