Böyük müharibə təhlükəsi sovuşdu, yoxsa...

 

İranla Azərbaycanın münasibətlərini ideal adlandırmaq ciddi bir yanlışlıq olardı. Baxmayaraq ki, İran Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdu, yenə də uzun müddət hər iki tərəfdən beynəlxalq hüquq və qonşuluq prinsiplərinə uyğun olmayan bəyanatlar və açıqlamalar səsləndirilirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın əvvəlki hakimiyyətləri, xüsusən də xarici siyasətdəki diletantlığı ilə xüsusi yadda qalan bir illik AXC hakimiyyəti əksər hallarda diplomatiyanın qanun və prinsiplərini gözləmir, rəsmi insanlar Cənubi Azərbaycanın İrandan qoparılmasına yönəlik çağırışlar edirdilər.

Əlbəttə ki, İran tərəfi də onlardan nəinki geri qalmır, əksinə Azərbaycanın gənc və “geosiyasi əzələləri” hələ bərkiməmiş bir dövlət olduğundan istifadə edərək öz qonşusunun daxili siyasi sistemini qarışdırmağa çalışmaqla kifayətlənmir, təkcə özünün ideologiyasını və siyasi sistemini Azərbaycana sırımağa çalışmaqla usanmır, eyni zamanda Bakıya ərazi iddiaları irəli sürür, onun daxili, xüsusən də xarici siyasətini özünə sərf edən istiqamətə yönəltməyə cəhd edirdi. Hətta indi bəzi iranlı siyasət adamları Azərbaycanı “Şimal İran”  və yaxud da ki, “ABŞ və İsrailin nüfuz sferası” adlandırırlar.

Amma demək olmaz ki, Azərbaycanın otuz illik müstəqilliyi dövründə İranla münasibətlərdə heç bir dəyişiklik olmayıbdır. Yox, ölkənin indiki hakimiyyəti hər şeyi edir ki, iki ölkənin münasibətlərində səmimiyyət və etimad atmosferi bərqərar olsun və demək lazımdır ki, artıq müəyyən qədər müsbət nəticələr də var və iki ölkənin münasibətlərini dözümlü və perspektivli adlandırmaq olar.

Sözsüz, problemlər hələ də qalır. Tehran Bakının Vaşinqton və Yerusəlimlə münasibətlərinə çox qısqanclıqla yanaşır, baxmayaraq ki, rəsmi Bakı daim bəyan edir və üstəlik, praktikada sübut edir ki, öz ərazisindən qonşu ölkələrə, o cümlədən də İrana qarşı istifadə etməyə heç vaxt razılıq verməyəcək.

Buna baxmayaraq Tehran hələ də bir neçə aspektdən Bakının maraqlarına cavab verməyən siyasət yürütməkdə davam edir. Məsələn, cənub qonşumuz Ermənistanla özünün ticari-iqtisadi əlaqələrini nəinki məhdudlaşmır, əksinə məlumatlar var ki, İranın iş adamları qanunsuz “QDR” rejimilə əməkdaşlıq edirlər.

Bundan başqa, bəli, baxmayaraq ki, Xəzərin statusu ilə bağlı Konvensiya da qəbul olunubdur, Tehran hələ də Xəzərin karbohidrogen ehtiyatlarının istismar edilməsinə əngəllər törədir. Yadımıza gəlir, İran hərbiçiləri hələ bir neçə il bundan əvvəl Xəzər sularında Azərbaycanın geofiziki və geoloji tədqiqatlar gəmisinə atəş də açmışdılar. Qeyd edək ki, İran tərəfinin ucbatından bəzi yataqlarda kəşfiyyat və istismar işləri hələ də dondurulubdur.

Aydın məsələdir ki, əsl siyasət və diplomatiya problemləri artırmamalıdır, əksinəb onları onları azaltmağa can atmalıdır. Azərbaycan prezidentinin siyasəti məhz buna yönəlib: prezident daim vurğulayır ki, hər bir dövlət ilk olaraq qonşularla normal münasibətlər yaratmağa cəhd etməlidir.

Bu səbəbdən də İran ətrafındakı vəziyyət Azərbaycanda da müəyyən qədər həyəcan yaradır, çünki böyük hərbi toqquşmaların böyük də humanitar nəticələri də olur - özü də təkcə qonşu ölkələr üçün yox, bütün region üçün. Biz buna Suriya münaqişəsinin timsalında əmin olduq.

Aydın məsələdir ki, ABŞ-la İran arasındakı mümkün müharibənin əgər Vaşinqton üçün siyasi nəticələri olacaqsa, Tehran üçün ciddi dövlətçilik nəticələri olacaqdır: ABŞ-da ola bilsin, Trampı təkrar seçməyəcəklər, di gəl, Tehran üçün daha fatal nəticələr ola bilər, məsələn, qırx illik teokratik İran rejimi çökə bilər...

Hələlik siyasi analitiklər bu fikirdədir ki, total müharibə təhlükəsi artıq arxadadır: İran tərəfi başa düşür ki, o, ABŞ-ın hərbi maşını qarşısında tab gətirə bilməz, ABŞ-da da Tramp anlayır ki, seçki ilində ona Amerika əsgər və zabitlərinin tabutları gərək deyil.

İndi siyasət və diplomatiya adamlarının diqqəti daha çox vurulmuş Ukrayna təyyarəsinə yönəlibdir. Rəsmi Tehran da artıq etiraf edibdir ki, təyyarə səhvən vurulub. Əlbəttə, buna da reaksiyalar müxtəlifdir. Adi və bilavasitə böyük siyasətə aiddiyyatı olmayan adamlar deyir: “Heç dəxli varmı? 176 adam ölüb! Bunların bir ”təsadüf"ünə bax!".

Amma siyasət və yaxud diplomatiya adamları üçün bundan başqa nəticələr də hasil olur və onlardan biri də budur ki, böyük müharibənin fəsadları regionun hüdudlarından da kənara çıxa bilər...

шаблоны для dle 11.2
Tarix: 14-01-2020, 16:12




Xəbər lenti