“Bakı susmağa davam edərsə, ermənilər addım-addım irəliləyəcəklər”


“Bakı susmağa davam edərsə, ermənilər addım-addım irəliləyəcəklər”
Ərəstun Oruclu: “Azərbaycan Rusiya sülhməramlılarından Laçın dəhlizini bağlamağı tələb etməlidir”
 
Bazar günü Nikol Paşinyan, deyəsən, özü də fərq etmədən, bir-biri ilə kəskin təzad yaradan iki açıqlama verdi. “Azadlıq Radiosu”nun xəbərinə görə, Baş nazir Armavir bölgəsinə səfəri zamanı deyib ki, “Bu yeni vəziyyətdə Ermənistana yeni yollar, yeni kommunikasiyalar açmağı qarşımıza məqsəd qoymalıyıq”.
 
Bu gün ölkənin bütün iqtisadiyyatının Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən keçən və günlərlə bağlı qala biləcəyi bir yola ümid etdiyini qeyd edən Paşinyan, məsələn, bu anda nəzarət-buraxılış məntəqəsində yüzlərlə avtomobilin keçid üçün növbədə olduğunu söyləyib. O, dəmir yolunun əhəmiyyətindən də danışıb, bu vəziyyətdə müəyyən qərarların verilməsinin lazım olacağını qeyd edib.
 
“Çünki bilirsiniz ki, xüsusilə İran və Rusiyaya gedən dəmir yollarımız Azərbaycandan keçir. Burada başa düşməliyik ki, ola bilməz ki, onların ərazilərindən keçəcəyimiz bir yol alaq, amma onlar bizim ərazimizdən keçərək, yol almasınlar. Bölgəyə baxışımızı dəyişdirməliyik. Bəli, deyirlər və bilirik ki, bu bölgədə düşmənlərimiz var, amma sonunda bildirək ki, başqalarını düşmən hesab etdiyimizə qədər, eyni dərəcədə düşmən hesab olunuruq, başqalarını da nə qədər düşmən hesab ediriksə, daha çox düşmən hesab olunuruq”, - deyə Baş nazir vurğulayıb.
 
Ancaq Paşinyan həmin gün Armavir bölgəsinin Araqats kəndinin sakinlərinə müraciət edərək, mahiyyətcə başqa sözlər deyib: “Bu gün cavab verməli olduğumuz ilk sual - qəhrəmanlarımızın nə uğrunda öldüyünü bilməyimizdir. Demək istərdim ki, onların sayəsində Artsax bu gün yaralansa da, hələ də ayaqdadır. Ermənistanı və Artsaxı yeni bir şəkildə qurmaq istəyimiz və bacarığımız qəhrəmanların xatirəsinə ən yaxşı hörmət olacaq”.
 
Görəsən, Paşinyan nədən danışır? “Artsax”ın yenidən qurulması nə deməkdir? Bir çıxışı o biri ilə necə uzlaşır? O, həqiqətən rəsmi İrəvanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasına nail olmadan, Bakının erməni mallarının ərazilərindən müxtəlif istiqamətlərdə, yollar və dəmir yolları boyunca keçməsinə razı olacağını inanırmı? Yoxsa bəzi şərtlər daxilində bu, Azərbaycan üçün mümkündürmü?
 
Mövzunu AYNA-ya tanınmış politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu şərh edib:
 
“Düşünürəm ki, bir səfər zamanı Paşinyanın iki çıxışında belə bir ziddiyyət ilk növbədə daxili siyasi səbəblərlə bağlıdır. Ancaq səbəb yalnız bu deyil. Çıxışlarından biri daha çox kompromis istəyinin göstəricisidir. Bu, İrəvanın bölgədəki əməkdaşlıq, münasibətlərin daha da sülh yolu ilə nizamlanması və s. üçün xoş niyyət hissini yaratmaq üçün hazırlanıb. İkincisi tamamilə fərqli səslənir. Bunun səbəbi nədir?
ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:
Paşinyanın müxalifləri revanşizmə meylli, militarist ritorikasına üstünlük verir. Baş nazir bu mübarizədə onlara təslim olmaq istəmir - axı o, erkən parlament seçkilərinə gedəcək. Yəni bu, bir növ populizmdir. Ancaq ikiüzlü populizm.
 
Daha ciddi səbəblər də var. Bu, müharibədən sonrakı dövrdə Azərbaycanın mövqeyidir. Çox təəssüf ki, bu gün masada yalnız 10 noyabr tarixli Üçtərəfli Bəyanat var. Bu, tam hüquqi bir sənəd də deyil. Ortada Ermənistanın prinsip etibarilə Azərbaycanın suverenliyini tanımasını gösətərən heç bir şey, heç bir razılaşma, anlaşma protokolu yoxdur.
 
Ermənistanın Baş naziri açıq şəkildə “Artsax”ın dirçəlişi barədə danışdısa və bir-iki gün əvvəl Qarabağda infrastrukturun inkişafı və mənzil tikintisinə 208 milyon dollar ayırdısa, əslində Azərbaycanın suverenliyini tanımır. Bu, o deməkdir ki, onlar bu torpaqlarımızı öz payları hesab edirlər, əks halda oraya maliyyə ayırmazdılar. Və böyük təəssüflə qeyd edirəm ki, Bakının elə bir mövqeyi var ki, sanki Azərbaycan bununla barışıb.
 
Eyni zamanda, Bakı Ermənistan və Qarabağ üçün mümkün olan hər şeyi edir. Ermənistana ərazimizdən Rusiya qazı, Qarabağa elektrik enerjimiz gedir. Torpaqlarımızda Qarabağın erməni icması üçün malların çatdırılması da mövcuddur. Əlbəttə bu, Paşinyana ilham verir. Təbii ki, o, artıq Rusiyanın dediyi ilə oturub-durur. Onların ziddiyyətləri var idi, ancaq müharibədən sonra Nikol tamamilə Moskvanın xidmətinə keçdi.
 
Düşünürəm ki, belə şəraitdə Azərbaycan rəhbərliyi və şəxsən Prezident çox sərt tədbirlər görməlidir - Ermənistan heç olmasa, kommunikasiyaları açmaq öhdəliklərini sənədləşdirənə qədər, heç olmasa, Dağlıq Qarabağın erməni icmasının statusunu müzakirə edəcəyini bildirənə qədər orada onlara bir güzəşt edilməməlidir.
 
Bu, sərtlik deyil, populizm deyil - bunlar lazım olan qaydalardır. Təəssüf ki, Azərbaycan bu qaydaları pozur. Azərbaycan bəzən bu mənada Ermənistandan daha zəif görünür. Təbii ki, bu, həm Paşinyana, həm də revanşistlərə və separatçılara ilham verir. Yəni mənim fikrimcə, Azərbaycan indi Ermənistan və Qarabağa qarşı son dərəcə səhv siyasət yürüdür.
 
Əks təqdirdə, bu revanşizm, Azərbaycana edilən “hücum” davam edəcək. Üstəlik, bu hücüm və təzyiqlər yalnız Rusiya tərəfindən deyil, eyni zamanda natamam separatçı liderlər, onların “hökuməti”, “parlamenti” tərəfindən də davam edəcək. Və bu proses o qədər aydındır ki, Azərbaycan rəhbərliyinin davranışı sadəcə mənə çatmır - nə başa düşə bilərəm, nə də arqumentləşdirə bilərəm.
 
Və nəhayət, əgər erməni tərəfi bu şəkildə davranmağa davam edərsə, düşünürəm ki, Azərbaycan İrəvanla bütün münasibətlərə son qoyacağı barədə bir bəyanat verməli olacaq, Rusiya sülhməramlılarından Ermənistanın Qarabağla bağlı öhdəliklər imzalayana və Azərbaycanın ərazi bütövlüyünü tanıyana qədər Laçın dəhlizini bağlamasını tələb etməlidir. Bu edilməzsə, ermənilər addım-addım irəliləyəcəklər”.
Tarix: 31-03-2021, 08:49




Xəbər lenti