Azərbaycanda inflyasiya statistikası: Rəqəmlər realdır?


Azərbaycanda inflyasiya statistikası: Rəqəmlər realdır?

Dövlət Statistika Komitəsinin illk və aylıq inflyasiya göstəriciləri açıqlanıb.

Göstəricilərə görə, noyabr ayında illik inflyasiyanın səviyyəsi oktyabr ayına nisbətən aşağı olub, aylıq inflyasiya səviyyəsi isə artıb. Məlumata görə, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb. Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Noyabr ayı ərzində düyünün, unun, qoyun ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və qarğıdalı yağlarının, bananın, armudun, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, soğanın, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, göyərtinin, çuğundurun, yerkökünün, sarımsağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından geyimin, ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, fotoaparatların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında oktyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ictimai iaşə və stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, ölkə daxilində istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadçı ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, rəsmi göstəricilərin reallığı əks etdirmədiyi haqda illərdir müzakirələr aparılır: “Amma təəssüf ki, Azərbaycanda alternativ statistik hesablama mərkəzləri yoxdur deyə biz ancaq rəsmi statistik rəqəmlərə istinad etməli oluruq. Məsələn, Türkiyədə inflyasiyanı azı 4 qurum hesablayır. Dövlət statistika idarəsi, iş adamları birliyi, istehlakçılar birliyi və həmkarlar təşkilatının hesabladığı rəqəmlərdən ümumi nəticəyə gəlinir. Azərbaycanda tək rəsmi statistik məlumatlar var. Onların da hesablama qaydaları, indikatorları tamamilə fərqlidir. İnflyasiya səbətinə daxil olan istehlak məhsullarının, xidmətlərin indikatorlara daxil olan həcmi kifayət qədər aşağı səviyyədədir, beynəlxalq standartlara cavab vermir. Hesablama metodologiyasında problemlər olduğu üçün qiymətlərin ən aşağı həddi götürüldüyü üçün bizdə qiymət artımı, inflyasiya ilə bağlı rəqəmlər çox zaman realllığı əks etdirmir”.

İqtisadçı deyir ki, indikatorlara daxil olan ərzaq məhsulunu ucuz qiymətə yarmarkadan da, daha baha qiymətə supermarketdən də almaq mümkündür: “Normal olaraq, ortalama qiymət götürülməlidirsə, bizdə təəssüf ki, ən aşağı qiymətlər götürülür. Bu da doğru yanaşma deyil. Ona görə də əhali arasında ən azı gündəlik bazarlıq edən və vizual formada rəqəmləri görən insanlara rəsmi göstəricilər inandırıcı görünmür. Doğrudan da hər iki-üç həftədən bir qiymətlərdə oynaqlıq hiss olunur. Xüsusən də ərzaq məhsullarında və xidmətlərdə oynaqlıq hiss olunur ki, bu da inflyasiyanın daha yüksək həddə olduğunun işarəsidir”.

Natiq Cəfərli deyir ki, noyabr ayında hələ rəsmi rəqəmlərə görə, inflyasiya göstərici 0,6 faiz olubsa, dekabr ayında bu, daha da artacaq: “Çünki Yeni il qabağı yerli kənd təsərrüfatı məhsulların xaricdən gətirilən məhsullarla əvəzlənməsi ənənəvi olaraq dekabr ayında qiymətlərin daha da artmasına səbəb olur. Çox güman ki, bu dekabr ayı da istisna olmayacaq. Dekabr ayında hələ rəsmi rəqəmlərə görə, inflyasiyanın daha  da yüksələcəyini görəcəyik”.

İqtisadçı deyir ki, rəsmi inflyasiya göstəriciləri ilə reallıq arasında bəzən 2-3 dəfə fərq olur. (Cebhe.info)


Tarix: 12-12-2018, 23:13
Xəbəri paylaş





Xəbər lenti