RUSİYA QARABAĞDA HƏRBİ ŞƏHƏRCİKLƏR QURUR - "Əlavə azı 4 min nəfərlik heyət yerləşdiriləcək..."



Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.

"AzPolitika.info" “Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. 

O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.

Hərbi ekspert Ədalət Verdiyev hadisəni "AzPolitika.info"-ya şərh edərkən bildirib ki, şəhərciklər Xankəndində, Getavanda, Qarakənddə, Xaçmaçda, Xocavənddə və Əsgəranda salınıb. Yaxın gələcəkdə bu cür şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Çiləbürt, Qarıkaha ərazisində qurulacaq.

Onun sözlərinə görə, şəhərciklərin sayının çox olması ərazidə humanitar fəaliyyətlə məşğul olan minatəmizləyənlərin, inşaat şirkətlərinin və səhiyyə xidmətlərin göstərən heyətlərin yerləşdirilməsi ilə bağlıdır.

"Şəhərciklərin sayı onu deməyə əsas verir ki, Qarabağ ərazisində Rusiya 1960 nəfər sülhməramlıdan başqa ən azı 4 min nəfəri də humanitar fəaliyyət adı altında yerləşdirib. Rusiya da daxil olmaqla heç bir ölkə, xüsusən qlobal lider olduğunu iddia edən nüvə dövləti öz sərhədlərindən kənarda fəaliyyət göstərən hərbi heyətinin çadırlarda yaşamasına razı ola bilməz",- deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən bir isə şəhərciklərin Şuşa və Laçın ərazilərində inşa edilməsidir.
"Düşünürəm ki, Laçın və Xankəındi yolu inşa edildikdən sonra bu şəhərciklər həmin ərazilərdən köçürüləcək",-deyə ekspert qeyd edib.
Tarix: 31-03-2021, 15:22




Xəbər lenti