Kasprşikin və Zaxarovanın Qarabağ anonsu - danışıqlar dalandan çıxacaqmı?


İşğalçı ölkədə pandemiya şokunun ardınca hakimiyyət böhranı yaşanır; həmsədrlər isə nazirlərlə növbəti videomüzakirələrə hazırlaşır; “yol üstündə” olan Paşinyan konstruktiv olacaqmı? Politoloq: “işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir”

Koronavirus pandemiyası yayılandan sonra yır-yığış edib ölkəsinə dönən polşalı diplomat, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikdən xəbər var. 90-cı illərdən bəri işğal altındakı Azərbaycan ərazilərində monitorinqlər keçirən Kasprşik Ermənistan mətbuatına danışıb. 
“Monitorinq fəaliyyəti və üz-üzə görüşlər istisna olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi öz işini davam etdirir. Daha çox videokonfranslara və digər texniki vasitələrə etibar edirik” - deyə, ATƏT təmsilçisi bildirib. Monitorinqlərin yeni növ koronavirus (COVID-19) pandemiyasına görə dayandırıldığını xatırladan A. Kasprşik qeyd edib ki, onlar regiondakı vəziyyəti izləməyə davam edirlər, tərəflərlə əlaqə saxlayırlar, ATƏT sədrliyi və Minsk Qrupunun həmsədrlərinə, habelə ATƏT-ə üzv dövlətlərə hesabat verirlər: “Vəziyyət imkan verən kimi fəaliyyətimizi tam şəkildə bərpa etməyi planlaşdırıram. Bildiyiniz kimi, hazırda mənim mandatım daxilində olan ərazilərə ziyarət etmək mümkün deyil. Bununla belə, hərbi və mülki səviyyədə olan səlahiyyətli şəxslərlə davamlı telefon əlaqəsi saxlayıram. Həm də Minsk Qrupunun həmsədrləri tərəfindən mütəmadi olaraq keçirilən telekonfranslarda iştirak edirəm. Məhdudiyyətlərə baxmayaraq, son bir neçə ayda öz işimlə məşğul olmağa davam etmişəm! Şərtlər imkan verən kimi ofisim genişmiqyaslı monitorinqi davam etdirəcək”. O, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də toxunub. A. Kasprşikin sözlərinə görə, 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilən Zirvə görüşlərində ofisin genişləndirilməsi ideyası prinsipcə qəbul olunub, lakin bu genişlənmə ilə bağlı şərtlər razılaşdırılmalıdır. Kasprşik hər hansı bir insident baş verən zaman tərəflərlə əlaqə saxladığını, ATƏT sədrliyi və Minsk Qrupunun həmsədrlərini bu barədə məlumatlandırdığını da qeyd edib. (APA)  “Araşdırmalar aparmaq səlahiyyətimin olmadığını xatırlamaq vacibdir. Etimad yaradacaq tədbirlər mənim mandatımın əsas hissəsini təşkil edir. Ümid edirəm ki, insanlar arasındakı təmaslar etimad yaratmağa və münasibətləri bərpa etməyə kömək edə bilər. Tərəflərin istəyi və COVID-19-la bağlı vəziyyət buna imkan verəcəyi halda, etimad yaratma tədbirlərinin daha da inkişaf etdirilməsinə kömək etməyə sadiq qalıram. Mən yalnız tərəfləri razılıq verdikləri halda, etimad yaradan tədbirlərin inkişaf etdirilməsinə cəsarətləndirə və kömək edə bilərəm. Xüsusi etimad yaradacaq tədbirlərin inkişafına dəstək vermək üçün ATƏT sədrliyi və Minsk Qrupu həmsədrləri ilə əlaqə saxlayıram”, - deyə, A. Kasprşik vurğulayıb.
Etiket: tərəflərlə
Qeyd edək ki, A.Kasprşik martın 20-də, koronovirus pandemiyasının işğal zonasında da yayılması barədə xəbərlərin yayılmasından sonra bəyanat verərək bölgəni tərk etmişdi. “Koronavirus pandemiyasının yayılması bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli səviyyədə səyahət, habelə risklərin azaldılması üçün təmas məhdudiyyətlərinə səbəb olub” - deyən ATƏT nümayəndəsi bildirmişdi ki, tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər ləğv olunana qədər monitorinqlər dayandırılacaq. Hazırda işğalçı ölkədə yoluxmaların sayı 20 minə yaxınlaşır. Təkcə ötən gün 665 yeni xəstə aşkarlanıb. Dağlıq Qarabağda da pandemiya yayılmaqdadır. Nəzərə alaq ki, Azərbaycanda kifayət qədər tədbirlər görülsə də, gündəlik yoluxanların sayı 300-dən aşağı düşmür. Bu mənada Kasprşikin tezliklə regiona qayıdacağı real görünmür.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova növbəti dəfə Qarabağ münaqişəsindən danışıb. Bir müddət əvvəl Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu deyən Rusiya XİN sözçüsü bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri daim Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə əlaqədədir. “Keçən ay onlar birgə videokonfrans keçiriblər, Dağlıq Qarabağ münaqişəsinin həll yolunu müzakirə ediblər” - Zaxarova bildirib. XİN təmsilçisi APA-nın əməkdaşının sualına cavab olaraq deyib ki, həmsədrlərin nazirlərlə növbəti görüşünün bu ayın sonunadək keçirilməsi planlaşdırılır.
Amma nə pandemiya ilə bağlı real durum, nə Ermənistan daxilindəki siyasi vəziyyət, nə də işğalçının təmas xətti və cəbhə boyunca davranışları dalana dirənmiş danışıqların pozitiv sonluğa gətirəcəyinə ümid yaratmır. Ölkəsində mövqeləri kifayət qədər güclü olduğu halda, baş nazir Nikol Paşinyan Qarabağla bağlı konstruktiv mövqe sərgiləyib, prosesi irəli aparmağa maraq göstərmədisə, indi İrəvanda iqtidar-müxalifət gərginliyinin pik həddində onun güzəştli mövqedən çıxış edəcəyinə inanmaq sadəlövhlük olar.
Bu səfərlər münaqişənin həllinə təsir etmir" - Elxan Şahinoğlu ...
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a açıqlamasında müsbət dönüşə inanmadığını bildirdi: “Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdəki çıxışının bir hissəsini Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanla münasibətlərə həsr edib. Paşinyan yenə eyni sözləri deyib: ”Dağlıq Qarabağ münaqişəsinin həlli “Artsax”, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır". Paşinyan bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır. O düşünür ki, cümləsinə “Azərbaycanın da maraqları nəzərə alınmalıdır” sözlərini əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən fərqlənir. Əlbəttə, Köçəryan və Sərkisyan Paşinyan kimi “münaqişənin həlli Azərbaycan xalqının da maraqlarına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem ondadır ki, işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir". E.Şahinoğlu qeyd etdi ki, Paşinyanın işğal altındakı Şuşada “andiçmə” mərasimi təşkil etməsi, işğal altındakı bölgələri məskunlaşdırması və Dağlıq Qarabağa işğal altındakı rayonlarımız üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı şəkil almasının bariz nümunəsidir: “Bütün bunlar Azərbaycanın maraqlarının əleyhinədir. Ona görə də Paşinyanın ”münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir" sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan, sadəcə, ifadələrlə söz oyunu aparır, əməldə isə devirdiyi və həbs etdirdiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücü ilə davam etdirir". Politoloq qeyd etdi ki, Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanda müharibə çağırışlarından narahat olduğunu da vurğulayıb: “Görəsən, Paşinyan Azərbaycandan ayrı nə gözləyir ki? Azərbaycan işğal altında olan torpaqlarında Paşinyanın separatçılarla birgə təxribatlarına seyrçimi qalmalıdır? Torpaqları işğal altında olan dövlətin müharibə çağırışları təbiidir və bu çağırışları Ermənistandan başqa kimsə anormal qarşılamır”. E.Şahinoğlu Rusiya XİN təmsilçisinin açıqlamasına da toxundu: “Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu ayın sonuna qədər münaqişə tərəflərinin onlayn müzakirələr aparacağını istisna etməyib. Zaxarova deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri daima təmasdadırlar və onlayn rejimdə müzakirə aparırlar. Onun sözlərinə görə, postkoronavirus dövründə üz-üzə görüşlər həyata keçiriləcək. Bu açıqlamada yeni heç nə yoxdur. Əgər illərdir üz-üzə görüşlər nəticə verməyibsə, onlayn müzakirələrdən nə gözləmək olar? Danışıqlar keçmiş illərdə nəticə vermədiyi kimi onlayn rejimdə keçirilən müzakirələrdə də irəliləyiş yoxdur. Zaxarova münaqişənin həllinin sürətləndirilməsi vacibliyi barədə bir kəlmə də deməyib. Onun növbətçi sözlərinin isə əhəmiyyəti yoxdur”.
Qafar Çaxmaqlı — Vikipediya
Qafar Çaxmaqlı
Ermənişünas alim Qafar Çaxmaqlı isə diqqəti işğalçı ölkədə baş verənlərə yönəldərək dedi ki, Ermənistanda baş verənlər gözlənilən idi: “Hakimiyyəti ələ alanda baş nazir Paşinyan xalqa söz vermişdi ki, ölkədə durumu dəyişdirəcək. Amma vəziyyət get-gedə ağırlaşanda həm iqtisadi, həm də siyasi böhranın yaranması labüd idi. Belə hallarda erməni ”dərin dövləti" vəziyyətdən çıxış yolu kimi birinci şəxsi razılıq yolu ilə istefaya göndərir. Bundan əvvəlki rəhbərləri də belə yola salmışdılar". Politoloq dedi ki, onlar daha çox işğal olunmuş Dağlıq Qarabağla bağlı gəlişmələrin Azərbaycanı xeyrinə dəyişəcəyindən ehtiyat edirlər: “Təsadüfi deyil ki, Paşinyana qarşı səslənən ittihamların içində hətta onun Azərbaycana işləməsi kimi mənasız iddia da var. Demək, Ermənistanda ən böyük söyüş Azərbaycana işləməkdə suçlamaqdır və onu ”türk" adlandırmaqdır". Q.Çaxmaqlı belə bir durumda Qarabağla bağlı irəliləyişlərin olmasını mümkün saymır: “Paşinyan artıq getməlidir. Erməni dövləti yeni bir manevrini edəcək kimi görünür. Paşinyan artıq dirənə bilməz və o. sosial dayaqlarını da itirib. Bir zaman gözləmə mövqeyində olan Tsarukyan kimi şəxslər artıq açıq hücuma keçiblər. Diaspora da Paşinyanın getməsini istəyir. Əsas söz sahibi isə Rusiyadır və Rusiyanın hələ elə bir namizədi olmadığından bu işi zamana buraxacaq”.
İşğalçı ölkənin başının özünə qarışdığı bir məqamda Azərbaycana Avropa İttifaqından dəstək gəlməsi İrəvanda şok yaradıb. Bunun ardınca isə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında Azərbaycan Respublikasının ərazilərini işğal edən təcavüzkar Ermənistan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri barədə geniş və əhatəli məruzə dərc edilib. Əsas müəllifi professor, kral vəkili Malkolm Şou (Böyük Britaniya) olan bu məruzənin ilk müddəası belədir: “Ermənistanın nizami silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun işğal olunmasında bilavasitə iştirak ediblər”. Digər müddəalar da var. Belə görünür ki, Ermənistan sürətlə təklənir. Ancaq bu təklənmənin sonunda işğala son veriləcəyi ağlasığan deyil. Ehtimal ki, ermənilər bu dəfə də Paşinyanı qurban verib zamanı uzatmağa çalışacaqlar...
Elşad Paşasoy
Tarix: 19-06-2020, 08:33




Xəbər lenti