Universitet müəllimləri hələ “sovetdə qalıb”: Mühazirələr, dəftərlər, qiymətlər...

Universitet müəllimləri hələ “sovetdə qalıb”: Mühazirələr, dəftərlər, qiymətlər... “Bəzi ali təhsil müəllimləri pedaqoji fırıldağa əl atır. Belə ki, dərs boyu tələbəyə nəzəriyyə yazdırır. Halbuki bu nəzəriyyə dərsliklərdə yer alır. Əslində mövzunu universitet pedaqoqu çox qısa müddətdə izah etməlidir ki, bundan yayınır. Çünki mövzu ilə bağlı bilgisi yetərli deyil və əzbərçiliyə yol verir”. Bu iddia ilə politoloq Fərhad Mehdiyev çıxış edib. Bir sıra tanınmış pedaqoqlar da hesab edir ki, 90 dəqiqə ərzində tələbələrə nəzəriyyə yazdırmaq düzgün deyil. Bu lüzumsuz işdir və tələbələri yorur.

Doğrudan da bu gün universitet müəllimləri daha çox sovet dönəminin dərsliklərindən yararlanırlar və tələbələrə tədris etdikləri mövzular həmin dərsliklərdən olur. Ali məktəblərdə mövcud olan dərsliklərin əksəriyyəti müasirləşən dünyamızın, günümüzün tələblərinə cavab vermir. Latın qrafikası ilə çap olunmuş dərsliklərin əksəriyyəti isə tərcümədir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, ciddi məna qüsurlarına da tez-tez rast gəlinir. Bəzi fənlər üzrə isə ümumiyyətlə, dərslik yoxdur. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu məsələyə toxunulub. Ali təhsil üzrə dərsliklərin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac olduğu əsas problemlərdən biri kimi qeyd olunub. Ümumiyyətlə, müasir dövrün tələblərinə uyğun dərsliklər yazılmır. Bununla yanaşı müəllimlər də müasir tələblərə aid olan bilgi axtarışında deyillər və işlərinin asan olması üçün əllərinə düşən ədəbiyyatların nəzəriyyəsini tələbələrə yazılı şəkildə aşılayırlar. Bu isə Baloniya təhsil sisteminə ziddir. Müəllimlər 30-40 il bundan qabaq yazılan dərsliklərdən əl çəkə bilmirlər. Dünyanın inkişaf etmiş ölkələrində tələbələr hər il yeni dərsliklərlə tədris ilinə başlayırlar.

Universitet müəllimləri hələ “sovetdə qalıb”: Mühazirələr, dəftərlər, qiymətlər...

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbə təhsil alır: “Onların 70 faizdən çoxu ödənişli əsaslarla təhsil alır və pul ödəyir ki, keyfiyyətli təhsil alsın. Amma reallıq ondan ibarətdir ki, insanlar keyfiyyətli təhsil almaq üçün yox, ancaq kağız parçası olan diplom almaq üçün təhsil haqqı ödəyirlər. Problem ondadır ki, bizim 50- dən çox universitetdə çalışan 16 mindən çox müəllimin müasir tələblərə cavab verəni olduqca azdır. Azərbaycan 26 ildir müstəqillik əldə etsə də, bizim universitetlər hələ də sovetlər dönəmində qalıblar və tədris materialları, idarəetmə XX əsrin 80 - ci illərində olduğu kimi qalıb. Təəssüf ki, bu gün Azərbaycan universitetləri Avropa ali təhsil məkanına ancaq kağız üzərində inteqrasiya edir. Ali məktəblərdə kifayət qədər akademik, professor, elmlər doktoru, elmlər namizədi çalışsa da bizim alimlər, elm adamları dünya təhsil sistemində ciddi qəbul edilmir”.

“Balonya sistemində mühazirə yazdırmaq yoxdur”

Ekspert qeyd edib ki, Azərbaycan universitetləri 2000 - ci illərdən tam şəkildə Baloniya sisteminə keçid etməsinə baxmayaraq müəllimlər öz kitablarını tələbələrə məcburi şəkildə satır, ondan sonra isə həmin o kitabdan mühazirə oxuyurlar: “Baloniya sisteminin tələblərinə görə müəllimin dediyi mühazirənin elektron formatı olur və tələbələr ondan istifadə edirlər. Ümumiyyətlə isə Baloniya sistemində mühazirə yazdırmaq, qayıb kimi məsələlər müzakirə olunmur”.

Alçina Amilqızı
Tarix: 21-10-2017, 21:04




Xəbər lenti