NATO-nun Cənubi Qafqaza gəlişi Azərbaycanın Rusiyadan uzaqlaşmasına səbəb olacaq

NATO-nun Cənubi Qafqaza gəlişi Azərbaycanın Rusiyadan uzaqlaşmasına səbəb olacaq

Məhəmməd Əsədullazadə: "İnanmıram ki, Bidzina İvanişvili mövcud şəraitdə Gürcüstanı NATO-ya qəbul etdirə bilsin"

"NATO bir sıra önəmli məsələləri gözardı edib Gürcüstanı alyansa qəbul edərsə, bu ölkə Şimali Atlantika Bloku ilə Rusiya arasında siyasi toqquşma plastarmına çevrilə bilər"

Gürcüstanın NATO-ya üzvlük məsələsi yenidən gündəmə gəlib. Belə ki, Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun genişləndirilməsini və Gürcüstanın təşkilata üzv qəbul olunmasını vacib hesab etdiyini bildirib. Almaniya və Fransanın Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkindiyini vurğulayan Çavuşoğlu ölkəsinin Gürcüstanın Şimali Atlantika Blokuna üzvlüyünü dəstəklədiyini bəyan edib: "Gürcüstanı niyə dəvət etmədiyimizi, yaxud da Gürcüstanın üzvlüyünə yönələn fəaliyyət planını işə salmadığımızı başa düşmürəm. Biz qonşu ölkə kimi Rusiya ilə əlaqələrimizi nisbətən yaxşılaşdırdığımıza görə tənqidlərə tuş gəlirik, amma qərbli dostlarımız, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı dəvət etməyə razılaşmayıblar. Lakin Gürcüstan bizə möhtacdır, biz də Gürcüstan kimi müttəfiqə ehtiyac duyuruq. Odur ki, bizə genişlənmə gərəkdir, Gürcüstan da üzv olmalıdır. Biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik".

Gürcüstanın xarici işlər naziri David Zalkaliani isə öz növbəsində, türkiyəli həmkarı Mövlud Çavuşoğluna ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəyanatına görə təşəkkür edib. Bu barədə report.az-da yer alan informasiyada deyilir ki, Zalkaliani "Twitter" hesabında Türkiyənin xarici işlər nazirinə dəstəyə görə minnətdarlığını bildirib: "Gürcüstanın NATO-ya üzvlüyə yorulmaz səylərini dəstəklədiyinizə görə minnətdaram. Dəstəyinizin önəmi Gürcüstanın hazırda üzləşdiyi problemləri nəzərə alaraq çox böyükdür. Biz NATO-ya üzvlük yoluna sadiqiq".

Bu arada, rusiyalı araşdırmaçı, siyasi ekspert Andrey Boldırev isə bu qənaətdədir ki, ABŞ və Türkiyənin qarşılıqlı maraqları nəzərə alındığı halda, bəzi məqamlara göz yumularaq, Gürcüstan NATO-ya daxil edilə bilər. Bununla bağlı axar.az-da yayımlanan xəbərə görə, Boldırev hesab edir ki, Gürcüstanın NATO üzvü olması ehtimalına Rusiya psixoloji olaraq hazırdır və bu, Moskva üçün gözlənilməz olmayacaq: "Türkiyənin Gürcüstanın NATO üzvlüyünü təsdiqləməsi regiondakı lider mövqeyini qoruyacağına əmin olmasından irəli gəlir. Eyni zamanda, söyləmək mümkündür ki, gələcəkdə Türkiyə Rusiyanın Qara dənizdə güclənməsini istəməsin".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir. Bu barədə ordu.az-ın xəbərində deyilir ki, hərbi qüvvələrin bu ilin iyun ayında baş tutacaq "Avropanın müdafiəçisi – 2020" təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir. Bildirilir ki, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək. O da qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır. Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə "Avropanın müdafiəçisi – 2020" hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir. Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.

"Rəsmi Tiflisin NATO ilə əlaqələri 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra aktiv şəkildə əməkdaşlıq müstəvisinə qalxıb"

““Boing”in vurulması səhvən hadisə kimi qiymətləndirilməməlidir” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, rəsmi Tiflisin NATO ilə əlaqələri 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra aktiv şəkildə əməkdaşlıq müstəvisinə qalxıb: "Bildiyiniz kimi, Gürcüstan ABŞ-ın Cənubi Qafqazda dəstəklədiyi ölkədir. Çünki Rusiyanın regionda əsas dayaqlarının zəiflədilməsində Gürcüstanın Qərbə inteqrasiyası mühüm faktordur. Ona görə də NATO-Gürcüstan əlaqələrinin yeni müstəviyə keçməsi, Gürcüstanın Şimali Atlantika Blokuna qəbul edilməsi alyansın strateji planındadır. Lakin o da qeyd olunmalıdır ki, ərazilərində münaqişə olan ölkələr NATO üzvlüyünə namizədliklərini irəli sürə bilməzlər. Məhz bu fakt Gürcüstanın alyansa üzvlüyünü sual altına qoyur. Amma NATO-nun eks-katibi ötən il Gürcüstanda keçirilən tədbirdə münaqişə ocağı ilə bağlı bəndin Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb etmədiyini vurğulamaqla bu ölkənin Şimali Atlantika Blokuna üzvlüyünü qabartmışdı".

"Hazırkı məqamda Gürcüstanın NATO-ya üzvlüyü mümkün görünmür"

Onun fikrincə, əgər Gürcüstan NATO-ya üzv olarsa, o zaman rəsmi Moskva buna adekvat cavab vermək zorunda qalacaq: "Yəni Kremlin atacağı addımlar qaçılmaz ola bilər. NATO isə öz növbəsində, Rusiya ilə hərbi qarşıdurmaya risk etməyəcək. Çünki hazırda Rusiya Yaxın Şərqdə, Şərqi Avropada və Orta Şərqdə siyasi, o cümlədən hərbi fəaliyyətini genişləndirib. Odur ki, hazırkı məqamda Gürcüstanın NATO-ya üzvlüyü mümkün görünmür. Ona görə ki, Kreml Cənubi Osetiya və Abxaziya istiqamətində Gürcüstana qarşı hərbi təzyiqləri artıra bilər. Bu isə Gürcüstanın suverenliyi, milli təhlükəsizliyinə ciddi təhdiddir. Əgər Şimali Atlantika Bloku bu kimi məsələləri gözardı edib Gürcüstanı alyansa qəbul edərsə, o zaman Gürcüstan NATO və Rusiya arasında siyasi toqquşma plastarma çevrilə bilər. Təbii ki, burada əziyyət çəkən məhz Gürcüstan dövlətçiliyi və xalqı olacaq. Bu səbəbdən də inanmıram ki, Bidzina İvanişvili mövcud şəraitdə Gürcüstanı NATO-ya qəbul etdirə bilsin".

"Gürcüstan NATO-ya üzv olduqdan sonra Rusiyanın Qara dənizdə güclənməsinin qarşısı alına bilər, bu isə Türkiyənin bölgədə nüfuzunun artmasına və həlledici güc olmasına gətirib çıxaracaq"

Artıq Gürcüstanla Rusiya arasında Praqada danışıqların yenidən bərpa edildiyini qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, belə bir şəraitdə Moskva rəsmi Tiflisə NATO-ya üzv olmamaqla bağlı öz təkliflərini çatdıracaq: "Onu da qeyd edim ki, bu gün Türkiyə də Gürcüstanın NATO-ya daxil olmasında maraqlıdır. Amma hələlik rəsmi Tiflis Kreml faktoruna görə belə bir addım atmayacaq. Ola bilsin ki, Mixail Saakaşvili kimi bir lider hakimiyyətdə olsaydı, onda Gürcüstan Şimali Atlantika Blokuna üzv ola bilərdi. Lakin İvanişvilinin Rusiyaya rəğmən, belə bir addım atması heç də inandırıcı görünmür. Türkiyə məsələsinə gəlincə, bildirməliyəm ki, Gürcüstan NATO-ya üzv olduqdan sonra Rusiyanın Qara dənizdə güclənməsinin qarşısı alına bilər. Bu isə Türkiyənin həmin bölgədə nüfuzunun artmasına və həlledici güc olmasına gətirib çıxaracaq. Bundan başqa, heç kimə sirr deyil ki, Türkiyənin əsas strateji planlarından biri də Cənubi Qafqazda möhkəmlənməkdir. Azərbaycanla münasibətlər aydındır. Belə ki, ortada təbii müttəfiqlik mövcuddur. Odur ki, Gürcüstanın NATO-ya üzvlüyü Türkiyənin periferiyasında alyansın Cənubi Qafqazda daha da geniş areala sahib olması demək olacaq. Bundan başqa, Türkiyənin Qara dənizdə də mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Ona görə də Gürcüstanın Şimali Atlantika Blokuna üzvlüyündə Türkiyə də udmuş olacaq. Yəni bu, Türkiyənin geosiyasi maraqları müstəvisində Ankaranın milli təhlükəsizliyi üçün önəmli faktordur. Bu səbəbdən də Qara dəniz periferiyasında Türkiyə və Gürcüstan NATO çətiri altında müttəfiqdir. Təbii ki, bütün bunlar sonda Rusiyanın Qara dənizdə hərbi mövqelərinin zəifləməsinə səbəb ola bilər. Ona görə də rəsmi Ankara Gürcüstanın alyansa üvzlüyündə israrlıdır".

"Əgər alyans regiona gələrsə, o zaman Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana ciddi təzyiqləri ola bilər"

Gürcüstandan sonra Azərbaycanın da NATO-ya daxil olma ehtimalından danışan politoloq hesab edir ki, Şimali Atlantika Blokunun Cənubi Qafqaza gəlməsi, Gürcüstanın alyansın təhlükəsizlik çəmbəri altına girməsi ölkəmizin də milli təhlükəsizlik maraqları üçün olduqca önəmlidir: "Yəni NATO-nun regiona gəlməsi Azərbaycanın milli maraqlarına cavab verəcək. Bildiyiniz kimi, ərazilərimizin 20 faizi işğal altındadır və NATO da bu ərazilərdə hər hansı bir münaqişənin qızışmasında maraqlı deyil. Odur ki, əgər alyans regiona gələrsə, o zaman Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana ciddi təzyiqləri ola bilər. Təbii ki, bu da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxara bilər. Şübhəsiz ki, Cənubi Qafqaz regionu NATO-nun diqqət mərkəzindədir və gələcək perspektivdə region ölkələrinin alyansa qəbul edilməsi düşünülür. Ona görə də ilk əvvəl Gürcüstan, sonra Azərbaycan, daha sonrakı prosesdə isə Ermənistanın NATO-ya qəbul edilməsi alyansın planındadır. Beləliklə, alyansın Cənubi Qafqaza gəlişi Azərbaycanın müstəqilliyinin güclənməsinə, Rusiya ilə daha da məsafəli davranmasına gətirib çıxaracaq, eyni zamanda müəyyən bir müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə səbəb ola bilər".

 Hurriyyet.org

шаблоны для dle 11.2
Tarix: 26-01-2020, 22:31




Xəbər lenti