Putinin alternativ Qafqaz PLANI


Putinin alternativ Qafqaz PLANI

Rusiyanın işğal altında olan 4-5 rayonun Azərbaycana qaytarılması müqabilində öz qoşunlarını sülhməramlı adı altında münaqişə bölgəsinə yerləşdirilmək planlarını Kremlə yaxın ekspertlər vaxtaşırı açıqlayıb. 

Söhbət əslində, Rusiya hərbi kontingentinin Zəngilan, Füzuli və Cəbrayıl rayonlarının İranla sərhəd xətti istiqamətində, yəni Araz çayının sahili boyunca yerləşdirilməsindən gedir. Hətta rəsmi Moskvanın bu təklifi Dağlıq Qarabağ probleminin həllinə dair qapalı danışıqlarda gündəmə gətirdiyinə dair məlumatlar da var. 

Rusiyanın bu mövqeyi bəzən status-kvonu saxlamaq, digər hallarda isə 1992-ci ildə Azərbaycanı tərk etmiş silahlı qüvvələrini geri qaytarmaq cəhdi kimi şərh edilib. Hər iki halda Rusiya silahlı qüvvələrinin münaqişə bölgəsinə yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yaradır. Halbuki, ATƏT-in 1994-cü ildə keçirilmiş Budapeşt sammitinin yekun qərarına görə, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində hər bir dövlətin kontingentinin sayı 30 faizdən artıq ola bilməz. Bu isə o deməkdir ki, Dağlıq Qarabağa münaqişəsinin nizamlanması çərçivəsində bölgəyə yalnız Rusiyanın deyil, digər dövlətlərin də sülhməramlı missiyası göndərilə bilər. Budapeşt sammitinin yekun qərarı hər bir ölkənin, o cümlədən Rusiya hərbçiləri üçün ümumi heyətin üçdə birindən də az olmaqla kvota müəyyən edir. Rusiya sülhməramlılarının isə bölgəyə yerləşdiriləcəyi təqdirdə hansı ərazidə xidmət göstərməsini isə Kreml yox, Birləşmiş Millətlər Təşkilatı müəyyən etmək hüququna malikdir. Ancaq Rusiya Azərbaycan-İran sərhəddinə xüsusi maraq göstərir. Ona görə də rəsmi Moskva bölgəyə başqa ölkələrin sülhməramlı kontingentinin yerləşdirilməsində maraqlı deyil. Təbii ki, bu, Rusiyanın Cənubi Qafqazla bağlı geostrateji planları ilə bağlıdır. Ermənistan mətbuatının Kremlə yaxın mənbələr vasitəsilə yaydığı məlumat Rusiyanın sözügedən planının görünməyən tərəflərini açıqlayıb. Belə ki, Çar Rusiyasının və SSRİ-nin tarixi sərhədlərini bərpa etməyə çalışan Putin administrasiyası Araz çayını da bura daxil edir. Yəni Rusiya SSRİ-nin dağılmasına və Azərbaycanın 29 ildir dövlət müstəqilliyini qazanmasına baxmayaraq, hələ də Araz çayını özünün tarixi sərhədləri hesab edir. Bu isə Kremlin postsovet ölkələrinə imperialist yanaşmasından irəli gəlir. 

Kremlin iddialarına görə Çar Rusiyasının və SSRİ-nin mövcud olmamasına baxmayaraq, Türkmənçay müqaviləsi qüvvəsini itirməyib. 

Araz çayının Ermənistan-İran sərhəddindən keçən 43 kilometrlik hissəsi hazırda Rusiyanın 102-ci hərbi bazasının nəzarətdədir. Zəngilan, Füzuli və Cəbrayıl rayonları da işğal altında olduğundan Rusiya Araz çayının həmin ərazidən keçən hissəsinə də Ermənistanın vasitəsilə nəzarət edə bilir. Lakin rəsmi Moskva sülhməranmlı adı altında öz qüvvələrini bu regiona yerləşdirməklə Azərbaycan-İran sərhədinin hazırda işğal altında olan 132 km-lik hissəsini, o cümlədən Araz çayının həmin xəttə paralel axan qismini Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi olan “QRU”-nun nəzarətinə vermək istəyir. Sərhədin Azərbaycan dövlətinin birbaşa nəzarətində olan digər hissəsinə qoşun çıxartmaq üçün Rusiyaya ən yaxşı bəhanə isə ABŞ-la İran arasında başlanacaq müharibə ola bilər. Yaxud, İranda rejimin çöküşü nəticəsində vətəndaş müharibəsinin və şimala doğru qaçqın axınının yaranması ehtimalı Rusiyanın bu təhlükəni önləmək adı altında Azərbaycan-İran sərhədinə qoşun yeritməsi ilə nəticələnə bilər. Çünki yüz minlərlə insanın Azərbaycana, Rusiyaya və oradan Avropaya axını təhlükəsindən istifadə edən rəsmi Moskva Suriyada həyata keçirdiyi hərbi müdaxilə planını Cənubi Qafqazda da həyata keçirmək variantı üzərində düşünür. Bu halda, Rusiya qaçqın axınının və terror təhlükəsinin qarşısının alınması adı altında öz qoşunlarını ən azı Azərbaycan-İran dövlət sərhədinin birgə mühafizəsi adı altında cənuba göndərməyə çalışacaq. Belə olan halda, Rusiya yalnız Araz çayına deyil, bütövlükdə 765 kilometrlik Azərbaycan-İran sərhəddinin xeyli hissəsinə nəzarəti ələ ala bilər. Qeyd edək ki, yüz minlərlə İran vətəndaşının şimala üz tutması baş verərsə, Rusiyanın hərbi müdaxilə təhlükəsi Türkmənistanı da gözləyə bilər. 

Ermənistanın “Lragir.am” portalı Kremlə yaxın bir agentliyə istinadən yazır: “Vaşinqton qorxur ki, "İranın süqutu" əməliyyatının başlaması Rusiyanı yalnız bu ölkənin (İranın ) müdafiə xəttinə aparmayacaq, həm də tarixi sərhədləri olan Araz çayı boyunca möhkəmlənməsinə səbəb olacaq”. 

Görünür, Rusiya Araz çayının vaxtilə SSRİ ilə İranı ayıran hissəsini yenidən özünə qaytarmaq üzərində düşünür. Təbii ki, bunlar hazırda daha çox siyasi illüziyadır. Amma İranda baş verən hadisələr və ABŞ-la qarşıdurmanın hərbi müstəviyə keçməsi bu təhlükəni artırır. Nəzərdən qaçırmaq olmaz ki, İranın çöküşü nəticəsində bölgənin geosiyasi xəritəsinin dəyişəcəyi istisna olunmur. Rusiya da bu prosesdən bölgədəki mövqelərini gücləndirmək və pay bölgüsündə iştirak etmək niyyətini düşə bilər. 

Müşfiq Abdulla
Cebhe.info


шаблоны для dle 11.2
Tarix: 26-01-2020, 15:34




Xəbər lenti