Biləcəridəki təzə massivin köhnə dərdləri: “Yollar palçıq içərisində, çirkab suları isə...” - REPORTAJ, FOTOLAR

 

“Yollarımız palçıqlı, çala-çuxurlu, bərbad vəziyyətdədir, kanalizasiya problemindən boğaza yığılmışıq, çirkab suları həyətlərin quyularına axır, avtobuslarımız da gec-gec işləyir, 15 dəqiqə uzaqlıqda yerləşən “Azadlıq prospekti” metrosuna marşrut xətti yoxdur, olan da yarım saatdan bir gəlir. Yəni, buranın dərd-səri saymaqla qurtarmaz”.

Bu sözləri bizimlə söhbətində paytaxtın Biləcəri qəsəbəsinin yeni yaşayış massivinin sakinləri söylədilər. 

Onların sözlərinə görə, Biləcərinin bu ərazisi problemlər girdabında boğulur. Sakinlər deyirlər ki, metrodan çox uzaq olmayan yaşayış massivi sanki ucqar bir əyaləti xatırladır: “Yollarımız pis gündədir. Özünüz də görürsünüz ki, palçıq, kələ-kötür, acınacaqlı şəraitdir. Bir az yağış düşən kimi yollarımız lap pis günə qalır. Nə getmək olur, nə gəlmək, gərək qaloşla gəzəsən...” 

Sakinlər Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xahiş edirlər ki, yeni yaşayış massivinin yol probleminə diqqət yetirsinlər: “Camaat əziyyət çəkir, məktəblilər dərsə gedib-gələndə üstü-başı palçıq olur. Biz çox xahiş edirik ki, gəlib yollarımızı düzəltsinlər”.  

Yaşayış massivinin əhalisini narahat edən əsas problemlərdən biri də kanalizasiya ilə bağlıdır. Onların dediyinə görə, bu məsələ qəsəbənin arxa məhəllələrində yaşayanların kabusuna çevrilib: “Təsəvvür edib ki, orada çirkab suları həyətlərdə qazılan quyulara axıdılır. Bu, xəstəlik, epidemiya mənbəyi deməkdir. İnsanlar o quyulardan istifadə edirlər. “Azərsu” ASC-dən xahiş edirik ki, ərazi üzrə nümayəndələrini göndərsinlər, problemin qarşısı alınsın. Elə bil, bu qəsəbə hamının yadından çıxıb”.

Sakinlər marşrut problemindən də şikayətləndilər. Onlar bildirdilər ki, 117 nömrəli müntəzəm marşrut xətti mövcuddur: “Ancaq onun istiqaməti əhalinin az istifadə etdiyi Avtovağzal və “Sədərək” bazarıdır. Biz 15 dəqiqəlik məsafədə yerləşən “Azadlıq prospekti” metrosuna kimi işləyən marşrut xəttinin açılmasını istəyirik. Doğrudur, hələlik 202 nömrəli xətt var. Onun da köhnə, dağılıb-tökülən 3-4 avtobusu işləyir. Bu da kifayət eləmir. Çünki interval çoxdur, gec-gec gəlirlər, sürücülərin istəyindən asılı olan qrafikləri var. Bizə normal işləyən marşrut lazımdır”. /Musavat.com/


шаблоны для dle 11.2
Tarix: 12-01-2020, 14:57




Xəbər lenti