Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,2 dollar və yaxud 0,27 faiz artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,78 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülüb. Ekspertlər neft qiymətlərini kəskin düşə biləcəyini proqnozlaşdırırlar. Buna görə də büdcədə neftin qiymətinin 60 dollardan götürülməsi riskli hesab olunurdu. Lakin Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəndən sonra neftin qiyməti 60-65 dollar ətrafında dəyişdi. Hazırda neft ixrac edən bəzi dövlətlərə sanksiyalar tətbiq olunub, bəzilərində müharibə gedir. Bu proseslər fonunda bu il üçün neftdən büdcəyə daxil olan gəlirlərin kifayət qədər çox olacağını demək mümkündür. Bundan əlavə, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı. Mövcud neft qiymətləri fonunda büdcəyə 13 dollardan artıq əlavə vəsait daxil olur. Bu isə yenidən büdcəyə baxılması məsələsini aktuallaşdırır.
Neft məsəlləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın dövlət büdcəsində neftin 60 dollar götürülməsi Dövlət Neft Fondunun, beynəlxalq şirkətlərin və dünyada neftə olan tələbatla bağlı proqnozlar əsasında qəbul olunub: “Bazar iştirakçıları güman edirlər ki, 2019-cu ilin sonuna qədər neftin qiyməti 60-65 dollar civarında olacaq. Neftin kəskin bahalaşması heç də bazarlar üçün yaxşı hal deyil. Çünki istənilən bir hadisə neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb ola bilər. Qiymət formalaşmasında geosiyasi və fundamental faktorlar əsas rol oynayır. Neftin qiymətini daim təhdid altına alan qərarlardan biri də yanlış siyasi qərarların verilməsidir.
May ayında İranın neft satışına tətbiq olunan 180 günlük güzəşt limiti başa çatır. Eyni zamanda may ayında ABŞ-da sutkalıq neft hasilatı 80 min bareldən yuxarı olacaq. Yəni, ABŞ-ın şist neft yataqlarında sutkalıq neft hasilatı 8.2 milyon bareli keçəcək. Belə olan təqdirdə qiymətlərdə dalğalanmalar müşahidə olunacaq. Bazardakı dalğalanmanı aradan qaldırmaq üçün OPEC üzvləri və Vyana sazişinin OPEC kənar digər iştirakçıları həm hasilat, həm də ixrac həcmlərinə çox ciddi nəzarət etməlidirlər. Təbii ki, neftin qiymətinin indiki səviyyədə olması ixracatçı dövlətlər üçün məqbul variantdır. Çünki ixracatçı dövlətlərin əksəriyyətinin büdcəsi neft ixracından əldə olunan gəlirlər əsasında formalaşır, o cümlədən Azərbaycanın. Neftin qiyməti 70-74 dollar olanda Azərbaycan Dövlət Neft Fonduna neft satışından daxil olan vəsaitlərin həcmi bir qədər də artır.
Neftin qiyməti 100 dollardan yuxarı olan dövrlərdə 2014-cü ilə kimi Dövlət Neft Fonduna ortalama 16-17 milyard dollar vəsait daxil olmuşdu. Hazırda neft daxilolmalarının həcmi 7 milyard 500 milyon dollar civarındadır. Təbii ki, neftin qiyməti yuxarı qalxarsa, Azərbaycan həm büdcə kəsirindən azad olar, həm də kifayət qədər vəsaitlər əldə edər. Həmçinin qiymət artımı digər büdcə öhdəliklərinin yerinə yetirilməsində Azərbaycan hökumətinə dəstəkdir”.
Ekspert ilin sonuna qədər yüngül neftə olan tələbatın daha da artacağını deyib: “İndi vəziyyət bir qədər dəyişib. 2020-ci ildən başlayaraq Beynəlxalq Dəniz Təşkilatı (BDT) bütün dünya sularında üzən gəmilərdə istifadə olunan bunker yanacağında kükürdün miqdarının 0.5 faiz olmasını tələb edir. Bu isə yüngül neftə olan tələbatı artırır və hesab edirəm ki, ilin sonuna qədər bu tələbat bir qədər də artacaq. Eyni zamanda ilin sonun qədər dünyanın bütün bazarlarında Azərbaycan, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı və Brent markalı az kükürdlü neftə tələbat artacaq”.
Zəfər Vəliyevin qənaətincə, 2018-ci ildə neftin qiymətinin kəskin ucuzlaşmasının səbəbi yanlış siyasi qərarlar olub: “Əgər ötən il doğru-dürüst siyasi qərarlar qəbul edilsəydi, Vyana sazişinin iştirakçısı olan dövlətlər bazarı normal təhlil etsəydilər, noyabr ayından neftin qiyməti kəskin aşağı düşməzdi. Ötən il neftin kəskin düşməsinin səbəbi ABŞ-ın İrana noyabrın 5-də tətbiq etdiyi ikinci sanksiya paketi idi. Həmin sanksiya paketi İran Neft Ticarət Şirkətini, Milli Tanker Şirkətini, İranın Milli Bankını və eləcə də digər kommersiya banklarını əhatə edirdi.
Bunun qarşılığında OPEC və OPEC kənar dövlətlər bazarın düzgün dəyərləndirməli idilər. Mart ayında ABŞ elan etdi ki, İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada imtina edəcəklər və İrana ikinci sanksiya paketini tətbiq edəcəklər. Bunun qarşılığında bazar uğrunda kəskin mübarizə başladı. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya durmadan hasilatı artırdı. Nəticədə İrana tətbiq olunan sanksiyalardan sonra neftin qiyməti kəskin ucuzlaşdı. Adətən, ilin sonunda dünyanın bütün ticarət meydanlarında neftə olan tələbat aşağı düşür. Bu, sadə bir aksiomadır. Amma bunu nə Rusiya, nə Səudiyyə, nə də BƏƏ-i dəyərləndirə bildilər. İranın müştəri bazarlarını əldə etmək üçün hasilatı və ixracatı durmadan artırdılar. Nəticədə bazara tələbatdan artıq sərbəst fiziki həcmlər çıxdı. Bunun da nəticəsi olaraq neftin qiyməti aşağı düşdü”./Cebhe.info/