Rayonların idarə olunması ilə bağlı yeni təklif: EFFEKT VERƏCƏKMİ?

Rayonların idarə olunması ilə bağlı yeni təklif: EFFEKT VERƏCƏKMİ?


Korrupsioner məmurların həbsi icra strukturunda nöqsanları üzə çıxardı.

Ekspertlər hesab edir ki, bu sistemdə ciddi islahatlara ehtiyac var. Rayonların idarə olunmasında səlahiyyətlərin bölünməsi təklifi daha çox səsləndirilir. Hesab edilir ki, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin səlahiyyətlərinin artırılması vacibdir. Bölgələrin idarə olunması ilə bağlı digər diqqətçəkən təklif regional icra hakimiyyətlərinin yaradılmasıdır.

Təklif olunur ki, bölgələr yeni idarəetmə formasına keçsin. Yəni təklifdə cra hakimiyyətlərinin regional təşkili nəzərdə tutulur. Ümumilikdə 12-14 regional icra hakimiyyətinin yaradılması təklif edilir. Bu sistemdə rayonlar saxlanılır, ancaq orada səlahiyyətləri azaldımış icra nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd edək ki, belə bir təcrübə artıq Azərbaycanda mövcuddur. Məsələn, 2013-cü ildə Azərbaycanda təhsil şöbələri ləğv olunub və Təhsil Nazirliyinin balansında 15 regional idarə yaradılıb. Fövqəladə Hallar Nazirliyil sistemində də eyni təcrübə mövcuddur və regional idarələr formatında fəaliyyət göstərir.

Maraqlıdır, icra hakimiyyətlərində də eyni təcrübəni tətbiq etmək mümkündürmü? Bu idarəetmə formasına keçid nə qazandıracaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında icra hakimiyyətlərində geniş islahatları vacib hesab edib:

“Əslində, Azərbaycanda 8-12, hətta 15 icra hakimiyyəti orqanı yaradıla bilər, bu iqtisadi məqsədəuyğunluqlardan asılıdır. İqtisadi zonaların yaradılması və prezident tərəfindən birbaşa öz nümayəndəsini təyin etməsi daha doğru yoldur. Yerli icra hakimiyyətləri isə, ümumiyyətlə, ləğv edilməlidir. Yalnız Prezidentin təyin etdiyi regional nümayəndələrin rayonlar üzrə nümayəndəlikləri ola bilər. Hər hansı bir fövqəladə vəziyyət olarsa, birbaşa idrəetməni həyata keçirmək üçün belə bir nümayəndəlik yaradıla bilər. Amma yerli icra hakimiyyətləri tamamilə ləğv edilib seçkili orqanlara, bələdiyyələrə verilməlidir. Bələdiyyələrin isə statusları, səlahiyyətləri, büdcələri artırılmalıdır ki, getdikcə bu institut inkişaf etsin. Belə bir konsepsiyaya ehtiyac var. Bunun üçün isə konstitusiya dəyişikliklərinə və idarəetmə formasının fəlsəfəsinin dəyişməsinə ehtiyac yaranır. Tək bir yeri ləğv etməklə bu problemi həll etmək mümkün deyil. Burada qanunvericilikdə də dəyişikliklərin olması, idarəetmə formasının dəyişməsi ilə bağlı da addımların atılması vacibdir ki, səlahiyyət və məsuliyyət bölgüsü olsun. Bu məsələ uzun müddətdir ki, müzakirə olunan, amma çox zaman hökumət tərəfindən qəbul olunmayan bir versiya idi. Çox yaxşıdır ki, indi müzakirə daha da ciddiləşib. Çünki bu məsələ həm deputatlar, həm də bəzi məmurlar tərəfindən də səsləndirilir. Halbuki biz bunu 7 il əvvəl hökumətə Təkliflər Paketi formasında təqdim etmişdik. Ümid edirəm ki, bu son hadisələr idarəetmənin özünün, strukturunun və fəlsəfəsinin dəyişməsi üçün yeni bir imkanlar açacaq. Regional idarəetməyə keçid və yerli özünüidarəetmə institutunun güclənməsi üçün artıq kifayət qədər əsas var. Belə başa düşürəm ki, bunun üçün də konstitusiya dəyişiklikləri üçün referenduma ehtiyac yarana bilər. Bununla bağlı komissiya yaradılmalı və idarəetmənin təkmilləşdirilməsi üçün bütün təkliflər cəm şəkildə müzakirə edilməlidir”.

Vilayət Muxtar
Cebhe.info


шаблоны для dle 11.2
Tarix: 24-05-2020, 01:25




Xəbər lenti