Təhsilin ağlar qoyduğumuz anasını öldürdük!? - Aqil Bəkir yazır


Məsələyə iki baxış sərgiləmək mümkündür. Birinci baxış ondan ibarətdir ki, bəli, yeni qayda qəbul ediləndir. Çünki bakalavrlar 4 il müddətində ixtisas fənlərindən imtahan veriblər və onların ümumi göstəriciləri diplomlarında qeyd edilib. Belə olan təqdirdə magistraturaya qəbul imtahanında yenidən ixtisas fənlərindən imtahan götürməyə nə lüzum var?
Bu, o demək idi ki, qardaş, mən sənin götürdüyün imtahana və sənin nəticələrinə inanmıram və buna görə də bakalavrı yenidən imtahana tuturam ki, dəqiqləşdirim görüm, 4 il ərzində başına döndüyüm bu tələbə nə qazanıb? İxtisasından bir şey bilirmi? Qısa olaraq, təhsillə bağlı iki qurum arasındakı uçuruma tələbələr itələnirdilər.
Məsələnin ikinci tərəfi də var. Yaxşı, qərar qəbul edildi və biz də alqışladıq. Birincisi, ona görə alqışladıq ki, bakalavrın DİM-in imtahanına girmək üçün ikinci mərhələdə ödəyəcəyi vəsait cibində qalacaq. Təbii, əgər birinci mərhələ üçün nəzərdə tutulan imtahanda iştirak haqqını artırmasalar.
İkinci isə… yox, ikinci dəfə alqışlamadıq. Alqışlanası ikinci bir tərəfi yoxdur axı.
Düşüncə pərvazlarından ikincisinə qonmamışdan qabaq bir az əvvələ qayıtmaq istəyirəm.
Kurikuluma.
Azərbaycan təhsilini dünya təhsil sisteminə uyğunlaşdırmaq üçün atılmış bu addım müşahidələrimizcə, boşa çıxdı. Torpaq deyə üstünə basdığımız ayağımız bataqlığa batdı. Yəni əvvəlcədən bu təhsil proqramı üçün nə bir hazırlıq görüldü, nə də bir şey. Müəllimlərə bir neçə aylıq kurs – vəssalam, şüt də tamam.
Ancaq başa düşmədilər ki, əgər məktəbdə müasir təlim metodlarına əsaslanan proqram həyata keçiriləcəksə, buna məktəbdən yox, pedaqoji təhsil verən ali məktəblərdən, fakültələrdən başlamaq lazımdır. Etmədilər. Buna görə də indi yeni proqram ancaq kağız üzərindədir. Praktikada isə dədə-baba qaydası.
Bunu ona görə xatırlatdım ki, yenə eyni cümlələrlə qarşılaşdıq açıqlamalarda, qərarlarda: “Beynəlxalq təcrübədə olduğu kimi…”
Bəs bir deyən olmadı, durun ağalar, axı bizdə hansı beynəlxalq təcrübədə olan şeylər azərbaycansayağılaşdırılıb pis günə salınmayıb?
Niyə? – Çünki sistem yoxdur, beyin mərkəzləri yoxdur. Yoxdur.
DİM deyir ki, ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir. Nəyi pisdir? “O”su pisdir ki, univeristetlərdə rüşvət problemi var, pul verib qiymət yazdıranlar və yazanlar var.
Bir sözlə, “qiymət almaq” problemi hələ də durur. Belə olanda da heç kəs başını cəllad kötüyünə uzatmayacaq. Axı hər şey şəffafdır.
Bu qərarla gün-gündən səviyyəsi düşən təhsildə sürət həddi artırıldı.
Sürət nə qədər çox olarsa, qəza zamanı oradan sağ qurtulmaq da bir o qədər müşkül olur. Möcüzə? Təəssüf ki, burada möcüzə deyilən bir şey mümkün deyil.
Hər halda, ümid edək ki, bütün bunlar düşünülmüş addımlardır və hansısa qurumun cibini doldurmağa xidmət etmir. Ümid edək.
Tarix: 15-01-2020, 09:12




Xəbər lenti