"Onun açıqlaması, sözün düzü, xoşuma gəlmədi, 10 milyonu 4 aya saymaq nədi, bir gecədə alırsınız və sayırsınız"


“İcra başçılarında 10 milyon yox, bir milyard da var, buna heç şübhəniz də olmasın. Bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, kim nə qədər pul qazandı-qazandı, nə qopardı-qopardı”
 
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev Qaradağın icra başçısı Süleyman Mikaylovla bağlı yayılan qalmaqallı hadisədən danışıb:
 
“Süleyman müəllimin açıqlamasını oxudum, amma baxırsan ki, ciddi arqumentlərlə cavab verə bilmir. Mən inanmıram ki, belə bir hadisə baş versin, çünki Süleymanı yaxından tanıyıram. Onda özündən razılıq, eqoistlik var. İcra başçılarında 10 milyon yox, bir milyard da var, buna heç şübhəniz də olmasın. Bu gün ölkədə elə bir vəziyyət yaranıb ki, kim nə qədər pul qazandı-qazandı, nə qopardı-qopardı. Bu dövlətdən kim nə qədər oğurlayırsa, qəhrəmana çevrilir. Ona görə düşünürəm ki, bunlar xırda məsələlərdi, 10 milyon onlar üçün xırda məbləğdi. Özünüz də gördünüz ki, Alimpaşa Məmmədov tutulandan sonra ortaya hansı sərvətləri çıxdı. Bu gün hansı məmuru qaldırsan, altından milyardlarla pul çıxacaq. Milli Məclisdə deputatlar da buna etiraz etməyə başlayıb. Qənirə xanım Paşayeva da ciddi arqumentlərlə çıxış etdi. Bu gün ölkə xaosa sürüklənir, Azərbaycanın hakimiyyət orqanları özləri qəsdən Ali Baş Komandanın 44 günlük qələbəsini həzm edə bilmirlər və çalışırlar ki, onu istər-istəməz bütün sahələrdə hədəfə gətirsinlər. 
 
Bu baxımdan Süleyman müəllimin açıqlaması, sözün düzü, xoşuma gəlmədi. Bu deməkdi ki, mənə adam gətirin verin. Yəni sənin bir adamın yoxdurmu bu işləri görsün?! On milyonu 4 aya saymaq nədi, bir gecədə alırsınız və sayırsınız. İcra Hakimiyyətləri ölkədə baş qaxıncına çevrilib. Azərbaycan hakimiyyətində olan məmurların hamısı belədir. Mədəniyyət nazirinə nə oldu ki, dedi babamdan qalan sərvətlərdi. Mirələmov kimi ağsaqqal kişilər katibəsinə sataşır. Yəni bunlar idarəolunmaz bir səviyyəyə gəlib çatıb. Mən bunları beş il öncə demişəm. Bununla bağlı məndə ciddi faktlar var. İcra Hakimiyyətləri özbaşına buraxılıb. Yəni bunlar qorxmurlar və bunu da görünür daxildə olan beşinci kalonun işidir. Yaxud müəyyən dövlətlərin də burda əli ola bilər. Bir sözlə, baş verənlər xoşagələn hal deyil”.

Tarix: 10-06-2021, 12:16




Xəbər lenti