Əməliyyatlar başlaya bilər: “Qarabağda erməni terrorçuları var” – Şərtlər pozulur!



Məlum olduğu kimi, dünən Moksvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov və erməni həmkarı Ara Ayvazyan arasında ikitərəfli görüşlər keçirilib. Kremlin onsuz da problemlərinin başından aşdığı, bir tərəfdən ABŞ-la mübarizə apardığı, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünü təmin etməsi uğrunda hərəkətlənməsinin qarşısını aldığı bir vaxtda belə bir görüş onun üçün nə qədər prioritetdir?
Üstəgəl, Qarabağ məsələsinin çoxdan həllini tapdığını nəzərə almalıyıq…Görünür, Moskva rəhbərliyi bunu sözdə desə də, əməldə razılaşmır. Odur ki, necə deyərlər, “saman altından su yeritməyə” çalışır…

Politoloq Natiq Miri dünənki dialoqlar barədə “Sherg.az”a danışdı. O, “aysberqin görünməyən tərəflərini” açıqladı: 

“Sözügedən görüşlər Rusiyanın geosiyasi maraqları ilə bağlıdır. Belə ki, rəsmi Moskva Qarabağa nəzarəti öz üzərinə götürmək istəyir. Bildiyiniz kimi, atəşkəs haqqında açıqlamalar verilsə də, hərbi əməliyyatlar hər an başlaya bilər.

Çünki 10 noyabr bəyannaməsinin IV maddəsinə zidd olaraq torpaqlarımızda hələ də erməni terrorçuları var. Onların sayı az deyil. Təxminən on mindir. Belə olan halda Rusiya hər vəchlə atəşkəsin qorunmasına çalışmaqla yanaşı, eyni zamanda dediyim kimi, kontrolu öz əlində saxlamaq istəyir”.

N.Miri, həmçinin digər məqamlara  toxundu:

“Bu, ictimaiyyətə açıqlanmasa da, Azərbaycanın tələbləri tərəflər arasında ciddi müzakirə mövzusudur. İkinci bir tərəfdən, yeni kommunikasiya xətlərinin açılması barədə fikir mübadilələri aparılır. Əlbəttə, bu, Rusiyanın maraqları çərçivəsindədir. Çünki beləliklə, Ermənistana birbaşa dəmiryolu xətti açılacaq. Nəticədə Moskvanın İrəvana təsir imkanları da artacaq”.
Tarix: 2-04-2021, 16:12




Xəbər lenti