Ədalət Partiyası Cəmil Həsənlinin qızının özəl həyatı ilə bağlı videoya münasibət bildirdi: “Açıq təxribatdır”


 
Qarabağ üzərində böyük geopolitik savaşın bitmədiyi, əksinə, daha gərgin mərhələyə keçdiyi və belə həssas situasiyada da ölkəmizin içində milli və siyasi həmrəyliyin son dərəcə vacib olduğu bir vaxtda Milli Şura sədri, professor Cəmil Həsənlinin qızı ilə bağlı sosial şəbəkələrdə kütləvi şəkildə yayılmış məlum video siyasi münasibətləri daha da gərginləşdirməyə, qarşıdurmaya və aşkar düşmənçiliyə çevirməyə hesablanmış təxribatdır.
 
Ovqat.com xəbər verir ki, Ədalət partiyasının yaydığı bəyanatda belə deyilir.
 
Video-görüntünü şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulması kimi qiymətləndirən partiya siyasi mübarizəni qeyri-hüquqi müstəviyə endirilməsini qınayaraq bildirir:
 
 
“Siyasi mübarizənin və münasibətlərin süni və məqsədli şəkildə bu müstəviyə - qeyri-əxlaqi və qeyri-hüquqi yollara dartılmasını Ədalət Partiyası adından qətiyyətlə pisləməklə yanaşı, bu sayaq addımların 44 günlük Qarabağ savaşında birləşmiş cəmiyyətimizi yenidən parçalamaq, əvvəlki məcraya qaytarmaq, yaxın gələcəkdə ölkəmizin içərisində fitnə, nifaq salmaq və qarışıqlıq yaratmaq məqsədiylə edildiyi qənaətindəyik.
 
Ümid edirik ki, aidiyyəti dövlət qurumları, bir tərəfdən, məsələnin ağır siyasi nəticələr doğura biləcəyi risk və təhlükəsini, o biri tərəfdən də xaricdən bütün şübhə və ehtimalların Azərbaycan dövlətinin üzərinə yönləndirildiyi təşəbbüs və cəhdlərini nəzərə alaraq, çevik davranacaq və kimliyindən asılı olmayaraq, bu çəkilişi həyata keçirmiş və yaymış şəxslərin tapılıb ictimaiyyətə təqdim edilməsini və cəzalandırılmasını təmin edəcək.
 
Unutmamalıyıq ki, bir dövlət üçün ən böyük təhlükə öz dövlətindən qisas almağa hazır narazı vətəndaşların “yetişdirilməsi"dir və ötən illərin acı təcrübəsinə istinad edərək, Milli Şura sədri, professor Cəmil Həsənlinin qızı ilə bağlı baş vermiş hadisədə də təşkilatçıların növbəti dəfə məhz bu motivlə davrana biləcəkləri ehtimalı mütləq diqqətdə saxlanılmalıdır.
 
Hesab edirik, hadisədə hakimiyyətin əlinin olmadığını göstərmək üçün hakim YAP üzvləri və digər hakimiyyət tərəfdarları da sosial şəbəkələrdə bu olaya sevinmək və onu tirajlamaq yolu tutmamalı, əksinə, xarici ölkələrdə istirahətə üstünlük verən məmurlarımızla və övladlarıyla bağlı da bu sayaq kadrların yayılmasına zəmin yaradıldığını nəzərə alaraq, şəxsi həyatın toxunulmazlığı prinsipinin pozulmasına yönəlmiş belə davranışlara qarşı indidən sərt ictimai etirazı dəstəkləməlidirlər”.



Tarix: 29-03-2021, 23:47




Xəbər lenti