Parlament seçkiləri ilə bağlı ilk maneələr: Kim, harada, necə...


Parlament seçkiləri ilə bağlı ilk maneələr:         Kim, harada, necə...

Namizədlər seçkiöncəsi mərhələdə nə kimi problemlərlə üzləşdiklərini dilə gətiriblər

 

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi davam edir. Artıq namizədlərin imzatoplama kampaniyası da yekunlaşmaq üzrədir.

 

Maraqlıdır, namizədlər seçkiöncəsi mərhələdə hansısa çətinliklərlə üzləşirlərmi? Mövzuya seçkilərdə iştirak edəcək namizədlərlə AYNA tutmağa çalışdıq.

 

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin dediyinə görə, partiya nümayəndələrinə imzatoplama mərhələsində imza verməmək, onlara imza verənləri təhdid etmək kimi basqılar edilib: “Hətta, bəzi rayonlarda namizədliklərini geri götürmələri üçün nümayəndlərimiz təhdidlərə məruz qaldı”. 

 

AĞ Partiya sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd Tural Abbaslı bildirib ki, seçki prosesi başlayandan bəri xaotik vəziyyət müşahidə edilir: “Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi imzatoplama prosesini yubatdı və bizə bir sıra problemlər yaratdı. Belə ki, biz dairə seçki komissiyalarına (DSK) müraciət edəndə, DSK-lar bələdiyyə seçkiləri ilə məşğul idilər. Hətta bələdiyyə seçkiləri və seçkilərdən sonrakı günlər parlament seçkiləri ilə bağlı sənəd qəbulu həyata keçirilmədi. Bununla da seçkiöncəsi prosesdə bir neçə gün itirməyə məcbur olduq. Onsuz da seçkiyə çox az vaxt qalıb, belə səhlənkarlıqlar da bizə əlavə maneələr yaradır”.

 

Partiya sədri seçki prosesində MSK və bankların yaratdığı problemlərə də toxunub: “Seçki hesablarının açılması səlahiyyətinə malik olan Beynəlxalq Bank, MSK və DSK-lar arasında da bir boşluq olduğunu gördük. Belə ki, Beynəlxalq Bankın filiallarının hər biri hesabların açılması üçün fərqli-fərqli sənədlər tələb edirdi. Bu sənədlərin nə üçün tələb olunduğunu isə deyə bilmirdilər. Yəni Bank və MSK arasında nə hüquqi, nə də informatik əlaqə var idi. Bir sözlə, MSK, DSK və bankların təcrübəsizliyi namizədlərin xeyli vaxt itirməsinə səbəb oldu”.

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Aydınlar Partiyasının deputatlığa namizədi, partiya sədrinin birinci müavini Qorxmaz İbrahimlinin sözlərinə görə, imzatoplama prosesi zamanı çətinliklərlə üzləşməsələr də, indiyədək hələ də namizədliyi qeydə alınmayıb: “Seçicilərdə bir ümid yarandığının şahidi olduq. İnsanlar yeni simaların meydana çıxmasını, onları parlamentdə layiqli şəkildə təmsil etməsini istəyirlər. Bu inam ölkə rəhbərliyinin başlatdığı islahatlarla əlaqəlidir, vətəndaşlar artıq müsbətə doğru dəyişikliklərin olacağına inanmaq istəyirlər”.

 

“Yəni bizim seçicidən yana heç bir sıxıntımız yoxdur. Əsas narahatlığımız DSK-da “məzar sükutu” ilə bağlıdır. Dairə üzrə imzaları təhvil verən ilk 3-4 namizəddən bir olsam da, indiyədək nə səs var, nə soraq. Heç telefon zənglərimizə belə, cavab verilmir ki, nə etmək istədiklərini öyrənək”, - Q.İbrahimli vurğulayıb.

 

28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürən jurnalist Aygün Muradxanlı vətəndaşlarla problem yaşamadığını deyib: “Digər namizədlərdən fərqli olaraq imzatoplama kampaniyasında vətəndaşlar tərəfindən problemlə üzləşmədim. Əksinə, bizim kimi namizədlərin olması ilə seçkiyə inamlarının artdığını bildirdilər”.

 

“Buna baxmayaraq, özünü parlamentdə əbədi sayan deputatların maneələri hər zaman olduğu kimi, yenə də özünü göstərdi. Belə ki, namizədliyimi irəli sürdüyüm dairədə əsas namizədlərdən biri, parlamentdə ardıcıl iki çağırış deputat seçilən Eldar Quliyevdir. O isə, hər şeyi pulla həll etməyə çalışır. Amma mən əminəm ki, belə saxta davranışlarla heç nəyə nail ola bilməyəcəklər. Onun DSK və MnSK-larda olan əlaltıları da tarixin arixivinə qovuşacaqlar”, - deputatlığa namizəd bildirib.

 

Jurnalist onu da əlavə edib ki, bilərəkdən namizədlərə dislakasiya ilə bağlı sənədlər verilmir və bu sənədlər MSK-nın saytında yenilənmir: “Bu da namizədlərə problemlər yaradır. Ümumiyyətlə, imzatoplama kampaniyası çox absurd bir prosesdir. Çünki bu, namizədin qeydə alınması üçün tələb olunan 500 imzanın sahibinin seçkilərdə həmin namizədə səs verəcəyi anlamına gəlmir. Ona görə də bunun daha adekvat həllini tapmaq lazımdır”.

 

10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini müstəqil olaraq irəli sürən politoloq Nəzakət Məmmədova da bankların səhlənkarlığından gileylənib: “Seçki prosesi üç mərhələdən ibarətdir: seçkiqabağı hazırlıq, seçki və seçkidən sonrakı proses. İlk növbədə onu qeyd edim ki, seçki prosesinə hazırlıq vaxtı çox qısadır. Üstəgəl, bayram günləri ilə əlaqədar olaraq bankların bağlı olması vaxt itkisinə səbəb oldu. MSK müraciət etmişdi ki, seçki məcəlləsinin tələblərinə uyğun olaraq qeydə alınmamış namizədlər Beynəlxalq Bankın istənilən filialından hesab aça bilərlər. Dekabrın 30-da Beynəlxalq Bank işləməsə də, “ASAN xidmət” mərkəzlərində Bankın filialları fəaliyyət göstərirdi. Lakin ora müraciət edəndən sonra, digər filiallara müraciət etməli olduğumuzu dedilər. Bunun isə heç bir məntiqi əsası yoxdur”.

 

Politoloq vətəndaşlar tərəfindən də problemlər yaradıldığını qeyd edib: “Belə ki, vətəndaşların dövlət strukturlarına etimadı və inamı o qədər itib ki, bu da seçki mədəniyyəti və ənənəsinin formlaşmamasına gəririb çıxarıb. Baxmayaraq, Azərbaycan 30 ilə yaxındır ki, müstəqildir, amma hələ də vətəndaşların seçkiyə inamı yoxdur. Bunun da səbəbi neçə illərdir parlamenti zəbt edən deputatların xalqda inamı itirməsidir. Vətəndaşlar səs versələr də, verməsələr də, həmin deputatların yenidən seçiləcəyini hesab edir və səslərinin nəyisə dəyişəcəyinə inanmırlar. Əslində, seçkilərin saxtalaşdırılması da həmin seçicilərin seçkilərə dırnaqrası yanaşmasından da irəli gəlir”.

 

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürən Qarabağ qazisi Kamil Musəvi imzatoplama kampaniyası ərzində bir çox problemlərlə üzləşdiyini bildirib: “İmzatoplama kampaniyası başlayan kimi, namizəd olduğum dairədə yerləşən kəndlərə getdim. İlk problemlə də Salyan rayonunun Kərimbəyli kəndində üzləşdim. Belə ki, Kərimbəyli kəndində vətəndaşlarla görüşdüm və daha sonra orda yaşayan bir Qarabağ qazisinin evinə getdim. Geri qayıdanda vətəndaşlar, mən gedəndən sonra yerli icra nümayəndəsinin təzyiqlərinə məruz qaldıqlarını bildirdilər. Vətəndaşların sözlərinə görə, icra nümayəndəsi onları yanına çağıraraq mənə imza verməməyi tələb edib. Mən dərhal Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım və RİH başçısına bununla bağlı məlumat verilməsini istədim. Lakin xeyli vaxt keçməsinə baxmayaraq RİH-dən heç bir cavab gəlmədi”.

 

“İmzatoplama kampaniyası ilə bağlı rayonda yerləşən müəssisələrin birinə baş çəkdik. Amma bizə dedilər ki, başqa namizədə səs vermək üçün onların vəsiqələrini alıblar. Bununla bağlı yenə də Salyan RİH-in birinci müavini ilə əlaqə saxladım və belə bir haqsızlığa məruz qaldığımı bildirdim. Lakin RİH-dən yenə də cavab gəlmədi”, - K.Musəvi əlavə edib.

Tarix: 15-01-2020, 08:40




Xəbər lenti