SİYASƏTÇİ VƏ TANINMIŞLARIN ÜZ-ÜZƏ GƏLDİYİ BAKI DAİRƏLƏRİ – Favoritlər kimlərdir?- ADLAR+ FOTOLAR


Milli Məclis üzvlüyünə əsas iddialı siyasətçilərin, ictimai xadimlərinin seçki yarışına qoşulduğu paytaxt Bakının 16 dairəsi üzrə əsas məlumatları təqdim edirik.

<

Xatırladaq ki, namizədlərlə bağlı qeydləri Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilən informasiya bazasındakı məlumatları təhlil edərək hazırlamışıq. Beləliklə:

21 SAYLI NƏSİMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ

Bakının bu seçki dairəsindən 16 nəfər sənədlərini Dairə Seçki Komissiyasına (DSK) versə də, sonradan VHP nümayəndəsi namizəd olmaqdan imtina edib. Bu günə qədər cəmi 3 nəfərin namizədliyi qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) hazırki deputat Məlahət İbrahimqızı təmsil edir və o artıq rəsmi namizəddir. Deputatın rəqibləri Ağ Partiyasının sədri Tural Abbaslı və ReAL Partiyasının üzvü, hüquqşünas, politoloq Fərhad Mehdiyevdir.

Amma F.Mehdiyev haqqında məlumatlarda onun partiya mənsubiyyəti göstərilməyib. DSK-ya müraciət edən iddiaçılar arasında işsizlər, kiçik sahibkarlar, tibb işçiləri üstünlük təşkil edir. Bu dairədə YAP-ın namizədi Məlahət İbrahimqızının daha şanslı olduğu şübhə doğurmur.

22 SAYLI NƏSİMİ İKİNCİ SEÇKİ DAİRƏSİ

Şəhərin mərkəzi hissəsini əhatə edən bu Seçki Dairəsi (SD) namizəd bolluğu ilə fərqlənir. 28 nəfər sənədlərini DSK-ya təqdim etsə də, sonradan onlardan 8 nəfəri iddiasından geri çəkilib, 4 nəfərin namizədliyi isə qeydə alınıb. YAP-ın rəsmi namizədi Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Sərraf Hüseynovdur.

Ötən iki seçkidə bu dairədən mandat alan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə yenidən namizədliyini irəli sürüb.

Onunla bərabər partiyalardan ADP-nin üzvü Rəşid Mansurov, AMİP funksioneri Rəşad Bayramov da mübarizəyə qoşulublar. Bu dairədə diqqətçəkən məqamlardan biri iş dünyasından namizədlərin üstünlük təşkil etməsidir.

Məsələn, “Yelo Bank”-ın hüquq departamentinin rəhbəri Samir Tağıyev, “SF-VEB” MMC -nin direktoru Aqşin Xalikov, VMR Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənov, “Alyans Beton” MMC -nin təsisçisi Cahandar Bayramov məhz bu dairədən deputat olmaq iddiasındadırlar.

Bu dairədən hakimiyyətin gizli dəstəyinin A.Mollazadənin xeyrinə olacağı gözlənilir.

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİ

20 nəfərin DSK-ya müraciət etdiyi bu SD-də bütün iddiaçılar imza vərəqələrini götürsə də, sonradan onlardan 4 nəfəri seçkidə iştirak etmək qərarını dəyişdirib.

Hazırda 4 iddiaçı rəsmi namizəddir. Hakim partiyanı “Bakı Tikiş Evi” MMC-nin sədr müavini Elnur Rəhimov təmsil edir.

Ötən iki seçkidə bu dairədən qocaman deputat, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə mandat alıb. Namizədlər arasında müxalifətə qarşı aktiv fəaliyyəti ilə tanınan Ata Abdullayev, “Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı da var. MSK-nın məlumat bazasında Ümid və VHP-nin nümayəndələrinin də bu dairədən mübarizəyə qoşulduğu göstərilir. Bu dairədən mandatı yenidən Ziyad Səmədzadə qazanacaqmı, bunu zaman göstərəcək.

24 SAYLI NİZAMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ

Yeni Azərbaycan Partiyası Bakıda gərgin seçki rəqabəti olacağı gözlənilən bu dairədən SOCAR prezidenti Rövnəq Abdullayevin namizədliyini irəli sürməyib. Görünür, bu fakt bir çox tanınmış şəxsləri ümidləndirib və onlar iddiaçılar sırasında yer alıblar. Ümumilikdə 29 iddiaçı sənədlərini DSK-ya təqdim edib, onlardan 7-si partiya nümayəndəsidir, 13 nəfərin namizədliyi artıq qeydə alınıb.

Onlar arasında Müsavat Partiyasının üzvü, tanınmış araşdırmaçı Nəsiman Yaqublu da var. Hakim partiyanın bu dairədən nümayəndəsi yenə də neft sektorunun təmsilçisidir. “SOCAR PETROLEUM” QSC-də Baş direktorun İnnovasiyalar üzrə müavini Elnur Mustafayev YAP-ın bu dairədən rəsmi namizədidir. Diqqətçəkən məqamlardan biri dövlət qurumlarında vəzifə tutan şəxslərin iddiaçılar arasında çoxluq təşkil etməsidir.

Məsələn, YAP-ın rəsmi namizədindən başqa SOCAR-ın iki əməkdaşı, habelə Müdafiə, Ədliyyə və Energetika nazirliklərinin, eyni zamanda “Azəravtoyol” QSC-nin əməkdaşları deputatlıq iddiasındadırlar. Namizədlər arasında tanınmış iqtisadçı, “Hesabdaroğlu” MMC-nin direktoru Qulu İbrahimli də var. O, sosial şəbəkələrdə dairədə seçkiqabağı durum haqqında tez-tez postlar yazır və qalib gələcəyinə əminlik ifadə edir.

Bu dairədən mandat almağa ən şanslı namizədlərdən biri kimi isə, “Eventos” Tədbir Əməliyyat Komitəsinin Baş Direktorunun müavini Könül Nurullayevanın adı çəkilir. Ehtimal etmək olar ki, bu Seçki Dairəsində əsas rəqabət K.Nurullayeva ilə digər tanınmış şəxslər arasında gedəcək.

25 SAYLI NİZAMİ İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu dairədə DSK-ya cəmi 14 nəfər müraciət edib ki, onlardan 4-ü iddiasından geri çəkilib. Komissiya indiyə qədər 4 nəfərin namizədliyini qeydə alıb. Hakim partiya bu dairədən namizədini dəyişməyib – Sədaqət Vəliyeva yenidən seçki rəqabətinə qoşulub.

Onun əsas rəqibiləri arasında tanınmış vəkil İradə Cavadovanı və “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun adını çəkmək olar. Bu SD-də maraqlı məqamlardan biri neft sektorunun təmsilçilərinin iddiaçılar arasında üstünlük təşkil etmələridir.

Heydər Əliyev adına Neft Emalı Zavodunun iki əməkdaşı deputat olmaq iddiasındadır. Gözlənilir ki, bu dairədə əsas rəqabət YAP-ın rəsmi namizədi ilə adları qeyd olunan tanınmış şəxslər arasında gedəcək.

26 SAYLI SABUNÇU BİRİNCİ SEÇKİ DAİRƏSİ

Bu SD-dən 8 partiyanın nümayəndəsi seçki yarışına qoşulub. Ümumilikdə 25 nəfər DSK-ya sənədlərini təqdim edib, onlardan bir nəfər namizədliyini geri götürüb, 5 nəfərin namizədliyi isə təsdiqlənib. Hakim partiya bu dairədən hazırki deputat, BQP sədri Fazil Mustafaya qarşı 252 saylı liseyin müəllimi Afaq Hacıyevanın namizədliyini irəli sürüb.

ALDP sədri Fuad Əliyev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadə də bu dairədən namizəddirlər. Namizədlər arasında müxtəlif peşə sahibləri və işsizlər var.

Ümumi mənzərədən belə nəticə çıxarmaq olar ki, 9 fevralda bu dairədən ard-arda iki dəfə deputat olan Fazil Mustafanın deputat seçilməsinə mane olacaq namizəd yoxdur.

27 SAYLI SABUNÇU İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsində 30 nəfər sənədlərini DSK-ya təqdim etsə də, onlardan 7 nəfəri iddiasından geri çəkilib, 4 namizəd qeydə alınıb. Ötən parlament seçkilərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadənin qudası Qalib Salahzadə bu dairədən millət vəkili seçilib.

Amma indi onun adına namizədlər siyahısında rast gəlinmir. Bununla belə YAP-ın rəsmi namizədi, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əliabbas Salahzadənin soyadı diqqət çəkir. Ə.Salahzadə keçmiş deputatın oğludur.

Namizədlərdən 14 nəfər işsiz olduğunu göstərib, qalan əksəriyyət isə dövlət qurumlarında və biznes strukturlarında çalışanlardır. Onların arasında “AzTV QSC”-nin direktor müavini Emil Şahzadənin adı diqqət çəkir. Ehtimal etmək olar ki, keçmiş deputatın oğlunun Milli Məclisdə əyləşməsinə artıq qərar verilib.

28 SAYLI SABUNÇU ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Bu SD-i də hakim partiyanın “müstəqil” namizədlərə güzəştə getdiyi dairələrdən biri hesab etmək olar. YAP-ın rəsmi namizədi 209 saylı orta məktəbin direktor müavini Xatirə Cabbarovadır. Hazırki deputat, “Kooperasiya” Universitetinin rektoru Eldar Quliyev növbəti dəfə namizədliyini irəli sürüb.

Ümumilikdə 19 iddiaçı sənədlərini DSK-ya təqdim edib, 6 nəfərin namizədliyi qeydə alınıb, iki nəfər iddiasından geri çəkilib. Cəmi 3 partiya – YAP, AVP və Ümid bu dairədən seçki yarışına qoşulub.

Namizədlər arasında tanınmış isimlər var, onlardan biri araşdırmaçı jurnalist Aygün Muradxanlıdır. Bu dairədə maraqlı məqamlardan biri Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsində həqiqi hərbi xidmətdə olan Səmədağa Məmmədovun DS-ya müraciət etməsi və onun namizədliyinin təsdiq olunmasıdır. Doğrudur, o imza vərəqələri götürməyib, amma qanunla qadağan olunsa da, hərbi xidmətdə olan şəxsin namizədliyinin təsdiq olunması maraq doğurur.

30 SAYLI SURAXANI BİRİNCİ SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsindən 29 nəfər sənədlərini DSK-ya təqdim edib, 3 nəfər geri çəkilib, hələlik 11 nəfərin namizədliyi təsdiq olunub. YAP hazırki deputat Sevinc Fətəliyevanın namizədliyini yenidən irəli sürüb.

Namizədlər arasında İyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyevin adı diqqət çəkir. O, Bakı Xareoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyevin oğlu, mərhum yazıçı İlyas Əfəndiyevin isə nəvəsidir. Namizədlər arasında işsizlər və media nümayəndələri çoxluq təşkil edir.

Bir tələbə də özünü seçkilərdə sınamaq qərarına gəlsə də, imza vərəqlərini DSK-ya qaytarmayıb. Ümumilikdə namizədlər siyahısından belə qənaət hasil olur ki, əsas rəqabət hazırki deputat Sevinc Fətəliyeva ilə Tural Əfəndiyev arasında gedə bilər.

31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİ

Bakıda maraqlı seçki yarışının olacağı dairələrdən biri də budur. Ümumilikdə 25 nəfər DSK-ya müraciət etsə də, onlardan 10 nəfəri fikrindən daşınıb. İddiaçılar arasında tanınmış şəxslər var. YAP-ın namizədi məktəb direktoru Nizaməddin Ağayevdir. Bu dairədən ard-arda iki dəfə deputat olan MDHP sədri Fərəc Quliyev yenidən namizədliyini irəli sürüb.

Tanınmış şəxslərdən təhsil eksperti, təhsil naziri yanında İctimai Şuranın üzvü, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi Etibar Əliyev və Ümid partiyasının sədr müavini Rəfail Tağızadə də iddiaçılar sırasındadır. Bu dairədən deputat seçilmək istəyənlər arasında iş adamları, media nümayəndələri və təhsil işçiləri üstünlük təşkil edir.

Gözlənilir ki, 9 fevralda əsas rəqabət hazırki deputat Fərəc Quliyevlə təhsil eksperti Etibar Əliyev arasında gedəcək.

32 SAYLI SURAXANI ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Bu SD-dən 35 iddiaçı sənədlərini DSK-ya təqdim edib, onlardan 8-nəfəri artıq namizədliyini geri götürüb, 11 nəfər qeydə alınıb. Hakim Yeni Azərbaycan Partiyasını Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova təmsil edir.

Qeyd edək ki, hazırki deputat, parlamentin İntizam Komitəsinin sədri Ağacan Əbiyev namizədliyini irəli sürməyib.

Dairədə diqqətçəkən namizədlər kimi iri kommersiya banklarının əməkdaşları, habelə Milli Olimpiya Komitəsinin nümayəndəsi Hicran Şərifovu qeyd etmək olar. Başqa SD-də olduğu kimi müxtəlif dövlət qurumlarının nümayəndələrinin, təhsil işçilərinin, işsizlərin də adı namizədlər siyahısındadır.

33 SAYLI XƏTAİ BİRİNCİ SEÇKİ DAİRƏSİ

Tanınmış şəxslərin seçki mübarizəsinə qoşulduğu dairələrdən biridir. Hakim partiya yenidən çoxillik deputat, yazıçı Hüseynbala Mirələmovun namizədliyi üzərində dayanıb. Ümumilikdə 25 nəfər sənədlərini DSK-ya təqdim etsə də, onlardan 5-i artıq geri çəkilib. 13 nəfərin namizədliyi artıq qeydə alınıb.

Siyasi təşkilatlardan Müsavat başqanının müavini Nüşabə Sadıxlı, “D-18” Hərəkatının rəhbəri Ruslan İzzətli, Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli də bu dairədən seçki yarışına qoşulublar.

Eyni zamanda Xətai rayonunun keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu dairədən ilk olaraq namizədliyini irəli sürən və qeydiyyata alınan siyasətçidir. O, sosial şəbəkələrdə seçki kampaniyası ilə bağlı tez-tez məlumatlar paylaşır, qalib gələcəyinə əminliyini ifadə edir.

Adıçəkilən bütün şəxsləri bir-birlərinə ciddi rəqib hesab etmək olar. Şübhəsiz ki, favoritlərdən biri Zəlimxan Məmmədlidir.

34 SAYLI XƏTAİ İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu SD-də seçki bülletenlərinə çoxlu sayda namizədin adı yazılacağı şübhə doğurmur. DSK-ya sənəd vermiş 35 iddiaçıdan hələlik cəmi 4 nəfəri geri çəkilib. Hakim partiya Azərbaycandakı rus icmasının rəhbəri, 30 illik deputat Mixail Zabelinin namizədliyini bu dairədən irəli sürüb.

YAP-dan başqa 9 partiyanın namizədi seçkilərə qoşulub və onların arasında tanınmış şəxslər də var. VHP-dən Samir Əsədlinin, Müsavat Partiyasından Qəzənfər Baxışovun adını çəkmək olar. Bu dairə Gürcüstandan köç etmiş soydaşlarımızın kompakt yaşadığı əraziləri əhatə edir. Onların da seçkidə öz namizədləri var.”Soydaş” İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür – “AZBİLDİNQ QRUP” MMC-nin təsisçisi və direktoru Uğurlu Şərifovun 9 fevralda iki favorit namizəddən biri olacağı gözlənilir.

35 SAYLI XƏTAİ ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Mediada ən çox müzakirə olunan bu DSK-ya 18 nəfər sənədlərini təqdim edib. Onlardan 3 nəfəri iddasından geri çəkilib, 13 nəfərin namizədliyi isə artıq qeydə alınıb. Yeni Azərbaycan Partiyasının rəsmi namizədi Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini Turan Əliyevdir.

Amma mediada gedən müzakirələrdə onun adı çəkilmir. Əsas rəqabət “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri, əvvəllər bu dairədən millət vəkili seçilmiş İqbal Ağazadə arasında gedir. Hər iki namizəd dairə ərazisində Seçki Qərargahı yaradıb, komanda formalaşdırıb və aktiv təbliğat kampaniyasına hazırlaşır.

Namizədlərin siyahısında maraqlı məqam diqqətimizi çəkdi. Belə ki, eyni ad-soyadı daşıyan iki Rauf Abbasov var. Onlardan biri – Rauf Arifoğlunun namizədliyi qeydə alınsa da, digəri haqqında hələlik məlumat qeyd olunmayıb. Həmin namizəd orta təhsilli və işsiz olduğunu göstərib. 35 saylı dairədən mandatı Rauf Arifoğlunun qazanacağına çox az adam şübhə edir.

36 SAYLI XƏTAİ DÖRDÜNCÜ SEÇKİ DAİRƏSİ

Nəhayət, Bakıda sonuncu dairə üzrə məlumatları təqdim edirik. DSK-ya namizəd olmaq üçün 26 nəfər sənədlərini təqdim edib və imza vərəqləri götürüb. Amma 11 nəfər iddiasından geri çəkilib, 7 nəfərin namizədliyi isə qeydə alınıb.

Xatırladaq ki, ötən seçkilərdə bu dairədən Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deputat seçilib. O, bu dəfə 107 saylı Qazax Seçki Dairəsindən namizəd olmağı üstün tutub. YAP isə buradan Dövlət İqtisad Universiteti İdman Klubunun məşqçı-müəllimi Kənan Rzayevin namizədliyini irəli sürüb.

Dairənin ən şanslı namizədi isə BAXCP sədri Qüdrət Həsənquliyevdir. Ötən seçkilərdə Naxçıvandan – 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkili seçilən partiya sədri, bu dəfə Xətai rayonunu seçib. Namizədlər siyahısına göz gəzdirdikdə Q.Həsənquliyevin ciddi rəqibi gözə dəymir.azpolitika

шаблоны для dle 11.2
Tarix: 15-01-2020, 08:55




Xəbər lenti