“BU, ATILMIŞ VƏ TƏNHA PUTİN ÜÇÜN FİNAL İDİ...” - “Onun üçün yalnız İmaməli Rahmonla parad qəbul etmək alçaldıcıdır”



Rusiyanın öz yaxın qonşularına və ümumilikdə dünya birliyinə yönəlik xarici siyasətinin hansı acı nəticələr verdiyini mayın 9-da Moskvada təşkil olunan qələbə paradındakı mənzərə bir daha açıq şəkildə ortaya qoydu.
İlbəil daha sönük təsir bağışlayan sözügedən parad bu il bəlkə də indiyə qədər olanlar arasında ən hörmətsiz bir tədbir kimi tarixdə qalacaq. Və bu, heç də dünyanhı bürüyən koronavirus pandemiyası ilə bağlı deyil...
Qələbə paradında bu dəfə Vladimir Putinin Tacikistan Prezidenti İmaməli Rahmondan başqa qonağı yox idi. İkinci Dünya Müharibəsindəki qələbədə hər birinin böyük payı olan keçmiş SSRİ respublikalarının başçılarından Rahmondan başqa heç kim tədbirə qatılmadı. Eynilə də Şərqi Avropa ölkələri və müharibə vaxtı SSRİ-nin müttəfiqləri olmuş digər dövlətlərdən də heç bir lider Moskvaya gəlmədi. Xüsusilə də Qərb dövlətlərinin ona münasibəti və bunun yaratdığı məyusluq Rusiya Prezidentinin davranışlarında, eləcə də paraddakı çıxışında özünü biruzə verdi...
Rusiyadakı yerli politoloqlar da Putinin düşdüyü hazırkı durumun heç də ürəkaçan olmadığını, bəzilərisə hətta acınacaqlı olduğunu bildirirlər. 
Məsələn, təkcə Rusiyada deyil, dünyada tanınmış politoloqlardan biri olan Qleb Povlovski Putinin vəziyyətini belə izah edib: “Ona baxmaq çox acıdır. O, artıq bir növ faciəvi durumdadır.”
Pavlovski Putinin paraddakı çıxışı zamanı işlətdiyi bir fikrə xüsusi diqqət yetirilməli oloduğunu deyib. Belə ki, Putin o qədər də uzun olmayan nitqində “Qələbəyə gedən qəhrəmanlıq və qurbanlarla dolu yolda xalqımız tək olub” deyə bildirib.
Politoloqun fikrincə, bununla Putin bir növ özünün tək, müttəfiqsiz qaldığını etiraf edib. Çünki əvvəlki paradlardakı çıxışlarda mütləq şəkildə həmin müharibədə Rusiyanın və SSRİ-nin qələbəsində danılmaz rolu olan müttəfiq dövlətlər barədə də qeyd olunurdu.

Bu dəfə isə Putin ”tək” sözünü işlədib və bununla da təkləndiyini və alçaldıldığını, həm də küsdüyünü etiraf edib: “Tək o özüdür. O, özünü sonuncu, atılmış, tənha hiss edir. Və əlbəttə ki, onun üçün yalnız İmaməli Rahmonla parad qəbul etmək alçaldıcıdır. O, özünü atılmış, satılmış, düşmənlərlə mühasirəyə alınmış kimi hiss edir. Onun müttəfiqləri yoxdur. Hətta Stalin 1941-ci ilin noyabr paradındakı çıxışında Rusiyanın vətəndaş müharibəsilə bu müharibədəki vəziyyətini fərqləndirərək deyirdi ki, bizim indi müttəfiqlərimiz var. Putininsə müttəfiqləri yoxdur. O, özü haqda danışırdı və bu, veteranlar yox, şəxsən onun özü üçün keçirilən parad idi.”
Pavlovski əlavə edib ki, “bu, Rusiya lideri kimi Putin üçün final idi”.

Rusiya mətbuatında bir çox şərhçilər Putinin İ.Rahmonla birlikdə olmaqdansa, tək parad qəbul etməsini daha məqbul sayırlar. 
Onlar qeyd edirlər ki, heç də müsbət reputasiyaya malik olmayan Tacikistan prezidentinin Moskvaya bu səfəri əslində, paradda iştirak etmək, Putini dəstəkləməkdən daha çox Qırğızıstanla yaranmış münaqişədə Moskvanın dəstəyini qazanmağa hesablanmış addımdır. Təbii ki, bu yanaşmada həqiqət payı yüksəkdir.
Həmçinin, MDB ölkələri, eləcə də digər dövlətlərin başçılarının tədbirə qatılmamasının pandemiya ilə əlaqələndirilməsi də doğru hesab edilə bilməz. Çünki əgər koronavirus əngəl olsaydı, heç Rahmon da Moskvaya getməz və Moskva onu qəbul etməzdi...

Göründüyü kimi, Rusiyada da çoxları Kremlin xüsusilə də yaxın qonşularına qarşı apardığı xarici siyasətin ölkənin təklənməsi, demək olar ki, müttəfiqsiz qalması ilə nəticələndiyini anlayırlar.
Dağlıq Qarabağdakı separatçı tör-töküntülərinə yürüş keçirməsinə şərait yaradılması, eləcə də Qarabağ da daxil olmaqla Rusiyanın MDB məkanındakı digər “qaynar nöqtələr”də fəaliyyətləri müstəqil dövlətlərin və onların əhalisinin Moskvaya mənfi münasibətini müəyyənləşdirən əsas faktor olaraq qalır. 
Bunun Rusiyanın milli maraqlarına nə dərəcədə uyğun olduğunu isə şərh etməyə heç ehtiyac da yoxdur. Və belə görünür ki, bu gedişlə Putinin ətrafında yalnız dəstəklədiyi qondarma separatçı rejimlərin başçıları qalacaq.
Cəlal Məmmədov
“AzPolitika.info”
Tarix: 10-05-2021, 14:16




Xəbər lenti