Hər il vergi və rüsumlar artacaq – İqtisadçı

Hər il vergi və rüsumlar artacaq – İqtisadçı

Ciddi müzakirələr, islahatlar, işlək qərarlar, kiçik-orta sahibkarlara dəstək olacaq vergi-gömrük endirimləri olmasa, gələn ildən başlayaraq hər il, bir daha qeyd edirəm, hər il, ölkədə vergilər, rüsumlar, cərimələr artacaq.
Tribuna-nın məlumatına görə, bu fikirlərlə iqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli çıxış edib. O bildirib ki, azalan büdcə gəlirlərini vətəndaşlardan təmin ediləcək vəsaitlə qapadılmağa çalışacaqlar:
“Bunun üzərinə mütləq artacaq kommunal qiymətlərini, nəqliyyat xərclərini də gəlin – o zaman vətəndaş üçün daha ağır günlərin olacağını indidən demək olar.
Vergi-rüsum-cərimə dövlətin tək səlahiyyəti deyil, həm də məsuliyyətidir. Ola bilməz ki, dövlət bu səlahiyyətini tam gücü ilə işə salsın, amma, yaranan məsuliyyəti, hesabatlılığı, vətəndaşa xidməti gözardı etsin – bu sonda mütləq “ictimai sazişin” pozulmasına gətirib çıxarır.
Hökumət bir ciddi səhv edir, elə bilir ki, vergi-rüsum-cərimə ancaq büdcəni doldurmaq üçün lazımdır – səhvdir, büdcə insanlara xidmət üçün toplanılır və xərclənilir. İstənilən ölkədə vətəndaşın vergi-rüsum-cərimə yükü azalanda, mütləq və mütləq onun xərci artır. Xərcləri artanda (daha çox ərzaq, paltar, ev əşyası, maşın, mənzil alır və s.) bu iqtisadiyyata daha çox xeyir verir, yeni iş yerləri yaranır, dövriyyə artır, ÜDM yüksəlir, rifah halı yaxşılaşır. Vətəndaşdan daha çox vergi-rüsum-cərimə alanda nə baş verir – bəli, o məcburən xərclərini azaldır, daha az istehlak edir, nəticədə iqtisadi aktivlik daralır, ÜDM azalır”.
İqtisadçı əlavə edib ki, iqtisadiyyat daraldıqca hökumətlər panikaya düşüb yenidən vergi-rüsum-cərimələri artırır, beləliklə də, ÜDM-in azalmasına, iqtisadi aktivliyin daha da zəifləməsinə səbəb olur:
“Son 20 ildə Avropa Birliyinin əksər ölkələri bu səhv yolla getdilər, indi iqtisadi dalana dirəniblər. İstehlakın azadılmasını böyük uğur, əsas hədəf kimi götürən “sol-qlobalist” və ağılsız nəzəriyyələr ölkələrə ziyan vurdu, vurmaqda da davam edir.
Etməyin, sizə iqtisadiyyatın əlifbasını yazdım, diqqətlə oxuyun, bu yanlış, iqtisadi aktivliyi məhv edən yoldan geri dönün, sonra, yəni “ictimai saziş” pozulanda anlasanız gec ola bilər, indidən 3 addım önünüzü görməyi bacarın”.
Tarix: Bu gün, 12:22
Xəbəri paylaş





Xəbər lenti