Örtülü bazar dostluğu pozar və yaxud Xaçmaz rayon İcra hakimiyyətinin başçısı cənab Elnur Rzayev ə AÇIQ MƏKTUB FOTOFAKT



Örtülü bazar dostluğu pozar və yaxud Xaçmaz rayon İcra hakimiyyətinin başçısı cənab   Elnur Rzayev ə AÇIQ MƏKTUB FOTOFAKT
Hörmətli Elnur müəllim! Yəqin ki, Siz başda olmaqla bir çoxları (onların arasında hətta dostlar da olacaq) məni qınayacaq ki, bu məktubu Facebook üzərindən niyə yazıram. Lakin uzun müddət səbr edəndən sonra qərara gəldim ki, münasibətlərin hansı dərəcədə səmimi olması, ümumiyyətlə səmimi olmasını yalnız hər şeyi açıq yazmaqla müəyyənləşdirmək olar. Mən sizə bu müraciəti ilk əvvəl Xaçmazda doğulub boya-başa çatmış sadə vətəndaş, daha sonra isə Xaçmaz şəhər bazarının sahibi olan ailəmiz adından yazıram. Bu yazını oxuyacaq çoxları və siz şəxsən bilirsiz ki, Xaçmaz rayonunun və şəxsən mənim ailəmin 15 il Şəmsəddin Xanbabayev kimi odioz birinin rəhbərliyi altında hansı oyunlar gətirilib. Və təbii olaraq biz, eləcə də bir çoxları (Xanbabayevin əməllərinə şərik olanlar istisna) böyük səbirsizliklə gözləyiridik ki, İlham Əliyev cənablarının sizi vəzifəyə təyin edərkən verdiyi göstərişlərə uyğun olaraq mütləq rayonda yeni dövr başlayacaq. Bu göstərişləri çox qısa şəkildə dəyərli oxuculara, ən əsas da xaçmazlılara xatırlatmaq yerinə düşərdi: vətəndaşların problemlərini YERİNDƏ araşdırmaq, onları mümkünsə yerli resurslar hesabına həll etmək, bu mümkün olmadıqda problemlər barədə yuxarı istansiya orqanları qarşısında məsələ qaldırıb həllinə nail olmaq, korrupsiya və rüşvətxorluğa bulaşmamaq, eləcə də rayonun sosial-iqtisadi problemlərini kompleks həllinə nail olmaq və sair. Siz bura təyin olunanda Xanbabayevin keçmiş “iş” ortaqları batmaqda olan gəmidən qaçan siçovulları xatırladırdı. İçi biz qarışıq sadə vətəndaşlar öz növbəsində bu ürəkdən tikan çıxaran mənzərəni böyük məmnuniyyətlə seyr edir, illərdi rayonun bərbad olunmasında fəal iştirak edənlər üçün bir Qiyamət gününün gəldiyinə sadəlöhvcəsinə inanırdıq. Günlər həftələri, həftələr ayları, aylar da artıq ikinci ili əvəz edir. Və bu gün ortalıqda olan mənzərə məni bu məktubu yazmağa məcbur etdi.
Gəlin lap əvvəldən və təbii ki, özümüzdən başlayaq. Çünki Xanbabayev və çetesi tərəfindən 15 il ərzində ən çox əzilən, tapdalanan, problemlər içində boğulmağa məhkum və məcbur edilən bir ailə olduğumuzu mübaliğəsiz desək yanılmarıq. Və buna görə də sizin pozitiv fəaliyyətinizi ən çox gözləyən biz idik. Zarafat deyil, cənab Prezident tapşırıq verib axı! Təsəvvür edin, oturub səbrlə gözləyirik ki, bir müddət keçəcək, rəhbər bizi çağıracaq, dərdimizi dinləyəcək, sırf sələfinizin iş fəaliyyətimizə qanunsuz müdaxilələri ucbatından illərlə yığılıb qalan problemlərimizə qayğı ilə yanaşar, bəlkə bir köməyi dəyər. Əvəzində nə oldu? Bizə heç bir məlumat verilmədən, axşam radələrində, bazarda gözətçidən başqa heç bir işçinin olmadığı vaxtda aparat işçilərindən ibarət heyət ilə bazara gəldiniz. Bunu şəxsimizə sayqısızlıq kimi dəyərləndirmədən düşündük ki, bu yəqin yeni metoddur. Axı biz görmüşük ki, bir müəssisəyə rayon rəhbərliyi gələndə ən azından o idarənin heç olmasa bir məsul şəxsinə deyirlər ki,rəhbərliyin hansısa sualına cavab verən olsun. Bu gəlişin elə axşamı bizə bu günəcən sizin qeyri-rəsmi köməkçiniz Kərimov Bəhram bizə dedi ki, başçı bazardan narazı qalıb. Kərimov Bəhramın kimliyini və sizin üçün nə önəm daşıdığını siz başda olmaqla bir çoxu bilir və hər kəsə tövsiyyə edərdim ki, bunu kimsə danmağa cəsarət etməsin. Kərimov Bəhram həm də şəxsən bizim aramızda ilk təmas quran və bunu 2020-ci ilin avqustuna qədər yönətən şəxsdir. Burdan Bəhram dayıya salam deyirəm, (ona həmişə belə müraciət edirdim) yaxşı ki varmış, mənim də həyat təcrübəsi qazanmağıma bir xeyli köməyi dəydi. Bu barədə ətraflı daha sonra.
Beləliklə sizin bu gizli gəlişinizdən sonra fikirləşdik ki, nə qədər Xanbabyevdən qalmalar vəzifə başında və hələ ki, (hətta bu günəcən!) yanınızdadırlar, bizim barədə sizdə mənfi rəy yaratmaq ehtimalı böyükdür, gərək sizin qəbulunuza gəlib şəxsən görüşüb dərdimizi deyək. Necə deyərlər, dağ Məhəmmədə tərəf gələsi deyil ki? Və çox böyük çətinliklə bazarın rəhbəri bacım Gülnara Həbibova qəbulunuza gələ bildi, təxminən 40 dəqiqə çəkən qəbulda başımıza gələnlər (gətirilənlər) barədə sizə ətraflı məlumat verib. (bunları daha sonra mən, 2020-ci ilin may ayının 8-də şəxsən sizinlə görüşən zaman təkrar diqqətinizə çatdırmışam) 2020-ci ilin əvvəlindən bizim üçün elə bir dövr başladı ki, kimin dost, kimin düşmən olduğunu, ( qeyd edim ki, Xanbabayev və çetesindən başqa şəxsi düşmənimiz yoxdur.) yəni bizə zərbənin hardan və kimdən dəyəcəyini müəyyənləşdirmək demək olar ki, qeyri mümkün idi. Bu gün bu münasibətlər çərçivəsində demək olar ki, bizim üçün artıq aydın olmayan heç nə yoxdur. Elə buna görə də bu məktubu AÇIQ yazmaq çox rahatdır.
Beləlilklə 2020-ci ilin yanvar-iyun ayları ərzində Bəhram Kərimov özünün dediynə görə sizin verdiyiniz təlimat və tapşırıqlarla bizimlə dəfələrlə görüşür. Bu görüşlərdə bazarın gələcək inkişafından yəni Xaçmaz bazarının sökülərək yenidən tikilməsi və hətta genişlənməsi(!) barədə sizin fikirlərinizi, bəzi “təklif”lərinizi bizə çatdırır. Öz növbəmizdə bildiririk ki, bizim bazarı nə abadlaşdırmaq, nə də yenidən tikmək fikrimiz yoxdur və daha doğrusu buna ehtiyac yoxdur. Ümumiyyətlə biz bazarı satmaq istəyirik. İyul ayının əvvəlində Kərimov Bəhram mənə zəng edərək deyir ki, mülki mübahisədə olduğumuz “Azəri qardaşları”nın (ət bazarı) direktoru sizin yanınızda olub, ona kömək etməyinizi sizdən xahiş edib. Xahiş bundan ibarət idi ki, ərazimizi zəbt etdiklərinə görə ət bazarının bizim bazara açılan qapıları tərəfimizdən hörülüb , həmin qapılar yenidən açılsın. Kərimov Bəhram da sizin göstərişinizi mənə çatdırdı ki, ya o qapıları xoşluqla söksünlər, ya da hörmətsizcəsinə zorla sökəcəklər. Mən buna çox sərt reaksiya verdim, dedim ki, bu bizim ailə üçün prinsipial məsələdir. O hasar sökülməyəcək. Səhərisi günü Köhnə Xaçmaz Bələdiyyəsinin sədri Акиф Мамедов bazarın direktoru Gülnarə Həbibovaya zəng edərək eyni tələbi söyləyir. Və analoji cavabı alır. Elə həmin gün axşam özünüzlə Gəncədən gətirdiyiniz dörd nəfərdən biri - Xaçmaz KMTB-nin müdiri Kamil Quliyevin işçisi bazara gələrək mühafizə polisinə deyir ki, icra hakimiyyətindən gəlmişik, qapını açın, bazara gələn qarpız maşınlarını saymalıyıq. Təbii ki, mühafizə o şəxsi içəri buraxmır. Bunu Bəhram Kərimova deyirəm, o isə öz növbəsində Kamilə zəng vurur, aydın olur ki, guya yanlışlıq olub. Bütün bu baş verənlər artıq bizə olan münasibətin nə dərəcədə səmimi olması barədə bizdə aydın təsəvvür yaradır. Bu baş verənlərin fonunda məni yanınıza dəvət edirsiniz, sağ olun ki, mənə iş təklifi edirsiniz. Bu təklifinizə təşəkkürümü bildirərək nəzakətlə imtina edirəm. Özünüz də çox gözəl bilirdiniz ki, bu mənim tərəfimdən qəbul edilməsi mümkün olmayan bir təklifdir. Üstündən ay yarım keçəndən sonra təkrar dəvət edib daha bir iş təklifi etdiniz. Açıq şəklidə bildirdim ki, mən Şəmsəddin Xanbabayevlə birlikdə illər ərzində əvvəla ailəmin əzilməsində böyük canfəşanlıq göstərən, rayonun çapılıb talanmasında, əli sələfinizin rüşvət, korrupsiya və digər vəzifə cinayətlərinə bulaşmış zatsızlarla bir yerdə işləyə bilmərəm. Bəli, deyə bilərsiniz ki, bəs niyə əvvəl icra hakimiyyətinə işləməyə razılıq vermişdin? Açıq bəyan edirəm, Elnur müəllim: Sizə inanmışdım! Həm də imanına, dininə inandıqlarım başınıza and içirdilər axı. Yadınıza gəlirsə sizinlə ilk görüşdə mənə Xaçmazda görəcəyiniz işlər barədə bir fotoalbom göstərdiniz. (sonralar bildim ki, elə gələnlərin hamısı o alboma baxıb) Sizə dedim ki, buradakı işlərin 30 faizini həyata keçirə bilsəniz , özüm daxil camaat sizi əl üstündə gəzdirər. Qeyri-rəsmi köməkçiniz olan Kərimov Bəhram da sizin adınızdan mənə demişdi ki, Elnur müəllimə Xanbabyevin dönəmində icra hakimiyyətində baş vermiş qanunsuzluqları üzə çıxarmaq üçün inandığı kadr lazımdır, ona kömək edərsənmi? Mənim cavabım nə ola bilərdi ki? Axı elə siz də, məni tanıyanlar da çox gözəl bilirlər ki, Xanbabayevlə mübarizə mənim şəxsi şərəf məsələm olmaqla bir xaçmazlı kimi borcumdur. Bilirəm, biriləri çıxacaq deyəcək ki, (100 faiz deyəcək!) başçı Fuada vəzifə verməyib, ona görə danışır. Cavabım qısadır: Bilənlər bilir ki, mən 1999-2000-ci ildə Xaçmaz RİH-də keçmiş İctimai-siyasi şöbənin müdiri işləmişəm (cəmi 22 yaşım var idi). Elə o vaxtkı ağlım və düşüncəm kifayət elədi ki, nə qədər ki, məndə nazimağayevləşmə prosesi başlamayıb, üzü sulu çıxıb gedim. Üstündən 20 il keçib, yəni vəzifə sevdalısı olsaydım, indi Allah eləməmiş, bəlkə də sizin yerinizdə bəlkə də mən idim. Neyləmək olar? Hərənin alnına bir qismət yazılmaqla həm də hərə öz yolunu seçir.
Elnur müəllim, bilirəm, bir az uzun alındı, lakin düşündüm ki, aramızda olan münasibətləri ən azından ətraflı anlatmasam çoxları yanlış anlaya bilər. Bu yazını da Ramazan gecəsində yazmamım mənim üçün bir ayrı anlamı var.
İndi gələk bu yazını yazmaqdan başqa məndə ayrı çarə buraxmayan əsas səbəbin üzərinə. Yazının əvvəlində dediyim kimi, möhtərəm prezident İlham Əliyev cənablarının sizə verdiyi tapşırıq və göstərişlərindən dolayı sizdən gözləntilərimiz çox idi və bəlkə hələ də var. Sözün düzü sonuncu dəfə keçən ilin avqust ayında sizinlə görüşdən sonra ailəliklə qərar verdik ki, bundan sonra sizinlə “əzrayılın verdiyi uşaq lazım deyil, mənimkinə dəyməsin” prinsipi ilə münasibət saxlamaqdan yaxşı yol yoxdur. Hətta bazarın fəaliyyəti ilə bağlı bu günəcən gördüyünüz yeganə işinizin - bazara girişin 20 yanavar küçəsindən (əsas giriş də elə ordandır) qadağan edən işarə qoydurmaq olması belə bizi narahat etmədi. Baxmayaraq ki, elə onda hamı deyirdi ki, o işarə köhnə avtovağzalın girişində, Şəmsəddin Xanbabayevə məxsus olan obyektdə fəaliyyət göstərən “Şimal Mall”-un sifarişi ilə qoyulub. 2020-ci ilin iyul ayının 5-dən avqustun 15-nədək, noyabrın 5-dən 2021-ci ilin yanvarın 25 dək Xaçmazdakı sərt karantin rejimində bazarın sənaye və təsərrüfat malları satılan hissəsini tam bağlayıb böyük supermarketlərin zirzəmisində geyim mallarının şıdırğı alverinə, Xaçmazdakı təsərrüfat mağazalarının arxa qapıdan işləməsinə göz yumulmasına bir təhər dözdük. Maraqlıdır ki, elə həmin marketlərin kassalarının yanında poz verib şəkil çəkdirirdiniz ki, bu ticarət obyektlərində karantin qaydalarına ciddi riayət olunur. Sonra bu şəkillər Xaçmaz rayon icra hakimiyyətinin facebook səhifəsində yayımlanırdı. Camaat da bizdən soruşurdu ki, bəs Elnur müəllim nə əcəb elə şəkil çəkdirdiyi kassanın yanından aşağı düşüb zirzəmini görmür? Susurduq. Fikirləşirdik ki, axı bu supermarketlərin sahibləri sizin təbirinzcə desək, “təşəbbüs”ləri ilə rayonda məktəb tikdirən, bağça təmir edən, yol çəkdirən adamlardır, yəqin belə məsləhətdir. Və ən əsası, bizim və sahibi olduğumuz bazarda ticarətlə məşğul olan sadə vətəndaşların sizdən bazarla bağlı haqlı olaraq gözlədiyimiz, Şəmsəddin Xanbabayevin göstərişi ilə quraşdırılan, əsas məqsədi bazarın normal fəaliyyətinə maneçilik törətmək, alıcı satıcıların , avtomobillərin bazar istiqamətində hərəkətini iflic vəziyyətinə salmaq olan qanunsuz piştaxtaların nə zaman söküləcəyi ilə bağlı narahatlıq idi. Şəxsən mənə iki dəfə demisiniz ki, ora təmizlənəcək. Hətta keçən ilin sentyabr ayında şəhərin keçmiş icra nümayəndəsi qanunsuz piştaxta sahiblərinə konkret vaxt da vermişdi. O piştaxtalar təkcə bazarın deyil, eyni zamanda 20 yanvar küçəsində ayrı-ayrı vətəndaşlara məxsus mağazaların da normal fəaliyyətinə imkan vermir. Sizin tərəfinizdən verilən vədin 7-ci ayında, cari ilin fevral ayının 26-da bazarın girişinə qoyulmuş “giriş qadağandır” işarəsinin götürülməsi və 20 yanvar küçəsində qanunsuz quraşdırılmış piştaxtaların sökülməsi xahişi ilə sizə müraciət ünvanladıq . Üstündən bir aydan artıq müddət keçməsinə baxmayaraq məktuba cavab verməyi belə lüzum görmədiniz. Necə ki, bundan əvvəl bir dəfə başqa bir məsələ ilə müraciət etmişdik, heç ona da cavab verməmişdiniz. Lakin, aprelin 1-də mənim facebookda yazdığım bir rəylə bağlı köməkçiniz Turan Məmmədzadə mənə zəng vurdu. Geniş söhbət zamanı müraciətin aqibətini soruşdum, cavabında mütləq araşdırılıb cavab veriləcəyini bildirdi. İki gün sonra “giriş qadağandır” işarəsi götürüldü. Zəng edib təşəkkürümü bildirdim və soruşdum ki, bəs piştaxtalar nə vaxt götürüləcək? Köməkçiniz bildirdi ki, şəxsən siz əraziyə gələcəksiniz, daha sonra qərar veriləcək. Cavabında hətta bildirdim ki, hörmətli başçı əraziyə gələndə lütf edib bizi də dəvət edin, problemi əsaslı şəkildə izah edək, bəlkə həllinə yardımımız toxunar. Biz və camaat ümidlə sizin gəlişinizi gözləməkdə ikən həşəmətli müavininiz Bəxtiyar Osmanovun imzası ilə sizə ünvanladığımız məktuba cavab gəldi. Məktubda Osmanov cənabları diqqətimizə çatdırırdı ki, hal-hazırda bazarın giriş hissəsində heç bir qadağanedici işarə yoxdur. Bununla demək istəyir(siz) ki, işarə ilə istək haqsızdır artıq. O ki, qaldı piştaxtalara, onlar Xaçmaz Bələdiyyəsi ilə ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilə əsasında fəaliyyət göstərir! Yəni, bizlik deyil, o bələdiyyə, o da siz.
Elnur müəllim, bəlkə də bizim müraciətə Bəxtiyar Osmanovun imzası ilə cavab verməklə bizə və oradakı camaata subliminal mesaj vermisiniz. Ya demək istəmisiniz ki, bələdiyyələrə təyinatlar (məhz təyinat!) Osmanovun kassirliyini etdiyi Şəmsəddin Xanbabayevin vaxtında olub, sizə aidiyyatı yoxdur, ya da kimsə sizə izah edib ki, bazar ətrafını Bəxtiyardan yaxşı tanıyan yoxdu, vaxtilə elə həmin piştaxtaların yerində onunda “toçka”sı var idi, perojkidən, dondurmadan satıb pul qazanırdı, qoy cavabı da özü versin. Bu versiyalara inanardıq sözün düzü, bir neçə əmma olmasaydı.
Əvvəla indi kimin yanında desələr ki, hansısa bələdiyyə icra hakimiyyətinin icazəsi olmada hansısa fəaliyyət göstərə bilər, necə deyərlər bişmiş toyuğu belə gülmək tutar. İkincisi, konkret olaraq adı çəkilən küçədəki biabırçı vəziyyəti aradan qaldırmaq üçün sizin Xaçmaz şəhəri üzrə İƏV üzrə nümayəndəniz bir neçə dəfə əraziyə gəlib piştaxtaların söküləcəyini deyəndə Xaçmaz Bələdiyyəsinin nümayəndəsinin cınqırı belə çıxmırdı. İndi necə olur ki hər şey bələdiyyənin üzərinə atılır? Xaçmazda müxtəlif mağazaların küçəyə çertyojdankənar salınmış pillələrini sökülməsi bələdiyyənin göstərişi ilə olub yoxsa RİH-nin? Və yaxud şəhərin müxtəlif yerlərində ticarət obyektlərinin üzərini sahibkarlara zorla alkopanla üzlətdirmək ( kvadrat metri 35-50 manat civarında) Xaçmaz MKTB-nin keçmiş rəisi Kamil Quliyevin ideyası idi yoxsa bələdiyyənin? Bu tipli suallar onlarladır. Demək olar ki, cavablarını mən və bir çox xaçmazlılar çox yaxşı bilirik. Qısası, sözümün canı odur ki, cidanı çuvalda gizlətmək olmur axı? Yaxşı, indi haqlı olaraq bizdə, bizi tanıyanlarda böyük bir sual əmələ gəlir: Şəmsəddin Xanbabayevin bazar oyununu bildik, bu oyuna görə başımıza nə oyunlar gətirildiyini gördük, bəs indi nə oldu? Bax artıq bu sualın qarşısında cavab verməyə aciz qalıram. Əslində bu sualın da cavabını bilirəm, sadəcə açıb-ağartmağa özümün abır-həyam imkan vermir. Və hələlik bir çox məsələlər var ki, onları açıqlamağın vaxtı və yeri deyil. Bu yaxınlarda bir dostumuzu, Yaşar Aliyev (daha əvvəllər də jurnalist Cemil Memmedli ni) yanınıza dəvət etmisiniz, səmimi, mehriban söhbət eləmisiniz, nəticədə o da gəlib mənə deyir ki, sən nə danışırsan, Elnur müəllim sənə də, ailənə də çox böyük hörməti var. Elnur müəllim deyir ki, o küçədəki biabırçılığı yığışdırmaq Fuad dediyi kimi rahat deyil, camaatın çörəyinə bais olmaq istəmirəm. İnanın ki, az qaldı kövrəlim. Öz-özümə dedim ki, ey qafil, rəhbər o vətəndaşlara mərhəmətindən onlara qıymır. Bəs yaxşı, o piştaxtaların yaratdığı xaos, antisanitariya, yanğın təhlükəsi üzündən nəinki ticarət edib evinə çörək pulu aparmaq, heç işinə düz əməlli gəlib çıxa bilməyən 200-300 ailəni düşünürsüz? Küçə ticarətinə icazə verirsinizsə, (Nazirlər Kabinetinin müvafiq qərarı ilə 20 ilə yaxındır ki, qadağan olunub) onda həmin vətəndaşlara icazə verin, gəlib mallarını elə icra hakimiyyətinin qarşısındakı parkda satsınlar. Şəhərin mərkəzi yeridir. Hardan qaynaqlanır bizə olan bu «xüsusi» münasibət? Xaçmazda mərkəzi küçə sayılan 20 yanvar küçəsinin vəzyyəti niyə elə bərbad olmalıdır? Camaat arasında “bazar küçəsi” adlandığına görə? Biz neyləyək, rəhbərliyi dövründə Xaçmazın bir çox küçəsini asfalt elətdirən, sırf bizə qarşı apardığı əzlaqsız düşmənçiliyi səbəbindən 20 yanvar və M.Hüseynzadə küçələrini yarımşıq saxlatdıran Şəmsəddin Xanbabayevdən şübhələnək? Bu da dam örtüyü uçan çoxmənzilli bina deyil ki, 80 min manat külək üçüran damın yenidən vurulması xərcini Xanbabayevə ödətdirsinlər? Vallah, billah, bu biabırçılığın aradan qaldırılması sizin bircə göstərişinizə, və ən əsası istəyinizə bağlıdır. Nə borcu var, nə xərci. Bütün günü sizi tərifləyənlərə də ehtiyac olmayacaq ki, desinlər ki, il yarımdır rayona bir qəpik də pul ayrılmır.
Onsuz da uzun alındı, qoy onda elə bunu da yazım, çünki bu halımıza sarkazmla yanaşmaqdan başqa ağlıma heç nə gəlmir. Halımızdan hali olan bir dostumuz bu yazdıqlarımı söylədikdə başını bulayıb bu lətifəni danışdı mənə. Deməli, bir nəfər meşədə azır, nə qədər eləyir yolu tapa bilmir, başlayır var gücüylə “kömək edin, kömək edin!” deyə bağırmağa. Birdən çiyninə arxadan bir əl toxunur. Çevrilib görür ki, yekə bir ayı durub arxasında. Ayı bundan soruşur ki, nə bağırırsan? Adam cavab verir ki, azmışam, köməyə çağırıram. Ayı da qayıdasan ki, sən çağırdın, mən gəldim, indi yaxşı oldu?
Əziz Elnur müəllim! Sözlərim, yazdıqlarım çox acı olmaqla bərabər yalnız həqiqətləri ehtiva etdiyindən, xahiş edirəm inciməyəsiniz. Bunları yazmağa sadəcə və sadəcə məcbur oldum. Çünki, biz təkcə özümüzün və ailəmizin hüquqlarından deyil, həm də sahibi olduğumuz müəssiədəki yüzlərlə insanın rifah halından, eyni zamanda dövlətimizin sahibkarlaq qarşısında qoyduğu vəzifə və öhdəliklərdən məsuluq. Ona görə də xahiş edirəm ki, Xaçmaz şəhər bazarının girişinin məqsədyönlü şəkildə bağlanmasına səbəb olan, antisanitar və yanğın təhlükəsizliyi qaydalarına zidd, 20 yanvar küçəsində, PİYADA VƏ AVTOMOBİL YOLUNUN HƏRƏKƏT HİSSƏSİNDƏ qanunsuz quraşdırılmış piştaxtaların sökülməsi, həmin piştaxtalara görə məcburiyyət qarşısında küçənin ortasında qiraşdırılmış elektrik dirəklərinin uyğun yerə köçürülməsi, 20 yanvar və M.Hüseynzadə küçəsində piyadalar və avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün kompleks tədbirlər görəsiniz.
Sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhtərəm Prezident İlham Əliyev cənablarının qarşınıza qoyduğu vəzifələrin icrasında uğurlar arzulayıram. Hörmətlə Fuad Həbibov.

Teref.az
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!











Tarix: 11-05-2021, 00:02




Xəbər lenti