Azad insan üçün dövlət bir vasitədir



Xəqani Cəfərli
ABŞ-ın 35-ci prezidenti Con Kennedi andiçmə mərasimində çıxışı zamanı Amerika cəmiyyətinə səslənərək məşhur çağrışını etdi: “Ölkənizin sizin üçün nə edə biləcəyini soruşmayın; ölkəniz üçün nə edə biləcəyinizi soruşun”. Mərhum Con Kennedinin bu sözləri bütün dünyaya yayılaraq hakimiyyətlərin, xüsusi ilə də avtoritar və totalitar rejimlərin cəmiyyəti toparlayıcı şüar olaraq istifadə etdiyi ifadəyə çevrildi.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Milton Fridman özünün məşhur “Kapitalizm və Azadlıq” əsərinin girişində Con Kennedinin bu fikirini tənqid edərək yazırdı:”Bu ifadənin hər iki hissəsi azad insanın öz taleyinə cavabdeh olması düşünəsinin əleyhinədir və vətəndaşla dövlət arasında münasibətləri doğru ifadə etmir. Ölkəniz sizin üçün nə edib fikiri insanın dövlətin mərhəmət və iltifatından asılı olması qənaətini aşılayır. Ölkəniz üçün siz nə edə bilərsiniz düşüncəsi isə dövlətin tanrı və ya ağa, vətəndaşın isə qulluqçu, xidmətçi olduğu qənaətini yaradır”.
Milton Fridman yazır ki, azad insan üçün ölkə qurucu fərdlərin toplusu olmalıdır.”Azad insan üçün dövlət kor-koranə ibadət edilməli olan tanrı və ya ağa deyil. Azad insan üçün dövlət bir vasitədir”.
Bu düstürdan kənara çıxıldıqda sizin aqibətiniz ancaq totalitarizm və ya avtoritarizm olacaqdır. Bu isə azadlığınızı əlinizdən alır. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük fikir adamlarından biri, dahi mütəffəkir Mirzə Fətəli Axundzadə yazırdı: “Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz”.
İnternet əsrinin geridə qaldığı, rəqəmsallaşma əsrinin başladığı bir dövrdə yalnız vətəndaşları azad insanlar olan ölkələr inkişaf edəcəkdir. Azadlığın olmadığı bir ölkə inkişaf edə bilməz. Ölkənin modernləşləşməsi hələ onun inkişaf etməsi demək deyil.
Tarix: 2-05-2021, 10:53




Xəbər lenti