Rusiyalı analitik: “Ermənistandakı daxili siyasi proseslər nəzarətdən çıxıb...”

Moskva Paşinyan hakimiyyətini silkələyir; Avropadan da ona etiraz siqnalları gəlməyə başlayıb; rusiyalı analitik: “Ermənistandakı daxili siyasi proseslər nəzarətdən çıxıb...”

Ermənistanda ictimai-siyasi situasiya gərginləşməkdə davam edir. Xəbər verdiyimiz kimi, baş nazir Nikol Paşinyan siyasi opponentlərə, öncəliklə də parlamentdə ikinci ən böyük fraksiyaya malik “Çiçəklənən Ermənistan” deputat fraksiyasının və eyni adlı partiyanın rəhbəri oliqarx Qaqik Tsarukyana qarşı təzyiqlərə başlayıb. Artıq ölkə Baş Prokurorluğun təqdimatı əsasında deputat toxunulmazlığı ləğv edilən Tsarukyanın həbsinə hazırlıq gedir. Bundan əlavə, partiyanın 100-dən artıq tərəfdarı saxlanılıb.Paşinyanın repressiv addımlarının motivi qismində ən əvvəl Tsarukyanın ötən həftə parlamentdə baş nazirin istefasını tələb eləməsi göstərilir. Ermənistan rəhbəri belə sərt tədbirlərlə siyasi müxalifətin, ümumən narazı toplumun “gözünün odunu almağa” və toplumda xof yaratmağa, nəticə etibarilə özünün hakimiyyətini möhkəmləndirməyə çalışır. Eyni zamanda ölkə siyasi gündəmini özünə sərfəli səmtə dəyişdirməyə, ictimai diqqəti yayındırmağa səy edir. Çünki onun iki il öncə, inqilab zamanı verdiyi vədlərin hamısı artıq fiasko olub. Nəhayət, oliqarx Tsarukyana qarşı korrupsiya ittihamı ilə müəyyən mənada fəaliyyət, iş görüntüsü yaratmaq niyyəti güdür.
*****
Nikol Paşinyanın öz hədəflərinə nə dərəcədə çatacağını hələlik birmənalı söyləmək çətindir. Ən azı, ona görə ki, Rusiya faktoru var - o Rusiya ki, Ermənistanın simvolik dövlət olaraq mövcudluğu bütünlüklə ondan asılıdır və düşmən ölkədə siyasi-hərbi dayaqları olduqca güclüdür.     
Maraqlıdır ki, bu arada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin İrəvanda Nikol Paşinyanın siyasi əleyhdarları ilə görüşdüyü barədə xəbər yayılıb. Belə ki, səfirliyin Facebook səhifəsində yerləşdirilən məlumata görə, diplomat “Çiçəklənən Ermənistan” Partiyasından olan deputatlar və vitse-spiker Vahe Enfiacyanla görüşüb.
Ermənistan: oliqarx Tsarukyanın malikanələrində axtarışlar ...
Qaqik Tsarukyan
Görüşdə tərəflər arasında əsas müzakirə mövzusunun Rusiya-Ermənistan parlamentlərarası əlaqələrinin inkişafı, Rusiyanın koronavirusla mübarizədə yardımı məsələləri olduğu deyilir. Parlamentarilər həmçinin ölkədəki daxili siyasi vəziyyətlə bağlı fikirlərini səfirlə bölüşüblər.
Ancaq aydın məsələdir ki, koronavirus  mövzusu görüşdə yalnız siyasi kamifulyaj məqsədi daşıyıb. Əsas hədəf Rusiyanın bununla Paşinyan iqtidarına çatdırmaq istədiyi mesajdır. O anlamda ki, Ermənistanın indiki hökuməti üçün də “qırmızı xətlər” var və Moskva işğalçı ölkədə gedən proseslərə, öncəliklə hakimiyyətin siyasi opponentlərə qarşı aşırı güc və təzyiq tətbiq eləməsinə seyrçi qalmayacaq. Yəni siyasi təzyiq məsələsi.
*****
Rusiya prezidenti və Köçəryanın arvadı nədən danışıb? - AÇIQ MESAJ
Rusiyanın Paşinyanın “inqilabçı” hökumətini özünə doğma saymadığı və onun əvəzlənməsində maraqlı olduğu bəllidir. Bu məntiqlə Ermənistanda indiki iqtidar əleyhinə olan istənilən siyasi qüvvə avtomatik şəkildə Moskvanın müttəfiqinə çevrilir.
Yeri gəlmişkən, yada salaq ki, ötən ilin oktyabrında prezident Vladimir Putin İrəvanda olarkən məhz Rusiya səfirliyində o vaxt həbsdə olan (indi də türmədədir) eks-prezident Robert Köçəryanın arvadı Bella Köçəryanla nümayişkaranə şəkildə görüşmüşdü. Köçəryanın isə Putinin dostu olduğu məlumdur. Kreml başçısı onun azad edilməsi üçün hətta diplomatik kanallarla bir neçə dəfə Paşinyana ismarış da göndərib. Ancaq nəticə olmayıb.             
Diqqətçəkən başqa maraqlı məqam Avropadan da Paşinyan iqtidarının ünvanına tənqidi siqnalların gəlməyə başlamasıdır. Belə ki, Avropa Xalq Partiyası Ermənistanda demokratiyanın geriləməsinə dair çoxsaylı hallardan narahat olduğunu bildirib. Axar.az xəbər verir ki, bu sözləri öz twitter səhifəsində partiyanın rəhbəri Donald Tusk paylaşıb. O, Ermənistan hökumətini müxalifətə qarşı təzyiqlərdən çəkinməyə çağırıb. Yada salaq ki, ölkədə başlayan repressiyalara beynəlxalq qurumların səssiz qalmasına erməni siyasətçilər narazılıqlarını ifadə etmişdilər.
*****
Putin Paşinyana dirsək göstərib getdi - Kremldən Bella gedişi
“Baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu dövr də daxil olmaqla, Ermənistandakı daxili siyasi proseslər uzun müddətə nəzarətdən çıxıb”.
Bu sözləri rusiyalı tanınmış politoloq, beynəlxalq əlaqələr üzrə ekspert Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində deyib. Ermənistanın xarici siyasətindən və konkret olaraq Ermənistan-Rusiya qarşılıqlı fəaliyyətindən danışan ekspert Paşinyanın hakimiyyəti dövründə ikitərəfli münasibətlərin iflasa uğradığını deyib.
Onun sözlərinə görə, erməni baş naziri  hakimiyyətdə olduğu müddətdə Rusiya ilə əlaqələr qurmağa çalışmayıb və həmişə birbaşa və ya dolayısıyla Moskvaya qarşı tələblər irəli sürüb. “Yalnız ümid etmək qalır ki, son iki ilin anlaşılmaz, bir qədər bulanıq fazası gec-tez başa çatacaq”, - deyə Trofimçuk vurğulayıb.
Onun fikrincə, Ermənistan-Rusiya münasibətlərindəki yeganə “uğur” ondadır ki, bu münasibətlər nəzəri cəhətcə gözlənilənlə müqayisədə çox da güclü şəkildə iflas olmayıb.
“Hazırda Rusiya Ermənistandakı vəziyyəti qarışdırmaq üçün konkret addımlar atır”.
Bu sözləri isə erməni politoloq Ruben Mehrabyan deyib. Mehrabyan hesab edir ki, son günlər Rusiya mediasında Tsarukyanın təqibi ilə Paşinyanın bağlı başlatdığı prosesə dair materiallar dərc edilməsi Ermənistandakı hakim rejimin devrilməsinə yönəlmiş Rusiya təbliğatından başqa bir şey deyil.
“Əvvəla, bu, Rusiyanın Ermənistanın daxili işlərinə qarışmaq cəhdindən xəbər verir. Belə materiallarla o, Ermənistandakı vəziyyəti gərginləşdirməyə çalışır”, - deyə  Mehrabyan qeyd edib.
Lakin erməni politoloqun fikrincə, Ermənistandakı rusiyapərəst qüvvələrin Paşinyan hökumətini devirmək üçün kifayət qədər resursu çatmayacaq. Sonda o əlavə edib ki, Rusiya Ermənistandakı bütün hökumət əleyhinə qüvvələri dəstəkləmək siyasətini aparır.
Beləcə, Rusiya Ermənistanda “düyməyə” basmış kimi görünür. Onu da yaddan çıxarmaq olmaz ki, Rusiyanın Paşinyana alternativ kimi gördüyü siyasi fiqurlar arasında Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, general Artur Vanetsyanın adı ilk sıralarda hallanır. Artıq o, mövcud iqtidara qarşı radikal mövqedə dayanan “Vətən” adlı partiya da yaradıb...       
Siyasət şöbəsi
“Yeni Müsavat”
Tarix: 19-06-2020, 08:17




Xəbər lenti