Seçkilərə müdaxilə edən icra başçıları
Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin seçkilərə müdaxilə etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Gununsesi.org-un məlumatına görə, Abdin Fərzəliyev 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və 20 saylı Nərimanov İkinci Seçki Dairəsi üzrə seçki kampaniyası aparan bəzi şanslı namizədlərə qarşı ciddi təzyiqlər edir. Onlardan namizədliklərini geri götürməsini tələb edir.

Qeyd edək ki, Azərbaycanda səlahiyyətlərini aşaraq icra başçılarının seçkilərə müdaxilə etməsi ilk belə hal deyil. Bu yaxınlarda mətbuatda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin şəhər-rayon icra hakimiyyətlərinin başçılarını qəbul etməsi zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovu tənqid etməsi diqqətlərdən yayınmamışdı. Belə ki, Samir Nuriyev seçkilərə müdaxilə etdiyi üçün Alimpaşa Məmmədova iradını bildirmişdi.

Xatırladaq ki, mətbuatda yazılan digər yazılarda daha 3 rayonun icra başçılarının da seçkilərə müdaxiləsi ilə bağlı xəbərlər yer almışdı. Onlar Lənkəranın icra başçısı Taleh Qaraşov, Sabirabad və Saatlı RİH rəhbərləri idi. Həmçinin həmin yazılar arasında qeyd edilirdi ki, Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin bütün yerli idarə və qurumların rəhbər şəxslərindən və sıravi əməkdaşlarından seçkilərdə hazırkı deputat Azər Kərimliyə səs vermələrini tələb etmişdi.

Gununsesi.org xatırladır ki, 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə dövlət başçısı seçki prosesinə müdaxilə etmiş iki İcra hakimiyyəti başçısını – Zaqatala və Sabirabad rayonlarının İH başçılarını işdən biabırçıcasına qovmuşdu. Hər iki İH başçısı azad olunmaları barədə sərəncamı AzTV-nin efirindən eiştmişdilər. Əslində, bu tələb ATƏT-in müşahidə missiyasından gəlir. Əlavə etsək ki, adı çəkilən icra başçısının adı mediada və sosial şəbəkələrdə yerli sakinlərin incidilməsində, bir sıra mənfi xəbərlərdə, korrupsiya qalmaqllarında hallanıb, o zaman seçkidən sonra adları çəkilən məmurların seçkidən sonra işdən azad edilmələri də gözləniləndir.