VAHİD ƏHMƏDOV HƏDƏFƏ GÖTÜRÜLÜB – Səfər Əbiyevlə əlaqələndirildi...



Milli Məclisin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovu tənqid edən deputat Vahid Əhmədova həmkarları tərəfindən sərt reaksiyalar davam edir.

“AzPolitika” xəbər verir ki, günorta fasiləsindən sonra davam edən iclasda deputatların çıxışları əsasən Vahid Əhmədova həsr olunub. 

Belə ki, Siyavuş Novruzov və Bəxtiyar Əliyevin ardınca deputatlar Fəzail Ağamalı və Əli Hüseynli də V.Əhmədovu sərt tənqid ediblər.

F.Ağamalı həmkarını keçmiş Müdafiə naziri Səfər Əbiyevə bağlayaraq, dolayısilə onu sifarişlə danışmaqda ittiham edib.



“Çox təəssüf olsun ki, sizin buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.

O bildirib ki, bu zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etdiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.

Qeyd edək ki, V. Əhmədov parlamentin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənovun ünvanına tənqidi fikirlər səsləndirib. Z.Həsənov və Nəcməddin Sadıkovun Azərbaycan dilini bilmədiklərini deyən deputat əlavə edib:  “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

Tarix: 31-05-2020, 15:35




Xəbər lenti